27 Noyabr 2019 20:14
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlbəttə, istənilən bu cür təşəbbüs Azərbaycan dövlətinin istəyi və bilgisi çərçivəsində olmalıdır. Çünki Azərbaycan dövlətinin dövlət olaraq iştirak etmədiyi belə təşəbbüslərin əleyhinəyəm. Bəzən görürsünüz vətəndaş cəmiyyəti üzvləri özləri, yaxud beynəlxalq təşkilatlar ayrı-ayrı vətəndaşların gedib-gəlməsi, yaxud platformalarda iştirak etməsi üçün təşəbbüslərlə çıxış edirlər. Mən düşünürəm ki, bu məqsədəuyğun deyil. Mənim şəxsi mövqeyim bundan ibarətdir.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi ekspert Azər Həsrət deyib.

O qeyd edib ki, Azərbaycan dövləti müəyyən müzakirələr nəticəsində belə qərara gəlirsə ki, hansısa mərhələdə məhdud sayda fəallar Ermənistana getməli, yaxud ordan bura kimlərsə gəlməlidir və bunun da konkret proqramı olursa, əlbəttə, bunu məqbul saymaq olar:

“Amma istənilən halda Azərbaycan dövləti və xalqı heç bir halda müharibə variantını istisna etməməlidir. Çünki biz sülh istəyiriksə müharibəyə hazır olmalıyıq. Azərbaycan xalqının, dövlətinin də kifayət qədər gücü, qüdrəti var ki, bu müharibədə üstün tərəf kimi iştirak etsin. Mən düşünürəm ki, Ermənistana da bu mesaj hər zaman verilməlidir. İstər biz ora səfər edəcəyimiz təqdirdə, istər onlar bura gələcəyi təqdirdə. Yəni, ermənilər bura gəlib o ab-havanı görməlidirlər. Görməlidirlər ki, Azərbaycan xalqı hər an müharibəyə hazırdır və bu müharibə bərpa ediləcəyi təqdirdə Ermənistan üçün böyük bir fəlakət yaşanacaq. Bu mesajı çatdırmaq üçün bəli, belə təmasların olması mümkündür, qəbulediləndir. Amma ümumilikdə mən genişçaplı, genişmiqyaslı və intensiv təmasların tərəfdarı deyiləm. Yəni, insanlar gediş-gəlişi o həddə çatdırmamalıdırlar ki, bütövlükdə Qarabağ problemi arxa plana keçsin, müzakirə müstəvisindən çıxarılsın və yeni bir müzakirə müstəvisi açılsın. Yəni, baxın xalqlar, ictimai-siyasi fəallar arasında təmaslar var və bu da bizim ümumi işimizin xeyrinə ola bilər. Necə deyərlər, dost olmağına olaq, amma çomağı da əldən qoymayaq. Bizim bir nömrəli vəzifəmiz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişənin həllinə nail olmaqdır. Bu sülh yolu ilə, vətəndaş təmasları ilə mümkündürsə o yolla edək, o yolla mümkün deyilsə, əlbəttə, müharibə varintını istisna etməyək. Üstəlik, Ermənistan anlamalıdır ki, ən qısa müddətdə sülh yolu ilə razılığa gəlməyəcəyi təqdirdə qarşısında Azərbaycan əsgərini görməli olacaq”.

Qeyd edək ki, noyabrın 17-21-də Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri baş tutub.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər