“Rusiya hesab edir ki, Gürcüstan strateji nöqtədir, buradan həm Türkiyəyə, həm Yaxın Şərqə, həm də Avropaya öz təsirini göstərə bilər. Dövlətlərin geosiyasi, strateji maraqları fərqli ola bilər, amma mən düşünürəm ki, Gürcüstanın əsas dayağı və gücü cəmiyyətdir”.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Bir neçə gündür Gürcüstanda başlayan etirazlar səngimək bilmir. Nə hakimiyyətdən tələblərin yerinə yetiriləcəyi bildirilir, nə də etirazçılar geri çəkilmək niyyətindədir.
- Hakimiyyətin yanlışları, o cümlədən Gürcüstanın demokratik imicinə vurduğu ziyanlar, cəmiyyətdə maksimalist şüarların iflasa uğraması, proseslərin post-Saakaşvili dönəmində əks istiqamətdə inkişafı, korrupsiyanın yenidən çiçəklənməsi, insan haqlarının pozulması cəmiyyətin əhəmiyyətli hissəsini səfərbər etdi. Habelə hakimiyyətin son parlament və prezident seçkilərində saxtakarlığa imza atması cəmiyyəti və siyasi qüvvələri təmərküzləşdirdi. Sonuncu prezident seçkisində müxalifətin əhəmiyyətli hissəsi yeni prezidentin legitimliyini tanımadı. Bu isə Gürcüstan cəmiyyətində qütbləşmə yaratdı. Bu gün həmin proses gedir. Hakimiyyət isə qarşıdan gələn parlament seçkilərində saxtakarlığa hazırlığa start verib. Buna görə də insanlar parlament seçkilərinin proporsional sistemdə keçirilməsini tələb edir.
Aksiyaların birinci mərhələsində zor tətbiq olundu, insanlara güllə atıldı, yaralananlar oldu, nəticədə daxili işlər nazirinin istefası tələb olundu. Amma hakimiyyət – İvanişvilinin komandası bunu nəzərə almayaraq, həmin daxili işlər nazirini baş nazir təyin etdi. O cümlədən, hakimiyyət proporsional seçki sisteminə keçidlə bağlı verdiyi vədə əməl etmədi. Hakimiyyət niyə konfrontasiyaya gedir? Önəmli sual budur. Halbuki bunun onun ziyanına olduğunu görür. Hesab edirəm ki, bu ideya Rusiyadan gəlir. Yəni, Rusiyanın maraqlarına uyğun bir mühitin yaradılmasına cəhdlər edilir. Rusiya da Gürcüstan cəmiyyətinin təmərküzləşməsində maraqlı deyil. Rusiya həm ölkələr arasında, həm də cəmiyyətlər daxilində konfrontasiyada maraqlıdır. İvanişvili komandası da müxalifət partiyaları ilə ortaq konsensusa gələrək demokratiyanı inkişaf etdirmək əvəzinə, əks qütbləşməyə gedir. Əlbəttə bu, dövlətin milli maraqlarına uyğun deyil.
- Proseslər hansı istiqamətə dönə bilər?
- Bu proses müxalifətin əks qütblərdə olan hissəsini birləşdirdi, vahid bir platformanın qurulması ideyası işlənilir. Üstəgəl seçki islahatları ilə bağlı layihə də təklif olunub. Hakim komandada sökülmələr var, parlamentdəki çoxluq tənəzzül prosesinə girib. Buradan müxalifət və xalqın tərəfinə keçənlərin sayı artıb. Hesab edirəm ki, proses siyasi gərginliyə ayaq aça bilər. Bu gərginlik erkən parlament və prezident seçkilərinin keçirilməsi məsələsini aktuallaşdıra bilər. Hadisələr belə inkişaf etsə, qarşıdakı parlament seçkilərində cəmiyyətin əhəmiyyətli hissəsi hakimiyyətə qarşı səfərbər olacaq. Bundan sonra saxtakarlığa qarşı mübarizə başlaya bilər ki, bunun da İvanişvili komandasının dinc yolla hakimiyyətdən getməsi ilə nəticələnməsi mümkündür.
Hazırkı mübarizəyə qarşı qarşıdurma yolu seçilsə və ya silahlardan istifadə edilsə, bu, üçüncü qüvvənin bölgəyə müdaxiləsinə şərait yarada bilər. Rusiya demonstrativ formada, İran isə altdan-altdan bu proseslərə müdaxilə edə bilər. Hər iki ölkənin maraqları Gürcüstanın demokratikləşməsi ilə üst-üstə düşmür. Bu proses köhnə Sovet idarəetmə sistemini bərqərar etmək və ya Rusiyanın təsir dairəsində saxlamaq üçün baza yaratmaqdan ibarətdir. Bunu da Gürcüstanın indiki hakimiyyətinin içində oturan beyin mərkəzi idarə edir.
- Son günlər iş adamı Mamuka Xazaradzenin siyasi meydanda fəallaşması haqda məlumatlar dolaşır. Düzdür, Xazaradze Anakliya layihəsində keçmiş baş nazir Bidzina İvanişvili ilə ortaqdır, amma aralarında siyasi fikir ayrılıqları var. Sizcə, ABŞ, xüsusən də İngiltərə ilə isti əlaqələri olan bu şəxsin İvanişvili və komandasına qarşı ciddi siyasi fiqura çevrilmək gücü varmı?
- Gürcüstan cəmiyyəti İvanişvilinin timsalında böyük kapitallara sahib olan gücün siyasi səhnəyə gəlməsinin ağrısını yaşadı. Çünki İvanişvilinin kapitalının əhəmiyyətli hissəsi Rusiya ilə bağlıdır. Biz Amerikanın özündə də bir iş adamının siyasətə gəlməsinin hansı təlatümlərə yol açdığını gördük. Bu baxımdan, düşünürəm ki, Xazaradzenin ən böyük xidməti öz kapitalının müəyyən hissəsini milli qüvvələrin təmərküzləşməsi üçün xərcləməsindən ibarət ola bilər. Gürcüstan cəmiyyətinin rəyinə əsaslanaraq deyə bilərəm ki, onun hakimiyyətin zirvəsinə qalxmasına imkan verilməyəcək. İnsanlar kapitaldan qorxurlar. Xüsusən də, bu kapitallar çirkli olanda bundan daha çox ehtiyat edirlər.
Gürcüstanda yetkin siyasi qüvvələr, yetkin platformalar var, siyasi və hüquqi islahatları görmüş bir Gürcüstan cəmiyyəti var, insanlar da bunlara meyllidir. Böyük kapitallarla Gürcüstan üçün müsbət işlərin görüləcəyinə inanmırlar. Çünki ölkənin ən zəngin adamı İvanişvili idi, o da hakimiyyətə gəlmək üçün böyük pullar xərclədi, amma Rusiyanın işğalçılıq siyasətini dayandıra bilmədi. Demək ki, burda pul yox, zehniyyət, dövlətin maraqlarını ön planda tutan milli qüvvələr rol oynayır. Bu baxımdan, Gürcüstan cəmiyyətinin buna yol verməyəcəyini düşünürəm, yol versə də, ölkə üçün faydalı işlər görməsini tələb edəcək.
- Sizcə, proseslər təkcə Gürcüstan cəmiyyətindən asılıdır, bəs Gürcüstanda maraqları olan Qərbin siyasi dairələri – ABŞ və ya Avropa İttifaqı?
- Əlbəttə ayrı-ayrı qüvvələrin maraqları var. Qərb Gürcüstanda demokratik islahatların keçirilməsində, onun NATO-ya daxil olmasında maraqlıdır. Həmçinin Gürcüstanın Avropanın enerji təhlükəsizliyində tranzit ölkə olaraq rolu var. Rusiya isə hesab edir ki, Gürcüstan strateji nöqtədir, buradan həm Türkiyəyə, həm Yaxın Şərqə, həm də Avropaya öz təsirini göstərə bilər. Dövlətlərin geosiyasi, strateji maraqları fərqli ola bilər, amma mən düşünürəm ki, Gürcüstanın əsas dayağı və gücü cəmiyyətdir. Cəmiyyət toparlansa, onlara cavab vermək mümkün olacaq, amma oliqarxları qabağa verəcəklərsə, vəziyyət başqa hal ala bilər. Mənə elə gəlir ki, Gürcüstanda xalqın iradəsi öndə olacaq. Harada ki, xalq ayaq üstədir, ora müdaxilə etmək imkanları həmişə aşağı olacaq.
Məsələn, bunu Türkiyənin timsalında da görə bilərik. Türkiyəni ayaqda saxlayan həm siyasi sistemdə tarazlığın olması, həm də türk cəmiyyətinin beynində ölkəni qorumaq fikrinin dominant olmasıdır. Bu, inkişaf modelidir, cəmiyyəti idarə edən və idarə etməyə can atan hissəsi vahid platformada birləşir. Buna görə də Gürcüstanda da xalqın iradəsinin öndə olacağını düşünürəm.
- Gürcüstanda yaşayan azərbaycanlıların baş verənlərlə bağlı mövqeyi nədən ibarətdir, aktivlik nümayiş etdirə bilirlərmi?
- Gürcüstanda çoxdan çoxpartiyalı sistem bərqərar olub, bu partiyada təmsil olunan soydaşlarımız var. Amma onların sayı azdır, kaş ki, soydaşlarımız siyasi proseslərin içində olardı. Amma dünənki aksiyalarda bizim soydaşlarımız və aktiv siyasi fiqurlarımız orada idilər, çağırışlar edirdilər. Bu, məni sevindirir.
Hesab edirəm ki, Borçalı üçün hazırlanan məkrli planların, daha qorxulu ssenarilərin, Azərbaycan dövlətini təhdid edəcək planların pozulmasının ən birinci qarantı Gürcüstandakı soydaşlarımızın ictimai fəallığıdır. Siyasi-ictimai fəallıq onları bir hədəf uğrunda birləşdirə bilər ki, bu da planları poza bilər. Hamı bilməlidir ki, Gürcüstanda uzun müddətdir tarixi Borçalı üzərində çirkin oyunlar gedir, bu oyunlar bu gün də davam edir. Buna münbit şərait yaratmamaq lazımdır. Bunun üçün da orada olan siyasi xadimlərimiz aktiv olmalıdır ki, cəmiyyəti öz ətrafında birləşdirib hədəflərə çatdıra bilsinlər. Əks halda, siyasi proseslərdən kənarda qalan cəmiyyətin üzərində manipulyasiya imkanları genişlənəcək. Bunu Zəngəzur və Dərbənddən tutmuş, işğal edilmiş Dağlıq Qarabağın timsalında da gördük, yaşadıq.