16 Noyabr 2019 09:16
2 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com siyasi mühacir alveri, Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) bu məsələdə rolu, partiya rəhbərliyinin saxta siyasi mühacirlərlə əlaqəsi və digər mövzularda Müsavat Partiyası başqanının sabiq müavini Yadigar Sadıqlı ilə söhbətləşib. Müsahibəni təqdim edirik:

- Yadigar bəy, Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzi (AKM) adlı qurumun üzvlərinin həbs edildiyi, onların saxta siyasi mühacir alverində ittiham olunduğu haqda xəbərlər var. Partiyanız və ya onun Avropadakı qolu ətrafında baş verən mühacir ticarəti ittihamlarına reaksiyanız necədir?

- Bildiyiniz kimi, bu məsələ indiyə qədərdə mətbuatda qaldırılıb. O zaman mən həbsdə idim. Həbsdən çıxdıqdan sonra 2016-cı ilin oktyabrında Müsavat Partiyasının Avropa Mərkəzi təşkil edildi. O zaman mən də başqan müavini simasında bu qurumun təsis konfransında iştirak etdim. Çıxışım zamanı da müəyyən qədər onların hansı istiqamətdə fəaliyyət göstərməli olduqlarını bildirdim. Təəssüflər olsun ki, bu fəaliyyət arzuladığımız istiqamətdə getmədi. Müsavat AKM-in fəaliyyəti daha çox arayışlar satmaq, niyyətləri Almaniyada sığınacaq almaq olan, əslində müsavatçılıqla uzaqdan-yaxından əlaqəsi olmayan insanları öz ətrafında cəmləməklə müşahidə olundu. Hətta oradan dəstə-dəstə kağızlar göndərərək, Müsavat Partiyasının divanında onların qəbul olunması haqda istəkləri oldu. Biz partiyada olan və azlıqda qalan insanlar bu cür fəaliyyətə qarşı öz etirazımızı bildirdik.

- Etirazınızın motivi nə idi?

- Bilirdik ki, belə bir fəaliyyətin ləkəsi və çirki Müsavat Partiyasına sıçraya bilər. Cəmiyyətdə geniş formada fikirlər gəzirdi ki, Müsavatın Avropa Mərkəzi heç də lazım olan istiqamətdə fəaliyyət göstərmir, bunun təcili qarşısını almaq lazımdır, tədbirlər görülməlidir. Təəssüflər olsun ki, biz azlıqda qaldıq, təkliflərimiz keçmədi. Şəxsən Arif Hacılının müqaviməti nəticəsində təklifimiz qəbul olunmadı. Arif Hacılının şəxsən “Mənim AKM-ə və onun sədri İlham Həsənə etimadım sonsuzdur” şəklində irəli sürdüyü arqumentlər sayəsində bizim təkliflərimiz keçmədi. Bu bir həqiqətdir. İndi Almaniyada Müsavat AKM-in üzvü olan şəxslərin həbsi haqqında xəbərlər yayılıb, bəzilərinin polis nəzarətində azadlığa buraxıldığı haqda məlumat var. Cəmiyyətin də reaksiyasını görürsünüz, əslində cəmiyyət bütün bunları Müsavat Partiyasına bağlayır. Halbuki Müsavat Partiyası ilə bağlı ortada konkret faktlar yoxdur. Amma cəmiyyətin bunu belə qarşılayacağı, Müsavat Partiyasının adına yazacağını öncədən görmək mümkün idi. Biz bunu gördüyümüz üçün 2 il mübarizə apardıq, dedik ki, gəlin edə edək, sabah AKM-in yarıtmaz fəaliyyəti nəticəsində ortaya eybəcərlik çıxanda bu, Müsavat Partiyasına dəyməsin. Biz deyirdik ki, Müsavat AKM-dən uzaqlaşmalı, məsafə saxlamalıdır. Amma təkliflərimiz keçmədi və bu gün bütövlükdə cəmiyyət baş verənləri partyanın üzərinə yıxır. Hətta Müsavat Partiyasının başqanının istefa verməli olduğu haqda fikirlər eşidilir.

- Siz istefa haqda çağırışları necə qiymətləndirirsiniz?

- Qeyd edim ki, hələlik bu məsələdə Müsavat Partiyası ilə bağlı ortada fakt yoxdur. Amma izaholunmaz hallar var. Məsələn, Müsavat başqanı ötən gün müsahibə verib. Ona sual olunub ki, 9 və 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi olan şəxsin Müsavat Partiyasından arayış alması doğrudurmu? Arif Hacılı bu suala konkret cavab vermir. Deyir ki, sizin suallarınıza cavab verdim. Başqa sözlə, Arif Hacılı “türmə" rəisinə Müsavat Partiyası adından arayış verilməyib” deyə bilmir. Belə çıxır ki, "türmə" rəisinə də arayış verilib? Belə eybəcər şeylər var. Hələlik əlimizdə konkret faktlar yoxdur. Amma çox yartımaz vəziyyətdir. Müsavat Partiyasının rəhbərliyi və şəxsən Arif Hacılı yaranan bu vəziyyətə, Müsavat Partiyası ətrafında gəzən söz-söhbətlərə görə şəxsən məsuliyyət daşıyır.

- İstefa çağırışlarına münasibətiniz necədir?

- Hesab edirəm ki, nə qədər Arif Hacılı başqandır Müsavat Partiyasına vurulan bu zərbəni, partiyanin nüfuzunun aşağı düşməsini ortadan qaldırmaq mümkün olmayacaq. Müsavatın cəmiyyətdə qüsursuz imicinin düzəldilməsinin yeganə yolu Arif Hacılının başqanlıqdan getməsidir.

- Yəni sizdə Arif Hacılının istefası haqda çağırışlara müsbət yanaşırsınız?

- Bəli.

- Əgər Müsavat rəhbərliyinin müsavatçı olmayan şəxslərə sənəd verdikləri, bu məsələdə dolayısı yolla iştirak etdiklərinə dair faktlar ortaya çıxsa, necə olacaq?

- Bu halda Müsavat Partiyasının üzvləri nə etmək olduğu haqda düşünməlidirlər. Əgər Arif Hacılının özü istefa verməyəcəksə, o zaman Müsavat üzvləri və Arif Hacılını var gücü ilə müdafiə edən İsa Qəmbər nə etmək lazım olduğunu düşünməlidir. Əgər onlar Müsavat Partiyasının bu vəziyyətdə qalmasının tərəfdarı olacaqsa, mənim şəxsən nəsə etməyə gücüm çatmayacaq. Odur ki, bu barədə müsavatçıların əksəriyyəti düşünməlidir.

- Bu prosesdə İsa Qəmbərin rolunu necə qiymətləndirirsiniz?

- İsa Qəmbər hər zaman var gücü ilə Arif Hacılını müdafiə edib, Müsavat Partiyasının günü-gündən nüfuzdan düşməsini görməzdən gəlib, fakt və gerçəklikləri təhrif edərək danışıb. Ümumiyyətlə, Arif Hacılıya rəqib olan insanlara haqsızlıq edərək danışıb. Bu gün Müsavat Partiyası ətrafında baş verənlərlə bağlı İsa Qəmbərin məsuliyyəti Arif Hacılıdan az deyil.

- İsa Qəmbərin Müsavat AKM-lə bağlı mövqeyi nədən ibarət olub?

- İsa Qəmbər özü şəxsən Divanda olan müzakirələrdə iştirak etməsə də, bundan xəbərdar olub. Sonda da qurultaydan qabaq Arif Hacılını dəstəkləyib. Avropaya yolu düşəndə də Müsavat AKM-in rəhbərləri ilə şirin fotolar çəkdirərək sosial şəbəklərdə paylaşıb.

- Siyasi mühacir “ticarəti” olubsa, təmsil olunduğunuz partiya müsavatçı olmayanlara arayışlar veribsə və Müsavat AKM belə bir işlə məşğul olaraq böyük pullar qazanıbsa, sizcə, bu halda partiyaya hansısa maliyyə daxil olubmu?

- Mən əlimdə fakt olmadığı üçün konkret bir söz deyə bilmərəm. Ehtimallar səsləndirsəm, sabah məni partiyadan qovmaq üçün əllərinə bəhanə düşmüş olacaq. Belə bir bəhanə verməmək üçün ehtimallar səsləndirmirəm, faktlarım olsaydı, açıq səsləndirərdim.


Müəllif: Cavad

Oxşar xəbərlər