7 Noyabr 2019 16:27
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın NATO-ya üzvlük məsələsini geosiyasi qarşıdurma kontekstində qəbul olunur. Çünki bunun arxasında siyasi motivlər dayanır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov NATO-nun Baş katibi Yens Stoltenberqin Ukraynanın alyansa üzv olacağına dair bəyanıtını şərh edərkən deyib.

Onun fikrincə, Ukraynanın NATO-ya üzv edilməsi istəyi Rusiya amili ilə bağlıdır:

“Krım yarımadası ilhaq olunub, Donbasda müharibə gedir, NATO-nun Ukraynaya yönəlik çağırışı Rusiyaya reaksiya və zərbədir. Putinə işarə edirlər ki, sən əziyyət verdiyin ölkəni biz öz sıralarımıza qəbul edirik”.

Politoloqun sözlərinə görə, NATO dəfələrlə Ukrayna ilə Gürcüstanı nə vaxtasa alyansın həqiqi üzvü seçəcəyini açıqlayıb, amma hələ bu, bəyanatlar səviyyəsində səslənir:

“Namizəd, aspirant statusu verilib, müəyyən islahatlar keçirməlidirlər. Yaxşı xatırlayıram, 1990-cı illərin axırlarında NATO-nun baş katibi Azərbaycana gəlmişdi və Milli Məclisdə çıxış edəndə bəyan eləmişdi ki, Azərbaycan NATO-ya üzv ola bilməz, çünki alyans müharibə vəziyyətində olmayan dövlətləri qəbul edir. İndi Ukrayna işğal vəziyyətindədir, Krım gedib, amma bu dövləti qəbul edirlər”.

Fikrət Sadıxov hesab edir ki, Ukrayna NATO-ya üzv qəbul edilsə, bu, münaqişəli vəziyyətdə olan dövlətlər üçün presedent olacaq: “İş burasındadır ki, yaxın gələcəkdə Ukraynanın NATO-ya üzv olması hələlik müşahidə olunmur. Ola bilsin nə vaxtsa üzv oldu, o zaman bu, birmənalı şəkildə Qərblə Rusiya arasında qarşıdurmanın səviyyəsindən asılı olacaq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər