ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunmasında kömək göstərməyə sadiqdir.
Teleqraf.com-un məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer “Facebook”da canlı yayımda bildirib.
Səfir deyib: "Sizi əmin edə bilərəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsindən ciddi narahatdır. Bu, demək olar ki, ölkədə hər görüşümdə müzakirə olunan bir problemdir. Minsk qrupunun həmsədrlərindən biri olaraq biz münaqişənin danışıqlar əsasında dinc yolla həllinə nail olmaq öhdəliyinə sadiqik. Səylərimiz Helsinki Yekun Aktının prinsiplərinə əsaslanır.
Yəqin ki, siz əvvəllər bu prinsiplər barədə dəfələrlə eşitmisiniz. Ancaq sizə demək istəyirəm ki, ABŞ həqiqətən həll yolunu tapmaqda kömək etməyə çalışır. Bu həll yolunu tapmaq üçün hər iki tərəfi birlikdə işləməyə çağırmaq istəyirik. Və biz qərara gəldik ki, bu iki ölkədən heç birinə sanksiya tətbiq etmədən həm Azərbaycana, həm də Ermənistana yardım göstərməklə bunu edək. Əslində biz Azərbaycana əhəmiyyətli köməklik göstərdik. Məsələn, 1992-ci ildən bəri Azərbaycanda cəmiyyətin bütün sahələrinə və iqtisadiyyata 1,5 milyard dollardan çox yardım göstərmişik. Buraya səhiyyə, təhsil, təhlükəsizlik və iqtisadi inkişaf daxildir. Biz münaqişənin həllini tapmaqla nəticələrinin aradan qaldırılmasında Azərbaycana kömək etməkdə tam qərarlıyıq".