“Erməni lobbisinin güclü olduğu ölkələrdən biri də Bolqarıstandır. Təsadüfi deyil ki, faşist Qaregin Njde də uzun illər bu ölkədə yaşayıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin fikrincə, erməni lobbisi və ona qulluq edənlər Bolqarıstanda bu gün də əhəmiyyətli rol oynayırlar:
“Məsələn, Bolqarıstanın baş naziri Bakıya səfər etdikdən sonra erməni lobbisi bu səfərin təsirini azaltmaq üçün təcili Bolqarıstan prezidentinin İrəvana səfərini təşkil etdi. Və ya Azərbaycan qazının alıcıları arasında Boqlarıstan da var. Hətta Azərbaycan Dövlət Neft Şirkətinin Bolqarıstanda qaz paylayıcı çalışmalara başlayacağı müzakirə edilir. Ancaq həmin erməni lobbisi bunun qarşısını almaq üçün var gücüylə çalışır.
Erməni lobbisi Bolqarıstan Xarici İşlər Nazirliyinə o qədər sirayət edib ki, həmin lobbi Bolqarıstanın müxtəlif ölkələrə səfir təyinatına da təsir etmək gücündədir. Bolqarıstanda Azərbaycan və Türkiyə ilə münasibətlərə önəm verən mərkəzlər, siyasətçilər və diplomatlar da var, ancaq onlar bəlli qüvvənin təzyiqi ilə də üz-üzədir”.