Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiya Federasiyasına səfəri çox uğurlu, yüksək səviyyəli səfər kimi dəyərləndirilməlidir. Onun yüksək səviyyədə qarşılanması və keçirdiyi görüşlər, həmin görüşlərdə səsləndirilən fikirlər, müzakirələr hamısı çox dəyərlidir. Hesab edirəm ki, bu səfər iki dövlət arasında bütövlükdə münasibətlərin, əlaqələrin daha yüksək səviyyəyə qalxmasına xidmət edəcək.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.
O qeyd edib ki, Azərbaycan tarix boyu bütün qonşulara, o cümlədən Rusiyaya münasibətdə səmimi, düzgün olub:
“Biz qonşularımızdan, o cümlədən Rusiya Federasiyasından da qonşuluqda səmimi, etibarlı münasibət gözləyirik. Yəni, biz həmişə etibarlı tərəfdaş, səmimi qonşu olduğumuzu nümayiş etdiririk. Bunun qarşılığını da gözləyirik. Təəssüf ki, bəzən bunun qarşılığını görə bilmirik. Ancaq hesab edirəm ki, bu görüş münasibətlərimizin səmimi, daha yüksək səviyyədə olmasına xidmət etdi, edir və bundan sonra da bəhrəsini verəcək. Ümumilikdə səfər və keçirilən görüşlər çox yüksək səviyyəli oldu”.
Elman Məmmədovun sözlərinə görə, bu səfər zamanı keçirilən görüşlərin səviyyəsi göstərdi ki, bu gün Rusiya Federasiyası Azərbaycan dövlətinə və onun rəhbərliyinə xüsusi münasibət və hörmət nümayiş etdirir:
“Bu da təsadüfi deyil. Bu, Azərbaycanın səmimiyyəti, dostluğa, yaxın qonşuluq münasibətlərinə sadiqliyi qarşılığındadır. Eyni zamanda hörmətli Mehriban xanımın bu illər ərzində göstərdiyi fəaliyyətin nəticəsi, Rusiya-Azərbaycan dostluğuna verdiyi töhfələrin bəhrəsidir. O səbəbdən Rusiya Federasiyasının ali dövlət mükafatı ilə təltif edildi. Mən əmin olduğumu bildirirəm ki, bu səfər iki qonşu dövlətin münasibətlərində daha geniş imkanlar açılmasına, daha ədalətli əməkdaşlıq olmasına xidmət edəcək”.