“Rusiya Ermənistana müasir silahları ucuz qiymətə satmağı planlaşdırır. Bu silahlar içində dördüncü və beşinci nəsil müasir qırıcılar da var. Eyni zamanda, bəzi raket sistemlərinin satılması da nəzərdə tutulur. Yəni Kremlin Paşinyanın üstünə gedəcəyini gözləməyə dəyməz”.
Politoloq Natiq Miri belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ermənistan Baş naziri Nikol Paşinyan bildirir ki, münaqişə Qarabağ erməniləri, Ermənistan və Azərbaycan üçün məqbul olan variant əsasında həllini tapmalıdır. “Məqbul həll variantı” deyəndə də separatçıların prosesdə iştirakını nəzərdə tutur. Əlbəttə belə bir variant maraqlarımızı əks etdirmir. Bəs hər iki – həm azərbaycanlı, həm də erməni icmasının danışıqlarda iştirakının təmin olunması hansı nəticəni verə bilər?
- Müəyyən mərhələdən sonra hər iki icmanın prosesə qoşulması mümkündür. Bu, gözləniləndir. Demək olar ki, icmaların danışıqlarda iştirakı razılaşdırılmış məqamdır. Qarabağda yaşayacaq icmalar ən azı son mərhələdə iştirak etməlidir. Amma razılaşdırılan məqama görə, qarşı tərfdən Qarabağ münaqişəsinin həlli ilə bağlı söz sahibi Ermənistandır, separatçılar yox. Ayrıca Azərbaycan ərazilərinin iyirmi faizini işğal edən tərəf kimi də Ermənistan çıxış edir. Çünki Qarabağdakı bir ovuc separatçı Azərbaycan ərazilərini işğal edəcək gücdə deyildi. Əlbəttə, Ermənistanın özü də bu qüdrətə sahib deyildi, bəllidir ki, onların arxasında Rusiya kimi havadar dayanır. Bilavasitə Rusiyanın dəstəyi ilə bu torpaqlar işğal olunub.
Təkcə erməni icmasının prosesə cəlb olunmasına gəlincə, belə bir addım geriyə dönüş olardı. Çünki ATƏT-in Minsk Qrupunun da müəyyən etdiyi prosedura görə, danışıqlar tərəfi Ermənistan və Azərbaycandır. Yenidən geri qayıtmaq isə Paşinyan hökumətinə vaxt qazandırmaq deməkdir. Habelə bu təklif Paşinyanın məsuliyyətdən qaçmaq istəyi ilə bağlıdır. Çünki Paşinyanın həm Ermənistan, həm də Qarabağda vəziyyəti ürəkaçan deyil. Ayrıca bu gün Qarabağdakı separatçı rejimin başında duranlar “Qarabağ klanı” və Rusiya xüsusi xidmət orqanlarının idarə etdiyi şəxslərdir. Bu isə o deməkdir ki, Paşinyan Qarabağ məsələsində istənilən təxribatla üzləşə bilər.
- O zaman bu, həm də Paşinyanın öz maraqlarına xidmət edən təklifdir.
- Paşinyan bu təxribatların qarşısını almaq üçün vaxt qazanmaqla gələn il separatçıların keçirəcəyi qondarma seçkilərdən istifadə edərək, öz adamını separatçı rejimin başına gətirmək istəyir. Bunun üçün isə ona vaxt qazanmaq lazımdır ki, bunu da belə absurd fikirlər səsləndirməklə əldə etmək niyyətindədir. Paşinyanın baş qatmaqla substantiv danışıqlardan imtina etdiyi açıq formada sezilir. Düşünürəm ki, Azərbaycan buna imkan verməməlidir. Hesab edirəm ki, substantiv danışıqları davam etdirmək yerinə jurnalistlərin qarşılıqlı səfərlərini təşkil etmək kimi humanitar layihələrin həyata keçirilməsi Azərbaycanın maraqlarına xidmət etmir. Çünki bunlar status-kvonu dəyişəcək gücdə deyil. Bu, sadəcə Ermənistana zaman qazandırır.
- Bəs Rusiya xarici işlər naziri Sergey Lavrov nəyi nəzərdə tuturdu? O, İrəvanda olarkən dedi ki, “Qarabağ xalqı olmadan münaqişənin həlli mümkün deyil”.
- “Qarabağ xalqı” deyilən bir status yoxdur. Sadəcə olaraq, bununla Qarabağın dağlıq hissəsində yaşayan etnik ünsürlər – ermənilər nəzərdə tutulur. Qarabağda da təkcə ermənilər yox, işğala qədər ruslar və azərbaycanlılar da yaşayırdı. Belə bir status olmadan Lavrov kimi təcrübəli bir diplomatın bu ifadəni işlətməsi onun savadsızlığından irəli gəlmir. Bu, düşünülmüş şəkildə dilə gətirilmiş bir ifadədir. Tez-tez bu ifadəni işlətməklə beynəlxalq ictimai rəydə bunu legitimləşdirmək istəyirlər. İndiyədək isə belə bir status beynəlxalq birlik tərəfindən qəbul edilməyib. Bu yöndə Azərbaycan prezidentinin də konkret açıqlaması var. Prezident son çıxışlarında və Valday Klubunun Soçidəki toplantısında da “Qarabağ xalqı” adlı anlayışın mövcud olmadığını bəyan etdi.
Hesab edirəm ki, bu, Lavrov tərəfindən ortaya atılmış təxribatdır. Ola bilsin ki, bu təxribat birbaşa Rusiya dövlətinin siyasəti deyil. Məlumdur ki, Lavrov erməni mənşəli bir diplomatdır və Rusiyanın xarici siyasətinin təşkilində çox önəmli rolu var. Ayrıca erməni diasporunun qeyri-rəsmi başçısı da Lavrovun özüdür. Buna görə də bu ifadəni təxribat kimi qiymətləndirmək lazımdır.
Rusiyalı nazirin bu açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində sərt şəkildə reaksiya verilməli idi. Çünki Lavrovun bu ifadəsi özündə xalqların gələcək müqəddəratını təyin etmək prinsipi çərçivəsində Qarabağda ermənilərə müstəqillik vermək niyyətini daşıyır. Buna qətiyyən imkan vermək olmaz, çünki bu, birbaşa erməni dəyirmanına su tökən bir açıqlamadır.
- Digər yandan Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyadan ehtimal olunan təzyiqlərlə üzləşmədi. Halbuki o, Rusiya Prezidenti Putinin dostu Robert Köçəryanı həbs edəcək qədər Kremli qəzəbləndirən addımlar atdı, atır. Üstəgəl, Paşinyan son bir açıqlama verdi ki, Rusiya Ermənistan iqtisadiyyatına zərbə olacağını düşündüyü üçün qazın qiymətini artırmadı.
- Dövlət siyasətində belə məsələlər ikinci planda olur. Çünki Rusiya anlayır ki, Ermənistanda inqilab etmək və bu yolla hakimiyyətə gəlmək Paşinyanın ağlına gələn bir şey deyil. Bunun arxasında böyük maliyyə vəsaitləri durur. Ermənistandakı siyasi qüvvələrdə isə bu maliyyə yoxdur. Bu maliyyələri verən qlobal qüvvələr var ki, onlar da Qərbdə yerləşir. Hətta bu məsələdə açıq formada Soros Fondunun adı çəkilir. Çünki Paşinyan hakimiyyətə gələndə hakimiyyətdəki strateji postlara təyin etdiyi adamlar Soros Fondu ilə işləyən şəxslər idi. Rusiya da başa düşür ki, Paşinyanı kənara itələməklə, təzyiq etməklə öz orbitindən birdəfəlik qaçıra bilər. Buna görə də, Rusiya bəzən belə cəlbedici açıqlamalar verməklə, Ermənistanı öz orbitində saxlamağa çalışır.
Əlbəttə Paşinyan Kremldə sevilən bir adam deyil. Ancaq dövlət maraqları baxımından bunu açıq formada büruzə vermirlər. Putinin İrəvana səfəri çərçivəsində Köçəryanın həyat yoldaşı ilə görüşməsi də Paşinyana açıq bir mesaj idi. Hələlik Rusiya bundan o tərəfə keçmir.
Rusiya nəinki Paşinyana təzyiq etmir, hətta Ermənistana müasir silahları ucuz qiymətə satmağı planlaşdırır. Bu silahlar içində dördüncü və beşinci nəsil müasir qırıcılar da var. Eyni zamanda, bəzi raket sistemlərinin satılması da nəzərdə tutulur. Yəni Kremlin Paşinyanın üstünə gedəcəyini gözləməyə dəyməz. Çünki Rusiya bu addımı atmaqla Ermənistanı özündən uzaqlaşdıracağına əmindir. Buna görə də Rusiya həm şirnikləndirici, həm də cəzalandırıcı addımlar atmaqla Ermənistanı öz orbitində saxlayır.