Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2018-ci il 22 may tarixli 90 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”də dəyişikliyə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirmək, aviasiya hadisələrinin monitorinqinin, onlara nəzarətin həyata keçirilməsi və onların qarşısının alınması məqsədilə uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi üzrə məlumatların avtomatlaşdırılmış qaydada toplanması və təhlili sistemini təsdiq, eləcə də tətbiq etmək Agentliyin vəzifələri sırasına daxil edilib.
Digər dəyişikliyə görə, hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada razılıq verəcək.
İndiyə qədər Dövlət Mülki Aviasiya Agentliyinin hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə müəyyən edilmiş qaydada razılıq vermək səlahiyyəti olub.