21 Noyabr 2019 16:28
1 950
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həm ABŞ, həm də Türkiyə bundan sonra atılacaq hər bir addımın münasibətlərini qopara biləcəyini anlayır. Buna görə də razılığa gəliblər ki, bundan sonra gərginliyi artıracaq və münasibətləri daha da kəsinləşdirəcək addımlar atılmasın, mümkündürsə, münasibətlərin normallaşması istiqamətində işlər görülsün”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- İranda benzinin bahalaşmasına etiraz olaraq başlayan kütləvi nümayişlər davam edir. Bəllidir ki, burada daxili, xüsusən sosial-iqtisadi amillər əsas rola malikdir. Bəs xarici faktorların bu etirazlara təsir imkanları hansı həddədir? İran açıq şəkildə ABŞ-ı ittiham edir, qarşı tərəf də eyni formada etirazlara dəstək verdiyini bildirir.

- Müasir dünyada qloballaşma və inteqrasiya səviyyəsi o həddə gəlib çatıb ki, artıq ölkələrin daxili və xarici siyasəti bir-birilə üzvi şəkildə bağlıdır. Buna görə də daxili və xarici siyasət haqda ayrıca danışmaq, təhlil aparmaq yanlış olardı. Nəzərə alsaq ki, İranın əsas ixrac məhsulları neft və qazdır, ABŞ-dan bunlara qarşı çox sərt sanksiyalar tətbiq olunur və buna görə ölkənin neft ixracının həcmi iyirmi faizə düşüb. Bu baxımdan İran daxilində sosial-iqtisadi vəziyyətin ağırlaşdığı kimsəyə sirr deyil. Prezident Həsən Ruhani də açıq formada etiraf etdi ki, islam inqilabından sonra İranda heç vaxt belə sosial-iqtisadi problem yaranmamışdı.

Sosial-iqtisadi amillərin də həm daxili, həm də xarici siyasətlə bağlı tərəfləri var. Xarici siyasətlə bağlı tərəfləri İranın aktiv və aqressiv regional siyasət aparması, bunun da ABŞ və müttəfiqlərinin maraqları ilə toqquşması ilə bağlıdır. Buna görə də İrana qarşı sanksiyalar tətbiq olunur. Daxili səbəblərə isə İranın dövlət və hökumət idarəçiliyində ikibaşlılığın, paralel sistemlərin olması və effektli idarəçiliyin olmaması daxildir. Eyni zamanda, korrupsiya və rüşvətin, inhisarçılığın yüksək səviyyədə olması əsas problemlərdən biridir.

- Prosesin inkişafı daha çox hansı amillərdən asılı olacaq?

- Onu da qeyd edim ki, İranda bu formada keçirilən etirazlar ilk deyil. Hələ 2017-ci ilin dekabr ayında İranda sosial-iqtisadi tələblərlə bağlı etirazlar başlamışdı, yanvar ayı ərzində də davam etdi. Bu etirazların qarşısı zorakılıqla alındı, indi də bu prosesin qarşısı eyni formada alınmağa çalışılır. Amma hazırda ətrafındakı regional və beynəlxalq vəziyyət ciddi şəkildə İranın əleyhinədir. Hadisələrin bundan sonrakı inkişafı həm daxili, həm də xarici siyasi inkişafdan asılı olacaq.

Görünən budur ki, İranda sabitliyin pozulmasında maraqlı olan qüvvələr açıq və gizli şəkildə bu prosesi qızışdıracaq. İran hakimiyyəti də əvvəllər olduğu kimi, etiraz aksiyalarını zorakı üsullarla yatırmağa çalışacaq.

- Bəs daxildəki gərginliyin İranda köklü dəyişikliyə yol aça biləcəyi ehtimalı ilə bağlı nə deyə bilərsiniz?

- İran rejimi ilə etirazların miqyasını müqayisə etsək, əvvəlki illərin – 2009-2017-ci illərin təcrübəsini nəzərə alsaq, bu etirazları yatırtmaq üçün rejimin kifayət qədər potensialı var. Amma proses fərqli xarakter də ala bilər. Xaricdə hazırlanmış məqsədyönlü silahlı dəstələr, silahli müxalifət və terrorçu qruplar bu prosesə cəlb olunsa, xüsusi əməliyyatlar işə salınsa, o zaman vəziyyət bir qədər dəyişəcək. Ciddi və gərgin xarakter alacaq.

- Regionun digər ölkəsi – Türkiyə ətrafında baş verənlər də maraqlıdır. Prezident Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla görüşdən sonra ara bir qədər sakitləşmiş kimi görünür.

- Mənə elə gəlir ki, burada əsas razılaşma qırılma nöqtəsinə çatan münasibətlərin qopmasının qarşısını almaqla bağlıdır, başlıca razılaşma olaraq bunu görürəm. Tərəflər yaranmış vəziyyətin həssaslığını anlayır və gəlib çatdığı həddi görür. Həm ABŞ, həm də Türkiyə bundan sonra atılacaq hər bir addımın münasibətlərini qopara biləcəyini anlayır. Buna görə də razılığa gəliblər ki, bundan sonra gərginliyi artıracaq və münasibətləri daha da kəsinləşdirəcək addımlar atılmasın, mümkündürsə, münasibətlərin normallaşması istiqamətində işlər görülsün. Dövlət katibi Mayk Pompeonun xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündən sonra verdiyi açıqlamda da bu, özünü göstərdi.

- Amma Çavuşoğlu bildirdi ki, anlaşmanın şərtləri yerinə yetirilmir, buna görə də türk ordusu Suriyada yarımçıq qoyduğu əməliyyatları başa çatdıra bilər.

- Əlbəttə, mən problemlərin həll olunduğunu demədim. Dedim ki, ABŞ və Türkiyə bundan sonra münasibətləri kəskinləşdirəcək addımların atılmaması barədə razılığa gəlib. Mövcud problemlər davam edəcək və bir həll yolu axtarışları aparılacaq.

- İŞİD lideri Əbu Bəkir əl-Bağdadi öldürüldü, amma bu terror təşkilatının yenidən dirilməsi və təşkilatlanmağa başladığı iddiası yenə gündəmdədir. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yaydığı son hesabatda da bu açıq formada dilə gətirilir.

- İŞİD idarəolunan bir təşkilatdır. Ümumiyyətlə, nəinki İŞİD, bütün terror təşkilatlarının mütləq əksəriyyəti xarici dövlətlərin, onların xüsusi xidmət orqanlarının nəzarətindədir. Bu təşkilatlardan zaman-zaman xarici siyasət aləti kimi istifadə olunur. Buna gör də bundan sonra vəziyyətə uyğun olaraq İŞİD-i tamamilə yox edə və canlandıra, yaxud hansısa təşkilatla birləşdirib daha böyük terror ittifaqı qura bilərlər. Bu, artıq xarici dövlətlərin regionda aparacağı siyasətdən asılıdır.


Müəllif: Mənsur Rəğbətoğlu