1 Noyabr 2019 18:25
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Radikal müxalifətin növbəti qanunsuz aksiyasını təxirə salması hər şeydən öncə onun elektoratının olmaması və bu cür radikal addımların Azərbaycan xalqı tərəfindən dəstəklənməməsi ilə izah edilməlidir. Oktyabrın 19-da baş tutan radikal hərəkətlər və onun dəstəklənməməsi bir daha sübut etdi ki, Azərbaycan xalqı öz inkişafının növbəti mərhələsinin təxibatlar nəticəsində xaosa çevrilməsini istəmir və radikal müxalifətin apardığı təbliğatı qəbul etmir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, bu hərəkətlər ölkədə sabitliyi pozmağa, Azərbaycan xalqının rifahına, ölkənin inkişafına qarşı yönəlib:

“Ona görə də əlbəttə, dəstəklənməyən mitinq keçirilə, üstəlik qeyri-qanuni şəkildə baş tuta bilməz. Mən düşünürəm ki, əslində müxalifətin bunu bildiyi üçün belə bir qərar verməsi onun iflası kimi qəbul edilməlidir və radikallar üçün növbəti dəfə dərs olmalıdır ki, Azərbaycan xalqı ölkədə dəyişikliyi də, inkişafı da, islahatları da yalnız təkamül yolu ilə qəbul edir. Radikalizmə yer yoxdur”.

H.Babaoğlunun sözlərinə görə, bir daha hər kəsə bəlli oldu ki, radikal müxalifət Azərbaycanın maraqlarına qarşı olan ayrı-ayrı mərkəzlərdən gələn direktivlərlə hərəkət edir:

“Şübhəsiz ki, Azərbaycan xalqı öz iradəsinin üstündə iradə görmək istəmir. Ona görə də radikallar baş düşdülər ki, növbəti dəfə qeyri-qanuni mitinqə cəhd etsələr, ümumiyyətlə bəlli olacaq ki, onları dəstəkləyən elektorat yoxdur. Əgər oktyabrın 19-da aksiyaya bir neçə yüz insan çıxmışdısa bu dəfə onların sayı bir neçə onluqla məhdudlaşa bilərdi ki, məhz radikal qruplar da bundan yayınmaq üçün növbəti radikal addımları təxirə saldılar. Bundan sonra da onlar ümumiyyətlə Azərbaycan xalqının iradəsi və qanunla hesablaşmalıdırlar, hesablaşmağa borcludurlar”.

Qeyd edək ki, radikal müxalifət noyabrın 2-nə təyin edilmiş qanunsuz aksiyanı keçirməkdən imtina etməklə bağlı qərar qəbul edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər