Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasının Senatının xarici əlaqələr komitəsinin sədri Xose Luis Perezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə etdilər və iqtisadi, ticarət, mədəniyyət, turizm, təhsil, idman və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğuladılar.
Nazir Elmar Məmmədyarov Kolumbiya Senatının rəsmisinin səfərinin əhəmiyyətini qeyd etdi.
Xose Luis Perez dost Azərbaycan xalqının yanında olduqlarını və gələcəkdə də iki ölkə arasında dostluq münasibətlərinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini diqqətə çatdırdı. Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə toxunan sədr, bu əlamətdar hadisənin ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcəyinə ümid etdiyini bildirdi.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi əməkdaşlığın və qarşılıqlı əsasda dəstək göstərilməsinin perspektivləri üzərində dayanaraq, bu istiqamətdə də səylərin əlaqələndirilməsinə sadiq qalacaqlarını bildiriblər.
Xose Luis Perez ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edərək, 2018-ci ildə Kolumbiya Xarici Əlaqələr Komissiyası tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi, həmçinin Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul edildiyini bildirdi.
Elmar Məmmədyarov Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Kolumbiya Parlamentinin davamlı olaraq beynəlxalq hüquqa, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qarşı tərəfə öz təşəkkürünü bildirdi.
Görüşdə, həmçinin ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyi qeyd edildi, hər iki ölkənin Parlamentindəki Dostluq Qruplarının fəaliyyətinin təşviq edilməsinə dair fikir mübadiləsi aparıldı.