16 Noyabr 2019 19:19
2 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqşünas, ərəb dili üzrə mütəxəssis, 1969-1971-ci illərdə Misirdə hərbi mütərcim işləmiş politoloq Zərdüşt Əlizadə Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Zərdüşt bəy, ABŞ dövlət katibi Mayk Pompeo və Pentaqon rəhbəri Mark Esper Misir hökumətini Rusiyadan Su-35 qırıcılarının alınmasına davam edəcəyi təqdirdə ölkəyə sanksiyalar tətbiq olunacağına dair xəbərdar ediblər. Misir 1989-cu ildən etibarən ABŞ-ın NATO üzvü olmayan əsas müttəfiqi (Major Non-NATO Ally, yaxud MNNA) statusuna malikdir. Sizcə, Birləşmiş Ştatlar Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən birinə sanksiya tətbiq edə bilərmi?

– Misirlə ABŞ arasında hərbi sahədə münasibətlərin inkişafı 1978-ci ildə Vaşinqtonun 100 kilometrliyində yerləşən ABŞ prezidentlərinin Kemp-Devid iqamətgahında imzalanan və sonradan Kemp-Devid sazişi adını alan sənədin imzalanmasından sonra başlayıb. Bu sazişə görə ABŞ hər il İsrailə 3, Misirə 1,5-2 milyard dollar məbləğində hərbi məqsədlər üçün yardım ayırır. Bu hərbi yardımın da məqsədi odur ki, İsrail və Misir Amerika hərbi-sənaye kompleksinin istehsal etdiyi silahları həmin məbləğdə ala bilərlər. Təbii ki, Kemp-Devid sazişindən əvvəlki dövrdə Misir ordusunun silahları – tankları, raketləri, həmçinin, təyyarələri SSRİ istehsalı idi. Lakin Kemp-Deviddən sonra kəskin şəkildə Misir ordusunun silahları “qərbləşməyə“ başladı, amma bu, tam olmadı. Çünki Misir ordusunda başdan-ayağa sovet silahları idi. Bəzi sahələrdə sovet silahları yenə də qaldı.

Vladimir Putin Rusiyada, Əbdül Fəttah əs-Sisi isə Misirdə hakimiyyətə gələndən sonra hərbi sahədə əməlli-başlı Rusiya-Misir yaxınlaşması başlayıb. Bu, silah alqı-satqısı sahəsində aparıcı dövlət olan ABŞ-ı təbii ki, çox narahat etdi. Amma indi amerikalılar bir tərəfdən sərbəst ticarətə, azad rəqabətə çağırırlar, digər tərəfdən də inzibati amillərdən istifadə edib Misiri dilə tuturlar ki, rus silahı almasın. Buna nə dərəcədə nail olacaqlarını deyə bilmərəm. Çünki indinin özündə də Misir hər il silah almaq məqsədilə ABŞ-dan 1,5 milyard dollar nağd pul alır. Bu məbləği də Amerika hərbi-sənaye kompleksindən silah almağa xərcləyir.

Misir vaxtilə, bəli, Rusiyadan təyyarələr almışdı. Bunun üçün Misir Səudiyyə Ərəbistanından xahiş etmişdi, Ər-Riyad da bu pulu ödəmişdi. Bundan əlavə Misir Fransanın Rusiya üçün istehsal etdiyi “Mistral” tipli universal desant gəmisi-vertolyotdaşıyandan birini yenə də Səudiyyənin pulu ilə almışdı. Özünün pulu yox idi. Bilirsiniz ki, Fransua Olland Fransa Hərbi-Dəniz Qüvvələri üçün Rusiyaya 2 ədəd “Mistral” sifariş vermişdi. Sonra Rusiya Krımı ilhaq etdi, Donbasda münaqişə başladı. Nəticədə ABŞ və onun NATO-dakı digər müttəfiqləri Fransanın bu gəmiləri almasına qadağa qoydu. Gəmilərdən biri Misirə satıldı. İndinin özündə də Misir ordusunun həm rus, həm də Qərb mənşəli silahı var. Bütövlükdə bu, Misir üçün ölümcül təhlükə deyil. Çünki Misir heç kimlə müharibə aparmağa hazırlaşmır. Vaxtilə onun əsas rəqibi olmuş İsraillə gözəl əlaqələri var. İki ölkə iqtisadi və hərbi sahədə əməkdaşlıq edir, kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirirlər. Yəni, Misir hazırda silah alqı-satqısı sahəsində bir o qədər də gərgin vəziyyətdə deyil. Ona görə də düşünə bilər ki, hansı ona daha sərfəlidir. Variantlar var. Amerika da bilir ki, Misirdə hansı damar zəif damardır. Bilir ki, maliyyə qıtlığı var. Ona görə də özünün 1,5 milyard dollarlıq hərbi yardımına güvənərək istəyir ki, bu yolla Misiri Rusiyadan silah almaqdan çəkindirsin. Mən bu yolun alınıb-alınmayacağını deyə bilmərəm. Məsələn, Türkiyə ilə alınmır. Türkiyə Misir deyil. Türkiyə müstəqildir. Misir yarımasılıdır.

– Bu ilin sentyabrın 17-də Kemp-Devid sazişinin imzalanmasının 41 ili tamam oldu. Həmin dövrdən etibarən ABŞ hər il Misir və İsrailə silah alınması üçün bu məbləğdə yardım edir?

– Bəli. Bildiyiniz kimi həmin saziş Cimmi Karterin prezidentliyi dövründə Misirlə ABŞ arasında imzalanıb. Amerika bu sazişin hamisi, patronu idi. Həmin pul o şərtlə ayrılır ki, onlar bu pulu Amerikan silahının alınmasına xərcləyəcəklər.

– Yəni, pulu verir, sonra da həmin pula öz ölkəsindən silah almağa məcbur edir?!

– Hər yerdə belədir. Hər bir iqtisadi cəhətdən inkişaf etmiş ölkənin ixrac-idxal bankları var. Onlar dövlətin tapşırığı ilə xarici ölkələrə maliyyət yardımı göstərir, borc verirlər. Dövlət həmin ölkə ilə müqavilə bağlayır və ölkə həmin məbləği borc kimi alır. Amma bu pula alacağın mal bizim istehsalımız olmalıdır. Onlar da alırlar. Amerika hökuməti bu borclar, təmənnasız yardımlar vasitəsilə dolayı yolla hərbi-sənaye kompleksinin bazarını təmin edir, onların inkişafına yardım göstərir. Eyni şeyi Rusiya da edir. Yalnız Azərbaycana bizim nağd pulumuz olduğuna görə kredit vermirlər. Amma Ermənistana kredit verir. Məsələn, Nikol Paşinyan təzə hakimiyyətə gələndə Rusiya Ermənistana 200 milyon dollar məbləğində kredit ayırdı. Həmin 200 milyona onlar hardan silah alacaqlar? Təbii ki, Rusiyadan almalıdırlar. Bu, ölkənin öz hərbi-sənaye kompleksinin inkişafına xərclənən puldur.

– Zərdüşt bəy, yeri gəlmişkən, Fransaya satılmalı olan 2 ədəd “Mistral”ın digəri necə oldu?

– Birini Misirə satdılar. Bu dəqiqdir. Digərindən xəbərim yoxdur. Çünki məni əsasən, Yaxın Şərq maraqlandırır. Kiməsə satdılar. Çünki əməli olaraq həmin gəmilərin heç Rusiyaya da lüzumu yox idi. Mən həmin gəmiləri diqqətlə oxuyub öyrənmişdim. Onların hərbi-texniki xassələri ona yarayır ki, dənizdən quruya 100-200 kilometr qalmış vertolyotlarla desant çıxarsınlar və sair. Sonra gəmi yaxınlaşsın, oradan əlavə desant getsin. Gəminin təkində kiçik gəmilər də var idi. Həmin dövrdə bu gəminin inşası sual doğururdu. Bəzi rus hərbi ekspertləri sual verirdilər ki, bu desant gəmiləri kimə qarşı hazırlanır? Rusiya kiminlə belə müharibə aparmağa hazırlaşır? Fərz edək ki, indi Rusiya ölkə ərazisindən kənarda – Suriyada müharibə aparır. Rusiyanın Suriyada Tartus kimi hərbi-dəniz, Hmeymimdə hərbi-hava bazası var. “Mistral” kimi gəmi, oradan desant çıxarmaq nəyə lazım idi? Yəni, mən düşünürəm ki, Rusiyada hansısa yüksək vəzifəli məmur yaxşı rüşvət almaq, pul qazanmaq istəmişdi. Baxmışdı ki, qoy camaatı aldadım ki, belə bir gəmi Rusiya Silahlı Qüvvələrinə çox lazımdır, əşədü-ehtiyac var. Yəni, “şapka-kepka” məsələsi... İndi Misir o gəmini alıb, amma mən təsəvvür etməyə çalışıram ki, Misir ordusu hansı şəraitdə bu gəmilərdən istifadə edəcək? Misir ordusunun öz tarixi boyunca yeganə uğurlu əməliyyatı Sudana qarşı olub. 1970-ci illərdə orada çevriliş cəhdini yatırdılar. Bundan başqa Misir ordunun heç harda uğurlu bir əməliyyatı olmayıb. İsraillə aparılan bütün döyüşləri biabırçılıqla uduzublar.

– O cümlədən 1967-ci ildə...

– 67-də uduzublar, 73-də uduzublar. İsrail ordusu gəlib Qırmızı dənizin qərb sahilinə çıxmışdı. SSRİ və Amerikanın tələbi olmasaydı, gəlib Qahirəni də tuta bilərdilər. Bir ordunun ki rəhbəri, komandanı xain olur... Sadat (Misir Prezidenti Ənvər Sədat nəzərdə tutulur-S.Həmid) xain, casus idi. Ordunun komandanı xain olursa, o ordu nə qədər qəhrəman, hazırlıqlı olsa da, döyüş meydanında basılmalıdır. Misir ordusu yaxşı hazırlanmışdı. 73-cü il müharibəsinin ilkin mərhələsi göstərdi ki, döyüşə və qalib də gələ bilər. Amma komandan xain olduğu üçün ordu da basıldı.

– Oktyabrın 23-24-də Soçidə Rusiya-Afrika sammiti və iqtisadi forumu keçirildi. Sammitdə Misir Prezidenti Əbdül Fəttah əs-Sisi də iştirak edirdi. Son vaxtlar Rusiyanın Afrika uğrunda rəqabətə fəal şəkildə qoşulduğu, o cümlədən qitənin mühüm dövlətlərindən olan Misirlə Rusiya arasında münasibətlərin daha üst səviyyəyə qalxdığı hiss olunur...

– Vaxtilə Misir Sovet İttifaqının strateji müttəfiqi idi. Rəhmətlik Camal Əbdül Nasir (1956-70-ci illərdə Misir Prezidenti –S.Həmid) Sovet İttifaqının xarici siyasətində bir nömrəli fiqur idi. Onun vasitəsilə Qoşulmama Hərəkatına da təsir edirdilər, Yaxın Şərqdə Sovet İttifaqının nüfuzu durmadan artırdı və sair. Amma Nasiri aradan götürdükdən, xain Sədat gələndən sonra SSRİ-nin nüfuzu sürətlə aşağı düşməyə başladı və bu proses SSRİ dağılanadək davam etdi. Misirlə Sovet İttifaqı arasında geniş iqtisadi əlaqələr, bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq var idi. İndi Rusiya ilə Misir arasında məhdud hərbi və iqtisadi sahələrdə əməkdaşlıq var. Turizm sahəsində əməkdaşlıq var. Rusiya əhalisi gedib Qırmızı dənizin sahilindəki kurortlarda istirahət edirdi. Qırmızı dənizdə çimirdilər, qədim Misirdə fironların sərdabəsinə – ehramlara baxırdılar və sair. Qiymətlər də ucuz idi. Bu Misirə də, Rusiyaya da faydalı idi. Sonra – 2015-ci il oktyabrın 31-də Sinay yarımadası üzərində Şarm-əş-Şeyx-Sankt-Peterburq çarter reysi həyata keçirən, rusiyalı turistləri daşıyan Airbus-A321 tipli təyyarə partladıldı. Nəticədə təyyarədə olan 224 nəfərin hamısı həlak oldu. Bundan sonra Rusiya Misirlə turistik əlaqələri kəsdi. Beləliklə, Misirə milyardlarla dollar ziyan dəydi. İndi əs-Sisi çalışır ki, bu əlaqələri bərpa etsin. Doğrudan da turizm əlaqələri tədricən bərpa olunur.

Rusiya turizm məsələsindən siyasi alət kimi Misirdən Türkiyəyə və Gürcüstana qarşı da istifadə edir. İndi yavaş-yavaş əlaqələr öz yerinə qayıdır. Amma Misirlə-Rusiya arasında əvvəlki dövrlərlə – sovet dövrü ilə müqayisə edilə bilən miqyasda əməkdaşlıq yoxdur. Çünki Rusiya Sovet İttifaqının iqtisadi, hərbi qüdrətinə də malik deyil axı... Putin Afrika ölkələrini yığmışdı. Vaxtilə Sovet İttifaqı Afrika ölkələrinin əksəriyyətində iqtisadi layihələr həyata keçirirdi, ordularını silahlandırırdı. Amma indi elə şey yoxdur. Heç müqayisə ediləsi deyil. Rusiya çalışır ki, indi nəsə etsin. O da əsasən, daxili istehlak üçündür. Bir də çalışırlar ki, yaxın ətrafdakı dost-tanışı qazansınlar.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər