29 Noyabr 2019 11:00
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putinlə Mehriban Əliyevanın görüşü, “Azərbaycan” pavilyonunun birgə açılışı və Rusiya dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə “Dostluq” ordeninin verilməsi Rusiya-Azərbaycan münasibətlərinin spesifik unikallığının göstəricisidir.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın tanınmış hərbi analitiki, Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin dosenti, “Rusiya zabitləri” ekspert qrupunun üzvü Aleksandr Perenciyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu spesefik unikallığın əsas faktoru məhz Mehriban Əliyevanın şəxsiyyəti ilə bağıdır.

“Düşünürəm ki, Azərbaycan Prezidentinin xanımının fəaliyyəti yaxın gələcəkdə Azərbaycan siyasətini, Rusiya-Azərbaycan münasibətlərini və təbii ki, qadınların siyasətdəki rolunu öyrənən politoloqların müzakirə mövzusu olacaq.

Psixoloqlar qeyd edir ki, cəmiyyətdə və xüsusən də kişilərin əksəriyyət təşkil etdiyi kollektivlər içində qadınlar olduqda mədəniyyətin səviyyəsi və mənəvi-psixoloji durumun yuksəlişi müşahidə olunur. Bu isə öz növbəsində peşəkarlığın və görülən işin keyfiyyətinin artmasına töhfə verir”, - deyə həmsöhbətimiz qeyd edib.

Perenciyevin sözlərinə görə, kütləvi informasiya vasitələri dövlət başçılarının xanımlarının, əsasən də Qərb ölkələrində, yüksək vəzifəli həyat yoldaşlarının siyasi prinsiplərinin davamçısı olduqlarını vurğulamaq üçün onları “Birinci ledi” adlandırırlar:

“Ancaq eyni zamanda qeyd etmək lazımdır ki, elə “birinci ledilər” də var ki, onlar öz dövlətlərinin siyasi qərarlarında iştirak etmir və dövlətin ümumi siyasətinə təsir etmək səlahiyyəti də olmur.

Mən vurğulamaq istərdim ki, ilk növbədə Mehriban Əliyevanın siyasi və hüquqi fəaliyyəti əsl mənada “Azərbaycanın birinci xanımı” statusuna tam olaraq cavab verir. Və əlbəttə, bunu da qeyd etmək vacibdir ki, xanım Əliyevanın bu cür fəaliyyəti “Müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda qadınlar cəmiyyətdə sıxışdırılır” mifini puça çıxarır. Mehriban Əliyeva öz fəaliyyəti ilə yüksək vəzifədə olan bir qadının dünya siyasətində, dövlətinin mövqeyinin möhkəmləndirməsində, milli maraqlarını qorumasında, digər ölkələrlə münasibətlərin yaxşılaşdırmasında rolunu əyani şəkildə göstərir”.

Onun sözlərinə görə, Azərbaycanın birinci xanımı Rusiya-Azərbaycan münasibətlərində illərdir qorunan strateji əməkdaşlıgı yeni mərhələyə qaldırmaga, bu münasibətlərə rəng qatmaga nail oldu:

“Artıq əməkdaşlığımızda eleqantlıq, yüksək səviyyəli insanlıq, incəlik və xeyirxahlıq müşahidə olunur. Bu keyfiyyətlərin hamısı isə Mehriban Əliyevanın obrazında cəmlənib.

Əminəm ki, Azərbaycan Respublikası başçısının həyat yoldaşının yüksək dövlət vəzifəsindəki fəaliyyəti dünya siyasətində Azərbaycanın rolunun artmasına, ərazi problemlərinin həllinə, siyasət, iqtisadiyyat, mədəniyyət, informasiya və hərb sahələrində Rusiya-Azərbaycan münasibətlərinin daha da yaxşılaşdırılmasına öz müsbət töhfəsini verməkdə davam edəcəkdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər