29 Noyabr 2019 16:45
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təbii ki, Ombudsman insititunun əhəmiyyəti haqqında danşmaq yerszidir. Bilirik ki, hazırda Ombudsmanın görə biləcəyi ciddi işlər, həll edəcəyi məsələlər var. Çox təəssüf ki, hörmətli Elmira Süleymanova artıq yaşa dolmuşdu. Səhhətindəki müəyyən problemlər son vaxtlar ona daha aktiv formada fəaliyyət göstərməyə imkan vermirdi”.

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında İnsan Hüquqları üzrə müvəkkilin seçilməsi ilə bağlı fikirlərini bölüşərkən deyib. Millət vəkili əlavə edib ki, Ombudsman haqqında Qanunun 1.2-ci maddəsində deyilir ki, müvəkkil işgəncənin və digər qəddar, qeyri insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq üçün fəaliyyət gösətrir: “Çox təəssüf ki, ciddi ictimai rezonans doğuran bəzi cinayət hadisələri ilə əlaqədar ombusmanın fəaliyyətini görmədik. Mən xüsusilə xalq arasında “Tərtər işi” kimi hallanan cinayət hadisəsini xatırlatmaq istəyirəm. Yəni bu cinayət işlinin istintaqı zamanı bəlli olub ki, bir qrup Azərbaycan hərbçisi düşmən tərəfə işləyib və ona görə bu işin istintaqını aparan şəxslər və digərləri tərəfindən həmin insanlara qarşı bir hiddət, zorakılıq hallarının ola biləcəyi gözlənilən idi və s. Bu zaman sözsüz ki, ictimai-siyasi proseslərdən baş çıxara bilən ombusman bu proseslərə xüsusi diqqət göstərməli idi. Amma nəticədə nə baş verdi? Artıq bütün cəmiyyət bu barədə məlumatlıdır. Sosial şəbəkələrdə qeyd olunur ki, işgəncələr nəticəsində həyatını itirən insanlar oldu. İşgəncə verən həmin insanlar sonradan prokurorluq tərəfindən məsuliyyətə cəlb olundu, onlar haqqında cəza təyin edildi. Amma çox təəssüf ki, ictimaiyyətə işgəncəni törədənlərin cəza almaları ilə bağlı lazımi səviyyədə məlumat verilmədi. Əlbəttə cəzanın nə dərəcədə ədalətli olduğunu kimlərsə mübahisə predmetinə çevirə bilər. Amma bu insanlar cəzalandırılmışdılar və ictimaiyyətə də bu barədə məlumat verilməli idi.
Ona görə də, mən, hesab edirəm ki, ombusman ictimai-siyasi proseslərdən baş çıxara bilən şəxs olmalıdır. Səbinə xanım, eyni zamanda hər 3 namizəd hüquqşünas kimi böyük təcrübəyə malik şəxslərdir. Səbinə xanım eyni zamanda bir siyasətçi ailəsində formalaşıb. Düşünürəm ki, ictimai-siyasi proseslərdən baş çıxaracaq. Yeri gəlmişkən, Kəmalə Abıyeva haqqında xoş sözlər demək istəyirəm. Həqiqətən də məhkəmə sistemində mənim əlaqə saxladığım insanların hamısı deyirlər ki, yaxşı reputasiyaya malik olan şəxsdir. Yəni onlar bilməlidirlər ki, insanlarımız, millət vəkilləri kənardan bunu görür və qiymətləndirir. O insanlar yaxşı çalışırlarsa, vicdanla, ədalətlə fəaliyyət göstərirlərsə, xalqımız da bunu yüksək dəyərləndirir. Əgər seçiləcəksə ona uğurlar, seçilməyəcəksə məhkəmə sistemində daha yüksək vəzifələr arzulayıram. Kəmalə Əliyeva da uzun müddət hüquq təcrübəsinə malik olan şəxsdir. Özüm isə sözsüz ki, Səbinə xanıma üstünlük verirəm. Ona görə yox ki, Siyavuş Novruzovun həyat yoldaşıdır. Hesab edirəm ki, ictimai-siyasi proseslədən daha yaxşı baş çıxara bilər. Həmkarımız Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan bir şəxs kimi ona dəstək ola bilər.

Sonda “Ombudsman haqqında” Qanunla bağlı da fikrimi bildirmək istəyirəm. Hesab edirəm ki, qanunun 4-cü maddəsində ciddi boşluq var. Ombudsmanın səlahiyyətləri artıq 2 ildir ki, başa çatıb, amma biz yeni ombudsman təyin eləməmişik. Ona görə də ombudsman haqqında konstitusiya qanununa biz dəyişiklik etməliyik. Ombudsmanın səlahiyyəti başa çatana qədər biz yeni ombudsmanı seçməliyik. Ona görə ki, artıq 7 il müddətinə seçilmiş ombudsmanın fəaliyyəti başa çatanda yeni ombudsman həmin gündən öz fəaliyyətlərinin icrasına başlamış olsun. Bunu sizin diqqətinizə çatdırmaq istəyirəm və yeni seçiləcək ombudsmana əvvəlcədən uğurlar arzu edirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər