4 Noyabr 2019 18:40
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən qondarma erməni soyqırımı, onun müxtəlif ölkələr tərəfindən tanınması və sair məsələlərlə maraqlanan şəxs kimi uzun illər ərzində çox mənbələrə müraciət etmişəm. Faktiki olaraq onu aşkara çıxarmışam ki, həmin illərdə, məsələn, 1910-12-ci ildən başlayaraq uzun müddət ərzində müəyyən dövlətlər ermənilərə vəd ediblər ki, siz Türkiyə daxilində səsinizi ucaldın, üsyan edin, biz sizə Ermənistan adlı dövlət yaradacağıq. Bu dövlətlər həmin ABŞ, həmin Böyük Britaniya, həmin Fransa, həmin Rusiya və başqalarıdır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədov deyib.

O qeyd edib ki, həmin dövrdə, yəni I Dünya müharibəsi illərində onların ordularının tərkibində ümumi sayı 300 min nəfərə çatan erməni cinayətkar ünsürləri olub:

“Onları silahlandırıb və vəd veriblər. Ancaq Türkiyə dövləti özünün dövlətçiliyini, xalqını qorumaq üçün tədbirlər gördü. Soyqırımlara məruz qalanlar bizlər – Oğuz türkləri – Türkiyə və Azərbaycan türkləri, həmçinin kürdlər oldu. Həmin illərdə ermənilər kürd xalqına qarşı kütləvi soyqırımlar törətdilər. Yəni, qarşıya belə məqsəd qoyulmuşdu; kim erməni deyildisə onlar öldürülməlidir. Beləliklə, gerçək soyqırımı bizlərə qarşı törədildi.

Ancaq sonradan işləri çevirdilər və qondarma erməni soyqırımı olduğunu deməyə başladılar. Bundan sonra nə başladı?! Hansı dövlət Türkiyədən nə isə qoparmaq, nə isə əldə etmək, Türkiyəni nəyəsə məcbur etmək istədisə, Türkiyəni bu qondarma soyqırımını tanımaqla hədələdi. Bu gün ABŞ nəyin qisasını alır? ABŞ son dövrdə Türkiyənin “Barış bulağı” hərəkatı və başqa tədbirlər nəticəsində qazandığı uğurlardan qisas alır.

Baxın, ABŞ və Avropa dövlətləri Türkiyə ilə bir hərbi-siyasi ittifaqdadırlar, ancaq bunlar kimlərlə əməkdaşlıq edir, kimi silahlandırır, kimi təlimatlandır, kimi maliyyələşdirirlər?! Bunlar terror təşkilatları ilə əməkdaşlıq edir, onu silahlandırır, təlimatlandırır və maliyyələşdirirlər. Bax, ABŞ Konqresi Nümayəndələr Palatasının verdiyi qərar da Türkiyədən qisas almaq, Türkiyəni nəyəsə məcbur etmək üçündür”.

E.Məmmədov qeyd edib ki, buna görə də biz qardaş Türkiyə dövlətini tək qoymamalıyıq:

“Azərbaycan öz səsini qaldırıb. Mən hesab edirəm ki, bütün türk və müsəlman dövlətləri bu məsələdə həmrəy olmalıdır. Eyni zamanda Azərbaycanda bu məsələdə iqtidar-müxalifət söhbəti olmamalıdır. Bu fikirlərim Türkiyəyə də aiddir. Çünki Türkiyə daxilində də belə bir problem mövcuddur.

Siyasi baxışlarından, mövqeyindən asılı olmayaraq hamı bu məsələdə həmrəy olmalıdır. Hamı Türkiyəyə edilən bu ədalətsizliyə qarşı çıxmalıdır. Eyni zamanda həmin ABŞ tərəfi bu günlərdə tanınmamış, separatçı, cinayətkar, terrorçu, işğalçı “DQR” adlanan qurumun “xarici işlər naziri” başda olmaqla o qurumun çoxlu sayda sakinlərindən ibarət qrupa Birləşmiş Ştatlara daxil olmaq üçün viza verərək, Konqres üzvlərindən bəzilərinin onları qəbul etməsini, onlarla görüşlər keçirməsini təşkil ediblər. Onları orada necə deyərlər həvəsləndirirlər, mükafatlandırırlar.

Sual olunur, əgər siz belə canıyananlıqla, guya haqq-ədalət tərəfindən “erməni soyqırımı”ndan danışıb ona qiymət verirsinizsə, yüz ildən də çox müddət öncə baş vermiş hadisələr barədə fikir yürüdürsünüzsə, dünən-srağagün, cəmi 27 il bundan əvvəl baş vermiş Xocalı soyqırımı ilə bağlı niyə qərar vermirsiniz? Xocalı soyqırımının bu gün mənim kimi minlərlə canlı şahidi var, biz varıq. O haqsızlıq, o ədalətsizlik, o cinayət bizim gözlərimiz önündə baş verib və sizin məlumatınız var.

Eyni zamanda siz həmsədr dövlətsiniz. Siz həmsədr kimi bitərəf olmalısınız. Əksinə, siz artıq tərəf olaraq cinayətkar bir qurumun nazirini və sakinlərini aparıb qarşılayırsınız, onlara maliyyə, mənəvi, hərbi yardım göstərirsiniz. Budur ABŞ kimi sizin ədalətiniz, sizin demokratiyanız, insan hüquqlarınız?

Mən hesab edirəm ki, bunlar bir araya sığmayan məsələlərdir və bununla bağlı artıq Azərbaycan Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri tərəfindən Azərbaycan dövləti səviyyəsində münasibət bildirilib. Azərbaycan xalqı da bu məsələyə öz münasibətini açıqlayıb. Burada iqtidar və müxalifət bölünməməldir və hamı eyni nöqtəyə vurmalıdır ki, səsimiz eşidilsin”.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası oktyabrın 29-da qondarma erməni soyqırımının tanınmasına dair qətnamə qəbul edib. Qətnamənin lehinə 223, əleyhinə 191 konqresmen səs verib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər