15 Noyabr 2019 09:14
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan biolaboratoriyaların olmasını inkar etmir. Hər bir bakterioloji laboratoriya isə istənilən vaxt hərbi bakterioloji silaha da keçə bilər. Onun varlığı Azərbaycana təzyiq xarakter daşıyır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hərbi ekspert Azad İsazadə Ermənistan ərazisində Pentaqonun pulu ilə yaradılan bioloji laboratoriyalar barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu laboratoriyalar barədə çoxdan yazılırdı, Gürcüstanda da buna oxşar laboratoriyaların olduğu barədə məlumat yayılıb: “Rəsmi olaraq epidemioloji təhlükəsizliyi azaltmaq üçün nəzərdə tutulduğu bəyan edilsə də, real nə baş verdiyini demək çətindir. Ümumiyyətlə, bakterioloji elmi laboratoriyaların təhlükəsizliyi qorunur. Laboratoriya Pentaqon tərəfindən maliyyələşdirilirsə, deməli ABŞ-ın razılığı olmadan Ermənistan heç kimi oraya buraxa bilməz. Bu da şübhə yaradır. Amma reallıqda, hərbi bakterioloji silah buraxdığı, yaxud sadəcə araşdırma apardığını ayırmaq üçün peşəkarlar olmalıdır. Bir dəfə baxışla, onu ayırd etmək mümkün deyil, praktiki yoxlama vacibdir. Bu barədə dövlət özü qərar qəbul etməli, komissiya yaradılmalıdır. Rusiyalı nazir Sergey Lavrovun biolaboratoriyaya gedib-getməməsindən asılı olmayaraq bakterioloji silah yaxud elmi araşdırma olduğunu ayırd edə bilməyəcəkdi. Sözsüz ki, getməklə məsələni siyasiləşdirəcəkdi, getməməsi ilə də əslində siyasiləşdirdi. İkibaşlı vəziyyət yaranıb. Ona görə də orada nə baş verdiyini söyləmək çətindir”.

Ekspertin fikrincə, bakterioloji silahın Azərbaycana qarşı istifadə real deyil: “Heç kim rəsmi şəkildə deməyəcək ki, istifadə edəcəyəm, amma sözsüz başa düşməliyik ki, loru dildə desəm, gic beyində ondan istifadə etmək fikri yarana bilər. Bu, birmənalı təhlükədir. Hələlik təhlükə nəzarət altındadır. Anlamalıyıq ki, təhlükə nəzarət altından çıxa da bilər. Çünki bakterioloji silah kütləvi qırğın silahlarına aiddir. Bizə yayılan, onlara da yayılacaq. Tutaq ki, Azərbaycanda nüvə silahı istifadə olunsa, Ermənistana da gedəcək. Müharibəni kənara qoyaq, Ermənistanın Atom Elektrik Stansiyasında qəza olsa, radiasiya biz də, Türkiyəyə də, Gürcüstana da yayılacaq. Kimsə kiməsə bu silahdan istifadə etsə, özünə də qayıtmaq təhlükəsi var. Fərq bundadır ki, istifadə edən ölkənin bakteriyalara qarşı vaksini ola bilər. Bu da hələ sual altındadır”.

Azad İsazadə qeyd edib ki, söhbət baktereoloji silahın istifadəsindən gedirsə, o, orduya verilməlidir: “Laboratoriyada sadəcə araşdırma aparılır, onun istifadə olunub-olunmaması ilə bağlı məsələ qabarsa, beynəlxalq elmi komissiya yaradılmalıdır. Aydındır ki, Rusiya, ABŞ məsələyə obyektiv yaxınlaşa bilməz. Deməli, beynəlxalq alimlərdən ibarət komissiya yaradılmalıdır ki, birdəfəlik orada nə baş verdiyinə dair cavab tapılsın. Belə silahı olan ölkə dar məqamda, məğlub olduğunu görsə, bu silaha da əl ata bilər. Əks tərəfə mesaj verir ki, məndə belə silah da var, mənə hücum etsən, istifadə edərəm. Daha çox siyasi təzyiq xarakteri daşıyır. Sabah terrorçular da istifadə edə, hansısa adi fəlakətə görə də yayıla bilər. Təhlükəli məqamdır, çox ciddi və ehtiyatla yaxınlaşmaq lazımdır”.

Qeyd edək ki, rusiyalı politoloqlar rəsmi Kremlin Ermənistan ərazisində Pentaqonun pulu ilə yaradılan bioloji laboratoriyaların mövcudluğundan narahat olduğunu vurğulayır, Ermənistan laboratoriyalarında bioloji təhlükə metodlarının birmənalı şəkildə inkişaf etdirildiyi bildirilir.

Sergey Lavrovun İrəvana səfəri zamanı isə rusiyalı mütəxəssislərin Ermənistan bioloji laboratoriyalarına buraxılması ilə bağlı memorandum imzalanmayıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər