21 Noyabr 2019 20:58
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi.

Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edərkən deyib.

Prezident İlham Əliyev bildirib: "Mən sizi və bütün sumqayıtlıları, eyni zamanda, bütün Azərbaycan xalqını Sumqayıtın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar, yeni qələbələr arzulayıram.

Bu gün Sumqayıt müasir, böyük sənaye potensialına malik olan, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl şəhərdir. Əldə edilmiş bütün nailiyyətlər münasibətilə sumqayıtlıları təbrik edirəm.

Sumqayıtın qədim tarixi var. Ancaq şəhər kimi Sumqayıt 70 il bundan əvvəl formalaşdı. 1949-cu il noyabrın 22-də Nazirlər Sovetinin qərarı ilə Sumqayıt şəhəri yaradılmış və Sumqayıtın sürətli inkişafı başlamışdır. Sumqayıt sənaye şəhəri kimi formalaşdı, kimyaçılar şəhəri kimi inkişaf etdi. Sumqayıtda bir çox sənaye müəssisələri, yeni iş yerləri yaradılmışdır. Azərbaycanın müxtəlif bölgələrindən Sumqayıta kadrlar gəlməyə başlamışdır. Eyni zamanda, Sovet İttifaqının digər respublikalarından gələnlər Sumqayıtda işlə təmin olunmuşdular.

Ancaq əfsuslar olsun ki, şəhərin yaranmasının birinci mərhələsini əhatə edən dövr ərzində Sumqayıtda ekoloji tarazlığa fikir verilməmişdir, ekoloji tarazlıq pozulmuşdur. Sumqayıt o illərdə Sovet İttifaqında ekoloji cəhətdən ən qeyri-təmiz şəhər kimi fəaliyyət göstərirdi. Əlbəttə ki, bu, insanların sağlamlığına zərər vururdu, ekoloji tarazlıq pozulmuşdur. Ancaq 1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra ekoloji vəziyyətə diqqət yetirməyə başlamışdır. Mən bilirəm ki, Heydər Əliyev Sumqayıtın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün mərkəzi orqanlara dəfələrlə müraciət etmişdir, müvafiq tədbirlər görülmüşdür, təmizləyici qurğular quraşdırılmışdır və 1970-ci illərdə şəhərin ekoloji vəziyyəti yaxşılaşdırılmışdır, ancaq standartlara hələ də tam cavab vermirdi. Ancaq bu gün biz görürük ki, Sumqayıt ekoloji cəhətdən təmiz bir şəhərdir, havası təmizdir, təbiəti çox gözəldir. Əminəm ki, bu istiqamətdə bundan sonra da atılacaq addımlar Sumqayıtı daha da gözəlləşdirəcək.

Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi, burada yeni yaşayış binaları tikildi, sosial obyektlər yaradıldı, parklar, xiyabanlar salındı, ağaclar əkildi və Sumqayıt Sovet İttifaqı müstəvisində mühüm ümumittifaq əhəmiyyətli sənaye şəhəri kimi inkişaf etmişdir. 1982-ci ildə ulu öndər Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanın hər bir yerində olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başlamışdır. O vaxtkı respublika rəhbərliyi öz məsuliyyətini tam dərk etmirdi, proseslərə nəzarət etmirdi və bunun nəticəsində Azərbaycanda inkişaf demək olar ki, getmirdi, durğunluq dövrü başlamışdı. Heydər Əliyev Siyasi Büronun üzvü və Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini kimi Azərbaycana daim kömək və diqqət göstərirdi, buna baxmayaraq, respublikada işlər tənəzzülə uğrayırdı. Xüsusilə 1985-ci ildən sonra Sovet İttifaqında dırnaqarası yenidənqurma dövrü başlamışdı. Həm Sovet İttifaqında çox mənfi proseslər getməyə başlamışdı, o cümlədən Azərbaycanda. Təsadüfi deyil ki, dırnaqarası yenidənqurma siyasəti başlanandan 6 il sonra Sovet İttifaqı kimi nəhəng dövlət çökdü.

1985-ci ildə Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Çünki həm iqtisadi sahədə durğunluq hökm sürürdü, eyni zamanda, erməni millətçiləri baş qaldırmışdı, həm Dağlıq Qarabağda, həm də respublikamızın digər yerlərində, o cümlədən Sumqayıtda. Ulu öndər Heydər Əliyevin dövründə Dağlıq Qarabağda azərbaycanlı əhalinin faiz nisbəti kəskin artmışdır, 2 dəfə artmışdır və azərbaycanlı əhali 30 faizə çatmışdır. Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı. Dağlıq Qarabağda erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında məsələ qaldırırdılar. Əfsuslar olsun ki, Azərbaycan Respublikasının rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da yuva qura bilmişdilər və burada da xoşagəlməz proseslərə artıq təkan verilmişdi. Bildirməliyəm ki, Sovet İttifaqının süquta uğramasının bir neçə səbəbi var. Onların ən başlıcası odur ki, iqtisadi münasibətlər düzgün qurulmamışdı, planlı iqtisadiyyat özünü doğrultmamışdı. Sovet İttifaqının inkişafı 1980-ci illərdə daha çox neft amilinə söykənirdi və neftin qiyməti dünya bazarlarında kəskin düşəndən sonra gəlirlər də azaldı və bu gəlirləri başqa sahələrdən əldə edilən mənfəət hesabına formalaşdırmaq mümkün olmadı. Ona görə əlbəttə ki, iqtisadi amil birinci rol oynayırdı, eyni zamanda, 1985-ci ildən sonra Sovet İttifaqında milli siyasət sahəsində çox kobud səhvlər buraxılmışdır. Sovet İttifaqını böyük, çoxmillətli ölkə kimi ayaqda saxlayan, o cümlədən milli siyasət idi. Müttəfiq respublikalarda yerli milli kadrların qabağa çəkilməsi adi təcrübə idi. 1985-ci ildən sonra bu sahəyə böyük zərbə vuruldu. Biz yaxşı xatırlayırıq ki, o vaxt xüsusilə müsəlman respublikalarına münasibət çox mənfi idi. Müsəlman respublikalarının rəhbərlərinə qarşı qarayaxma kampaniyaları aparılırdı. Ümumittifaq mətbuatında bu respublikalar haqqında ancaq mənfi materiallar dərc edilirdi. Bu respublikalara mərkəzdən istintaq qrupları göndərilmişdi və elə bir rəy yaradılmışdı ki, Orta Asiya respublikalarında və Azərbaycanda vəziyyət bərbaddır, vəziyyət kritik həddə çatıb və o respublikaları idarə edənlər vəzifə borcunu yerinə yetirə bilmirlər. Əlbəttə ki, hər bir respublikada pozuntular da, nöqsanlar da olmuşdur, ancaq digər respublikalarda da bunlar var idi. Nə üçün bu istintaq qrupları Ermənistana, Gürcüstana, Ukraynaya, Moldovaya və digər respublikalara göndərilmirdi? Ancaq Orta Asiya respublikalarına və Azərbaycana göndərilirdi. Beləliklə, Sovet İttifaqının təməl sütunu olan milli siyasət artıq deformasiyaya uğramışdır.

Eyni zamanda, separatçılara imkan yaradıldı ki, onlar nəinki öz cəfəng fikirlərini səsləndirsinlər, həm də ictimai rəyə təsir etsinlər. O vaxt biz yaxşı xatırlayırıq ki, erməni millətçiləri, o cümlədən cəllad Balayan, Kaputikyan və digərləri azərbaycanlılara qarşı açıq-aydın etnik ayrı-seçkilik toxumları səpirdilər. Ümumittifaq mətbuatında bu barədə açıq söhbət gedirdi və ümumiyyətlə, Azərbaycana qarşı ədalətsiz münasibət göstərilirdi. Bütün bunlar 1987-ci ildən sonra baş vermişdir. Çünki 1987-ci ildə Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Azərbaycan hədəf seçildi. O dövrü təhlil edərkən bir daha görürük ki, bütün bu hadisələr erməni millətçilərinin və onların havadarlarının məkrli planının bir hissəsi idi. Baxın, 1985-ci ildən sonra Heydər Əliyev Qorbaçovun yarıtmaz siyasətinə qarşı açıq şəkildə çıxış etmişdi, buna görə ona qarşı kampaniya başlamışdı, həm mərkəzi mətbuat orqanlarında, həm də ki, Azərbaycanda. Burada da milli satqınlar mərkəzə donoslar yazmağa başlamışdılar. 1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar. Onlar belə cəhdlər edirdilər, amma Heydər Əliyev bunun qarşısını layiqincə alırdı. Yəni, plan onu vəzifədən uzaqlaşdırmaq və bu məqsədlə buradakı yerli satqınlar, xainlər vasitəsilə donos göndərmək, erməni millətçiləri tərəfindən məsələ qaldırmaq idi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz. Beləliklə, iğtişaş törətmək, hansı ki Sumqayıtda baş verdi və ondan sonra məsələ qaldırmaq ki, ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşaya bilmirlər. Buna görə də Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir. Bax, plan bundan ibarət idi və əfsuslar olsun ki, bu plan həyata keçdi.

Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni, tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir. Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər