19 Noyabr 2019 08:37
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran uzun müddətdir ki, Qərb tərəfindən sanksiyalarla üzləşib və ABŞ başda olmaqla Qərbin əsas hədəfi İrandakı siyasi rejimi məhz xalq kütlələrinin köməyi ilə dəyişmək, burada qərbpərəst siyasətçiləri hakimiyyətə gətirməkdir. Məsələ ondadır ki, İran İslam Respublikası artıq uzun müddətdir, ələlxüsus 2000-ci illərin əvvəllərindən başlayaraq Yaxın Şərqdə öz mövqelərini daha da gücləndirib.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

O qeyd edib ki, nə qədər paradoksal səslənsə də məhz ABŞ-ın Yaxın Şərqə fəal müdaxiləsi, onun Səddam Hüseynə qarşı mübarizəsi, Səddam Hüseyndən sonra İraqda və digər ölkələrdəki siyasi proseslər İran şiə formatının bir qədər genişlənməsinə səbəb oldu:

“Nəticə etibarilə biz İraqda iranpərəst qüvvələrin hakimiyyətə gəlməsinin şahidi olduq. Eyni zamanda 2005-ci ildə İraq, Livan və İran üçlüyünün Yaxın və Orta Şərqdə artıq şiə ayparası yaratmasını da gördük”.
Z.Məmmədov qeyd edib ki, İran monoetnik dövlət deyil:

“İranda bir sıra milli, etnik qruplar var. Lakin bütün bunlara baxmayaraq ABŞ Suriya, Liviya və digər ölkələrdən fərqli olaraq İranın ərazi bütövlüyünün indiki formatda qalmasında maraqlıdır. Bu məsələdə kimlərsə düşünürsə ki, amerikapərəst hakimiyyət gələndən sonra İranda dövlət idarəçiliyi dəyişəcək, bu səhv yanaşmadır. Böyük Britaniya və ABŞ fars üstünlüyü ilə bugünkü İran dövlətçiliyinin davam etdirilməsində maraqlıdır. Lakin dini-siyasi rejimin eyni zamanda dəyişilməsi istiqamətində də işlər aparılmaqdadır. Ümumiyyətlə, Amerikanın Yaxın Şərq siyasətinə nəzər salsaq görərik ki, o, Yaxın Şərqdə ya hərbçilərin ya da daha çox dini qrupları hakimiyyətə gətirməklə məşğuldur. Dini ideologiya Yaxın Şərq ölkələrində güclü olduğundan istər Liviyada, istər Tunisdə, son zamanda dini ideologiyaların üstün daşıyıcıları olan siyasi partiyaların və siyasi liderlərin həmin ölkələrdə Amerikanın köməyi ilə üstün mövqe mövqe qazanmasını da görməkdəyik. Amma Suriyada olduğu kimi İran da Çin və Rusiya tərəfindən dəstəklənən bir ölkədir. Buna görə də İranda vəziyyət ABŞ üçün bir qədər də qəlizdir”.

Z.Məmmədov qeyd edib ki, əhalinin etirazları həm sosial qrupların maddi vəziyyətinin pisləşməsi ilə bağlıdır:
“Benzinin qiymətinin bahalaşması İran əhalisinə kifayət qədər ciddi təsir göstərdikdən əhali öz narazlığını küçələrdə bildirir. Artıq iki ildir ki, İranda sosial problemlər ucbatından ara-sıra mitinqlərin, iğtişaşların baş verməsinə, insanların küçələrə çıxmasının şahidiyik. Əlbəttə, bütün bunlar İran əhalisinin sosial vəziyyətinin pis olması ilə bağlıdır. SSRİ-nin son dönəmlərində olduğu kimi bugünkü İran dövlət idarəçiliyi, oradakı sosial vəziyyətin, iqtisadi vəziyyətin pisləşməyə doğru getməsi, eyni zamanda xarici amillər İrandakı bugünkü siyasi rejim qarşısında bir sıra çağırışlar qoymaqdadır. Uzun müddətdir ki, Qərbin sanksiyalarına qarşı çox böyük güc nümayiş etdirməsinə baxmayaraq İran dövlət bu gün doğrudan da yeni çağırışlarla üz-üzədir. Əgər modernləşməyə doğru istiqamət alınmazsa, ideoloji baxımdan bir qədər yumşalma baş verməsə o zaman biz İrandakı vəziyyətin daha da pisləşməsinin şahidi olacağıq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər