Azərbaycan ədəbiyyatının nəhəng şəxsiyyətlərindən sayılan, böyük maarifçi Hüseyn Cavid “Sürüklənən bəşəriyyət qadınla yüksələcək” çağırışıyla yüz il əvvəl müsəlman Şərqinin ilk parlamentli respublikasında qadın azadlığı uğrunda fəal mübarizəyə başlayanda, heç kim ağlına da gətirməzdi ki, gün yetişəcək, bu Şərq ölkəsi İslam dünyasına başqa bir örnəyi də təqdim edəcək – Qadına dövlət idarəetməsinin ən ali postlarından birini və xüsusi islahat missiyasını həvalə etməklə, daha bir tarixi yeniliyə imza atacaq!
Bəli, kimin nə deməsindən asılı olmayaraq, müstəqil Azərbaycanın yeni siyasi tarixində fundamental reformalar mərhələsinin başlanğıc anı, şübhəsiz ki, 21 fevral 2017-ci il – Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildiyi və beləliklə də, dövlətin ikinci ali postuna gətirildiyi tarix sayılacaq! Çünki demokratik Qərb dünyası üçün bir müsəlman ölkəsində, özü də ali idarəetmədə bəşəri dəyərlərin bayraqdarı ola biləcək potensiala sahib, müasir dünyagörüşlü Qadın iderin varlığına bütün digər hüquqların təmin edilməsində və demokratikləşmə prosesində, bir növ, göydəndüşmə fürsət, əsas başlanğıc olaraq baxılır. Biz bunu indiyədək İslam dünyasının öndə olan iki respublikasında – ilk dəfə Pakistanda baş nazir Benəzir Buhuttonun və sonra da Türkiyədə baş nazir Tansu Çillərin nümunəsində aydın görmüşük: Qərb dünyası hər iki qadının baş nazir gətirilməsinə o ölkələrdə demokratik açılım prosesinə töhfə verəcək ən böyük addım kimi yanaşmışdılar…
Əslində, Şərqlə Qərbin qovuşma və uzlaşma məkanı sayılan, iki nəhəng sivilizasiyanın baş-başa gəldiyi coğrafiyada yerləşən, 30 ildir ərazisi xristian qonşusunun işğalına məruz qalan və bu qonşusu ilə də illərdir beynəlxalq səviyyədə həm də demokratik imic üçün diplomatik savaş aparan müsəlman Azərbaycanda da əhali arasında islahatçı və xeyirxah imicə malik bir Qadının – Mehriban Əliyevanın Birinci vitse-prezident postuna gətirilməsi Pezident İlham Əliyevin xüsusən son 3 ildə ölkədə başlatdığı demokratik açılım və köklü reformalar siyasətinin ən uğurlu gedişlərindəndir…
Təəssüf ki, bu amilin beynəlxalq miqyasda ölkəmizə verə biləcəyi üstünlükləri, şansları dəyərləndirmək əvəzinə, son günlər müəyyən çevrələr müxalif düşərgəni də önə itələməklə, sosial şəbəkələrdə və xaricdən idarə olunan mediada Prezident İlham Əliyevin başlatdığı islahat siyasətini gözdən salmağa və xüsusən də illər boyu arzulanan kadr dəyişikliklərini “Birinci-vitse prezidentin gələcək prezidentliyinin önünü açmağa hesablanmış antidemokratik addım” kimi təqdim edərək, cəmiyyəti ayaqlandırmağa çalışırlar. Dəyişikliklərin əsas mahiyyəti bir kənara atılaraq, əsas vurğunu ona yönəldirlər ki, guya, hakimiyyət içərisində artıq “yeni varis əməliyyatı” başlayıb və hələ qarşıda 6 illik prezidentlik müddəti duran İlham Əliyev qəfildən geri çəkilərək, hakimiyyətini Birinci vitse-prezidentə ötürəcək…
Ancaq bütün əlamətlər göstərir ki, daha çox başlanan kadr və siyasi islahatların hədəfi olacaq və imtiyazlarını itirmək qorxusu yaşayan, xaricdən asılı oliqarxiyanın müxalifətin ən radikal cinahıyla birgə qaldırdığı bu hay-küyün, stəkanda fırtınanın yalnız bir məqsədi var: ölkədə süni ajiotaj, gərginlik yaratmaqla növbəti dəfə Prezident İlham Əliyevin islahat siyasətinə müqavimət göstərmək və onu daha dərin, sistem dəyişikliyinə gətirib çıxaracaq reformalardan çəkindirmək!
Diqqət yetirmisinizsə, 2016-cı ilin 26 sentyabrındakı Konstitusiya dəyişikliklərindən üzübəri hər dəfə Prezident İlham Əliyevin yeni Konstitusiyanın tələblərinə uyğun şəkildə radikal islahatlara, o cümlədən komandasında yenilənməyə əl atacağı fikri yayılan kimi, süni şəkildə xüsusən xaricdə yerləşdirilmiş şəbəkə vasitəsi ilə ictimai rəy yanlış istiqamətlərə yönləndirilib, ona paralel şəkildə də müxalif düşərgə hərəkətə gətirilir. Halbuki 2016-cı ilin Konstitusiya dəyişikliklərinin Azərbaycanda daha çevik idarəetmə mexanizminin qurulmasına və bütün sahələrdə sürətli islahatların aparılmasına imkan verəcək hüquqi bazanın yaradılması məqsədiylə həyata keçirildiyini nəinki yerli, elə nüfuzlu Qərb analitikləri də prosesin dinc məcrada, ağrısız getməsi, sabotajla üzləşməməsi üçün atılan ən yaxşı addım sayırdılar və gerçək səmimi müxalif qüvvə üçün də bu, əslində ciddi şəkildə dəstəklənəsi bir proses idi… Ancaq müxalif düşərgə bunu etmək əvəzinə, ilin əvvəlindən etibarən, daha aktiv təşkilatlanma və kütləvi aksiyalara başlama taktikası seçdi, xaricdən isə “noyabr inqilabı” təyin edildi…
Gerçək inqilabı isə Pezident Əliyev oktyabrda özü başladı – yenə də hamını gözlənilməzliyi ilə qabaqlamaq və 2016-cı ilin 26 sentyabrındakı Konstitusiya dəyişiklikləriylə qurulmuş mexanizmi aktiv işə salmaqla…
Dövlətçilikdə “siyasi varislik” amili: Vitse-prezidentlik institutu niyə yaradılmışdı?
Məlumat üçün bildirək ki, Konstitusiyada yeni təsisat olaraq Vitse-prezidentlik institutunun yaradılmasında əsas məqsəd Prezident hakimiyyətini islahatlar dövründə daha da gücləndirməklə, ölkənin sabitliyinə xələl gətirmədən, hələ mərhum prezident Heydər Əliyevin zamanında müəyyənləşdirilmiş strategiyanın ağrısız həyata keçirilməsini tamamlamaq olub. Bu strategiyanın əsas hədəfi isə belədir: ölkəni iqtisadi, siyasi və hərbi baxımdan güclü dövlətə çevirməklə, Azərbaycanın ərazi bütövlüyünü təmin, Dağlıq Qarabağ üzərində Azərbaycanın dövlət suverenliyini mütləq şəkildə bərpa etmək!
Əlbəttə, bu, qısa, hansısa bəlli zaman çərçivəsində tamamlanacaq strategiya deyil və daha çox əlverişli geopolitik situasiyanın yetişməsindən asılıdır. Bu situasiya yetişənədəksə, sözsüz ki, həm hakimiyyətin qorunub saxlanmasını, həm də dövlətin güclü olmasını təmin etmək lazımdır.
Böyük strateq Heydər Əliyevin qurduğu sistemin mahiyyətini bilənlər yaxşı anlayır ki, o, hakimiyyətdə siyasi varislik xəttinin olmasına yeni müstəqil dövlət quruculuğu prosesinin ən vacib istiqamətlərindən biri kimi yanaşıb. Çünki məhz siyasi varisliyin etibarlı təmini imkan yaradır ki, hansısa maraqlı güclər gözlənilməz, qəfil hakimiyyət dəyişikliyinin təşkili ilə nəzərdə tutulan planların həyata keçməsinin qarşısını ala bilməsinlər (Yaxın tariximiz siyasi varisliyi düzgün təmin edə bilməyən dövlətlərin acı aqibətini göstərən nümunələrlə doludur – E.Ş.).
Xatırlayırsınızsa, Qarabağ ətrafında sülh danışıqlarının ən gərgin bir dövründə – hələ 2002-ci ilin 22 iyununda rəhmətlik Heydər Əliyev qəfildən Konstitusiya dəyişikliklərinə getmək haqda qərar qəbul etmişdi və buna uyğun olaraq elə həmin ilin 24 avqustunda referendum keçirilmişdi. O vaxt Konstitusiyaya edilən dəyişikliklə, Prezident səlahiyyətlərini yerinə yetirə bilmədikdə, bu səlahiyyətlər avtomatik olaraq Milli Məclis sədrinə deyil, Baş nazirə verilirdi…
Qəfil dəyişikliklə Heydər Əliyev ona nail oldu ki, xarici güclərin o vaxtkı Parlamentdə ələ alıb kritik situasiya üçün hazırladıqları əsas fiqurların hamısı gözlənilmədən “offsayd”a salındı və bütün ümidlərini “X günü”nə bağlayanların arzuları dəfn edildi: 2003-cü ilin 4 avqustunda Heydər Əliyev, siyasi kursunu ən etibarlı şəkildə davam etdirəcək adamını – oğlu İlham Əliyevi Baş nazir təyin etməklə və 2003-cü ilin 15 oktyabrındakı prezident seçkilərində də onun lehinə namizədliyini geri götürməklə, Azərbaycanın müstəqil dövlət quruculuğu prosesində siyasi varislik xəttinin qırılmamasını təmin etmiş oldu…
2003-cü ilin 15 oktyabrında Prezident seçilən gənc İlham Əliyev isə təkcə Heydər Əliyevin əvvəlki 10 il ərzində nail olduğu sabitləşmə və dövlət quruculuğu kursunu davam etdirməklə kifayətlənmədi, həm də israrla Azərbaycanı təslimçi sülhə sövq etmək istəyən bütün gücləri Qarabağ danışıqlarında “hər şeyin yenidən və sıfırdan başlamalı olduğuna” inandırmağı bacardı. Bununla da o, xeyli zaman qazanaraq, bütün gücünü Azərbaycanı iqtisadi və hərbi baxımdan dirçəltməyə yönəltdi.
Atasının kursunu davam etdirən gənc Əliyev də Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlı olan güclərə münasibətdə oxşar ssenarini təkrarladı – 2008-ci ildə ikinci dəfə prezident seçkilərində qalib gəldikdən dərhal sonra gözlənilmədən 2009-cu ilin 17 mart referendumuyla 2013-cü ilin prezident seçkilərinə qatılmaq hüququ əldə etdi və 2013-cü ildəki qələbəsiylə xarici güclərin Azərbaycanda hakimiyyət dəyişikliyi və həm də Qarabağla bağlı təslimçi saziş layihəsinin həyata keçməsinin qarşısını aldı…
Qarabağ cəbhəsində 2016-cı ilin 4 günlük “Aprel əməliyyatı” isə Prezident İlham Əliyevə ölkənin bütün zəif və güclü nöqtələrini sınamaq, aşkarlamaq imkanı verməklə yanaşı, həm də onu qətiləşdirdi ki, savaşdakı uğura paralel şəkildə, daxildə də sürətli iqtisadi-siyasi islahatların aparılması yoluyla beynəlxalq imicin gücləndirilməsi qaçılmazdır…
Ona görə də 2016-cı ilin 26 sentyabr referendumuyla yeni təsisat sayılan Birinci vitse-prezidentlik institutunun yaradılmasıyla və 2017-ci ilin 21 fevralında da cəmiyyətdə mərhəmətli, yardımsevər, islahatçı imiciylə xeyli populyar olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı bu vəzifəyə təyin etməklə, Prezident İlham Əliyev, “ehtiyat liman və komanda” qurmaqla, bir tərəfdən, icra hakimiyyətini gücləndirəcək çevik idarəetmə mexanizmi formalaşdırdı, o biri tərəfdən də ölkə iqtisadiyyatında və parlamentində monopolist mövqe sahibləri olan “gizli oliqarxiya”nın kritik situasiyalarda Baş nazirliyə və beləliklə də, hakimiyyətin gələcək birinciliyinə uzanan qollarını kəsmiş oldu. Ardınca da 2018-ci ilin prezident seçkilərini qəfildən bir neçə ay önə – 11 aprelə çəkməklə, xaricdən və daxildən payıza hazırlaşan bütün qüvvələri seytnota salmağı bacardı…
Beləliklə, İlham Əliyev atası Heydər Əliyevin başlatdığı “dövlətin sabit inkişafı üçün hakimiyyətdə varislik” prinsipini yenə də öz nəzarətində saxlamağa nail oldu. Çünki o, hamıdan yaxşı başa düşür ki, Azərbaycanın son 26 illik tarixi birbaşa onun daşıdığı soyadla bağlıdır və onun nəzarətindənkənar istənilən qəfil, növbədənkənar hakimiyyət dəyişikliyi təkcə uzunmüddətli strategiyanın həyata keçirilməsinin qarşısını almaqla yox, həm də bütün neqativləri, uğursuzluqları, həllolunmazları, o cümlədən Qarabağ problemini bu 26 illik hakimiyyətin ayağına yazmaqla nəticələnə bilər…
Kadr dəyişiklikləri: cəmiyyət yeniliyi “köhnə sifətlər”lə yox, “yeni simalar”la qəbul edir
…Bu ilin oktyabrından etibarən, tək Azərbaycan yox, Prezident İlham Əliyev üçün də Heydər Əliyev strategiyasının həyata keçirilməsində yeni dövr, yeni mərhələ başlayıb. Bu dövr İlham Əliyevdən tələb edir ki, bir tərəfdən başladığı islahatları davam etdirsin, onu həqiqi sonluğa çatdırsın, o biri tərəfdən də Cənubi Qafqaz-Mərkəzi Asiya xətti üzrə getdikcə gərginləşən geopolitik situasiyada Azərbaycanı xarici təhdid və təhlükələrdən qorumaqla, ölkənin əsas probleminin – Dağlıq Qarabağ məsələsinin həllində irəliləyişə nail olsun.
Sözsüz ki, dövlətin qarşısında duran hər iki istiqamət gərgin əmək, zəhmət və çeviklik tələb etdiyindən, bu, idarəetmədə yeni və operativ yanaşmaların tətbiqini də zəruri edir.
Son 16 ilin prezidentlik təcrübəsi göstərir ki, İlham Əliyev xarici siyasətdə əvəzedilməzdir – geopolitik ziddiyyətlərdə qətiyyən büdrəmir, hesablamalarında yanılmır; ABŞ, Avropa Birliyi, Rusiya, Çin, İran, Türkiyə, İsrail… kimi ölkəmizdə birbaşa maraqlı olan və ciddi iş aparan dövlətlərlə Azərbaycanın münasibətlərində tarazlığı məharətlə qoruyub saxlayır.
İndi Əliyevə kömək, dəstək ölkə daxilində gərəkdir. Özü də çox ciddi şəkildə! Ona görə də o, hər vasitə ilə islahatlara mane olan, könüllü olaraq geri çəkilmək istəməyən, bir əli xarici güclərin cibində, o biri əli isə qisasçı müxalifətin arxasında olan oliqarxiyanın gizli sabotajı, təxribatıyla üzləşməmək üçün ehtiyatlı şəkildə özünün siyasi-iqtisadi komandasını yeniləyir, dövrün tələblərinə adekvat yeni və daha çevik komanda formalaşdırır. Çünki nə qədər təcrübəli olsalar da, istənilən yeniliyin “köhnə sifətlər”in simasında təqdimatı o yeniliyin müvəffəqiyyətlə sona çatacağına şübhə yaradır və nəticədə, cəmiyyətin islahatlardan gözləntilərinə inamı da xeyli azaldır. Ciddi reformalar yolu keçmiş ölkələrin təcrübəsi də göstərir ki, yalnız yeni simalarla başlanan islahatçı ideyalar cəmiyyət tərəfindən daha ümidlə qarşılanır və kütləvi dəstək qazanır.
Elə bu səbəbdən də Əliyev daha çox son 3 ildə “ehtiyat liman” olaraq qurduğu və əsasən, köhnə sovet nomenklaturasının təmsilçilərindən ibarət çoxillik icra hakimiyyətinə paralel struktur olaraq formalaşdırdığı, cəmiyyətdə əsasən “Birinci vitse-prezidentin komandası” kimi tanınan, qısa zamanda tapşırılan sahələrdəki fəaliyyətləriylə özlərini doğrultmuş, xüsusən də korrupsiyaya bulaşmamış innovativ gənc kadrları, heç kimin gözləmədiyi halda, ən yüksək vəzifələrə təyin edir…
Seçim müxalifətindir: ya zərif əl, ya dəmir yumruq!
Sözsüz ki, Əliyevin sosial-iqtisadi sferada, eləcə də idarəetmə aparatında başladığı islahat siyasətinin uğurla tamamlanmasının son yolu da geniş siyasi reformalardan – bu sırada da siyasi məhbus və siyasi mühacir kimi tanınana şəxslərin bağışlanmasından, nəticələrini bütün müxalif qüvvələrin qəbul edəcəyi legitim, demokratik parlament seçkilərindən keçir.
Ancaq bu reformalar Əliyevin geri çəkildiyi görüntüsü yaratmaması, müxlifətin barışmaz, nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək iddiasında olan qisasçı qanadını və islahatlara mane olacaq “gizli oliqarxiya”nı ayaqlandırmaması üçün, öncə bu meydan “təmizlənməli”, bir növ, yeni, hakimiyyətlə dialoq mühitində fəaliyyət göstərəcək müxalifətin formalaşmasına imkan verilməlidir. Bunun üçünsə ölkədəki mövcud siyasi qütbləşmə aradan qaldırılmalı, barış mühiti yaradılmalı, yeni siyasi münasibətlər sistemi formalaşmalıdır…
Qeyd edək ki, son günlərin hay-küyündə o qədər diqqət yetirilməsə də, əslində yeni siyasi münasibətlərin qurulması istiqamətində də hakimiyyət tərəfindən, konkret desək, Birinci vitse-prezident Mehriban Əliyeva səviyyəsində çox ciddi addımlar atılıb və atılmaqdadır: bu gün meydanda olan bütün müxalif siyasi təşkilatların mənəvi lideri sayılan eks-prezident Əbülfəz Elçibəyin vaxtilə yaşadığı evi yüksək səviyyədə təmir elətdirib ailəsinə təhvil verməklə, bir növ, ikinci dəfə bu düşərgəyə böyük jest edib!
Xatırladaq ki, bundan qabaq da xanım Mehriban Əliyeva uzun illər Əliyevlər xanədanının siyasi düşmənləri olaraq qəbul edilən iki eks-prezidentin – Əbülfəz Elçibəyin və Ayaz Mütəllibovun vəfat etmiş xanımlarının dəfn və mərasim xərclərini də üzərinə götürmüşdü, onun bu nəcib davranışı isə sadə hərəkatçılar, millətçilər və sosial-demokratlar arasında böyük rəğbət yaratmışdır.
Eyni zamanda Birinci vitse-pezidentin bu sayaq davranışlarını nümunə götürərək, Prezident Əliyevin yeni hakimiyyət komandasının iki ən önəmli postunun rəhbərləri – DTX rəisi general Əli Nağıyev və XKX rəisi general Orxan Sultanov başqa bir müxalifət liderinin – “Ədalət” partiyasının sədri İlyas İsmayılovun oğlunun yas mərasiminə qatılmaqla, cəmiyyətdə siyasi barışa hazır olduqlarının növbəti mesajını vermişdilər…
İndi, necə deyərlər, top müxlifət düşərgəsindədir. Görək, onlardan kimsə prezidentin ölkəni uğur və qələbəyə götürəcək islahat siyasətinə dəstək olaraq, Əliyevanın uzatdığı bu zərif əli sıxmağa üstünlük verəcək, yoxsa Əliyevin dəmir yumruğunun altında sıxılıb əzilməyi seçəcəklər?!
Elxan Şükürlü,
“Strateq.az” saytının baş redaktoru