22 Noyabr 2019 15:30
1 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda fəallaşmanın kökləri var. Hələ yaydakı aksiyalar zamanı gürcü hakimiyyəti bildirmişdi ki, növbəti seçkilər proporsional seçki sistemi üzrə keçiriləcək. Ancaq indi bu o qədər də arzu edilmir.

Bu fikirləri Teleqraf.com-a siyasi şərhçi, professor Əli Abbasov Gürcüstanda müşahidə edilən siyasi qarşıdurmalar, etiraz aksiyaları və 2020-ci ildə keçiriləcək parlament seçkiləri haqqında danışarkən deyib.

Professor əlavə edib ki, Gürcüstanın indiki hakimiyyəti Avropa, NATO və ABŞ-la bağlı siyasəti davam etdirir: “Amma “Gürcü Arzusu”na qarşı birləşmiş müxalifət çıxış edir. Ora 22 siyasi partiya daxildir. Onların içərisində rusmeylli, neytral, qərbpərəst partiyalar var. Hər halda inanmıram ki, xarici beynəlxalq qurumlar gürcü hakimiyyəti qarşısında hansısa tələblər qoysun.

Maraqlıdır ki, Gürcüstanda keçirilən sonuncu sorğuya görə, ən aşağı reytinqi malik şəxs Bidzina İvanişvilidir. Onun reytinqi heç vaxt indiki qədər aşağı olmayıb.

Ondan aşağı reytinq isə indiki ölkə prezidenti olan xanım siyasətçiyə məxsusdur. Ola bilsin, müxalifət sona qədər seçkilərin proporsional sistem üzrə keçirilməsini tələb etsin və sonda bu mövqe hakimiyyət tərəfindən qəbul edilsin”.

Siyasi şərhçi əlavə edib ki, seçki proporsional sistem üzrə keçirilsə, “Gürcü Arzusu” və onun lideri İvanaşvili yeni resurs axtarıb tapmalıdır. Əks təqdirdə köhnə resursla heç nə edə bilməz və böyük ehtimalla seçkilərdə uduzacaq: “Vəziyyət o qədər də yaxşı deyil, bunu hamı anlayır. O cümlədən gürcü hakimiyyəti”.

Əli Abbasovun fikrincə, gürcü müxalifəti son dərəcə fəaldır: “Axşam meydandan qovulurlar, səhər yenidən toplaşırlar, nəqliyyatın hərəkətinə maneə olurlar. Yəni gərginlik var və belə görünür ki, müxalifət bu istiqamətdə addımlarını davam etdirəcək. Əslində Gürcüstanda qarşıdurma çoxdan gedir. İndi hakimiyyət ya seçki sistemini dəyişmək tələbini qəbul etməlidir, bu halda həm də uduzacaq, ya da indiki mövqedə qalmalıdır. Hər iki mövqe “Gürcü Arzusu”na zərbə vuracaq.

Hər halda hakimiyyət partiyasının sədri və parlamentin spikeri bəyan edib ki, parlament bir daha proporsional seçki sisteminə keçidlə bağlı məsələyə baxmayacaq. Deməli, gərginlik davam edəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər