15 Noyabr 2019 14:40
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “Anadolu” Agentliyinə müsahibəsində Türkiyə-Azərbaycan əlaqələrinin arzuedilən səviyyədə olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, dünyada bu cür birliyin digər iki ölkə arasında mövcud olmadığını vurğulayan Xəzər İbrahim deyib:

“Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Dünyada başqa iki dövlət arasında bu cür əlaqələr yoxdur. Həm siyasi, həm iqtisadi, həm mədəni, ümumiyyətlə, bütün sahələrdə Azərbaycan və Türkiyə arasında ahəng var. Azərbaycanın siyasəti Türkiyənin siyasəti, Türkiyənin siyasəti Azərbaycanın siyasətidir. Bütün beynəlxalq təşkilatlarda və mövzularda baxışlarımız üst-üstə düşür və hər zaman bir-birimizi dəstəkləyirik”.

X.İbrahim birliyin pozulmaması üçün hər iki tərəfin bu durumu müdafiə etməsinin vacib olduğunu və bəzi ölkələrin Azərbaycan və Türkiyənin arasını pozmağa cəhd göstərə biləcəyini deyib: “Biz onların cəhdlərinə görə deyil, sadəcə öz qardaşlığımız əsasında əlaqələrimizi qurmalıyıq”.

Nifaq toxumları səpməyə çalışanların iki ölkənin bölgədə söz sahibi olmasını istəmədiyini qeyd edən X.İbrahim deyib:

“Onların qorxduqları məqam Türkiyə və Azərbaycanın birlikdə olduğu zaman hər zaman bölgədə söz sahibi ola bildiyi ilə bağlıdır. Xüsusilə Türkiyənin bölgədə söz sahibi olmasını istəməyən çoxlu güclər var. Çünki Azərbaycan Türkiyənin həm qardaşı, eyni zamanda Orta Asiyaya çıxış nöqtəsidir. Türkiyə üçün də Azərbaycan kimi qardaş dövlətin tam yanında olması bir təhlükəsizlikdir. Çünki açıq danışmaq lazımdırsa, Türkiyənin güvənə biləcəyi çox dövlət yoxdur. O baxımdan bu həm Türkiyəyə, həm Azərbaycana güc qatqısıdır”.

Səfir Türkiyə ilə Azərbaycanın gücünün bir olduğunu, hər iki ölkənin bölgədə sülh və əmin-amanlıq üçün çalışdığını qeyd edib.

X.İbrahim bəzi ölkələrdə təsirə malik erməni lobbisinin Türkiyə və Azərbaycan əleyhinə fəaliyyət göstərdiyinə diqqət çəkib. O, Azərbaycan ərazilərinin işğalının ilk illərində ABŞ-ın ermənilərə dəstək vermək üçün Azərbaycana sanksiya tətbiq etdiyini, ermənilərin bu durumu fürsətə çevirdiyini söyləyib.

Ermənistanın arxivlərinin açılmasına müsbət yanaşmadığını ifadə edən İbrahim daha sonra deyib:

“Onlar arxivlərinin açılmasını istəmirlər. Çünki həqiqət arxivlərdədir. Onlar beynəlxalq hüququ istəmirlər, çünki həqiqət budur. Onların istədiyi odur ki, Azərbaycanı tanımasınlar, Azərbaycanı duymasınlar, Türkiyəni duymasınlar. Nə zaman Türkiyə ilə Qərb və ya Azərbaycanla Qərb arasında bir çətinlik olursa, dərhal fürsətcillik edib mövzuları konqresə gətirib qərarlar qəbul etdirməyə çalışırlar. Bu də heç ədalətli və əsaslandırılmış bir siyasət deyil, bu yalnız fürsətcillikdir”.

Bəzi ölkələrin Ermənistanın hərəkətlərinə göz yumduğunu qeyd edən X.İbrahim əlavə edib ki, Qarabağ məsələsi ilə bağlı başda ABŞ, Fransa və Rusiya Ermənistana “sizin beynəlxalq hüquq və Azərbaycan torpaqlarından çıxmaqdan başqa yolunuz yoxdur” şəklində reaksiya verməlidir.


Müəllif: Səxavət