“Rusiya və NATO arasında artan böhranı aradan qaldırmaq üçün Bakı yenidən körpü rolunu oynayır. NATO-nun Hərbi Komitəsinin rəhbəri Stüart Piç və Rusiyanın baş qərargah rəisi Valeri Gerasimov növbəti dəfə Bakıda görüşərək danışıqlar aparır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, Azərbaycan NATO və Rusiya arasında siyasi xəttin kəsişdiyi, hər iki tərəflə yüksək əlaqələrə malik olan ölkədir:
“Şərqi Avropa ölkələri NATO-nun təsiri altındadır, Gürcüstanın mövqeyi də bəllidir, Ermənistan isə Rusiyanın forpostudur. Buna görə də bitərəf Bakı tərəflərin maraqlarına uyğundur.
Son illərdə hər iki tərəf Şərqi Avropa, Qafqaz və Qara dəniz hövzəsində geosiyasi qarşıdurma yaşayır. Digər yandan, NATO baş katibi yaxın günlərdə Avropada hərbi kontingentin artırılması və Rusiyaya qarşı yeni mübarizə planını elan etdu. Rusiya Prezidenti Putin isə NATO-nun bu çağrışlarına cavab olaraq, Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya-NATO geosiyasi qarşıdurması regionumuzda yeni dəyişikliklərə gətirib çıxara bilər:
“Qənaətimə görə, Gürcüstanda baş verən son olaylar bu qarşıdurmanın nəticəsidir. NATO Gürcüstan və Azərbaycan üzərindən Mərkəzi Asiyaya açılmağı hədəfləyib. Bu baxımdan, Xəzər regionu alyans üçün hərbi-siyasi cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Bu bölgə həm də Çinin genişlənmə siyasətinə qarşı baryer rolunu oynamalıdır.
Böyük dövlətlərin maraqlarının toqquşduğu bölgənin mərkəzində yerləşən Azərbaycan bu baxımdan hər iki tərəf üçün kifayət qədər önəmlidir. Hesab edirəm ki, NATO regiondakı nüfuzunu gücləndirsə, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana açıq dəstək verə bilər. Bu dəstək indi NATO-nun Ukrayna və Gürcüstana verdiyi dəstəkdən daha artıq olacaq. Bu baxımdan, bu geosiyasi qarşıdurmanın yeni işartıları görünməyə başlayıb”.