2 Dekabr 2019 12:40
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük inkişaf və uğurlar əldə edilməsi davam edir. Sosial iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da effektiv transformasiyasının həyata keçirilməsi daha geniş hədəflərinin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İcra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında parlamentin buraxılması zərurəti haqqında çıxış edərkən deyib.

O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır: “Azərbaycan Nazirlər Kabinetində, məhkəmə-hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bundan sonra da uğurla davam etdiriləcək”.

S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik sahəsini də əhatə etməsini təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir:

“Belə ki indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, onun yeniləşməsinə, dərin islahatlar strategiyasına uyğunlaşmasına, dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə biruzə verir”.

S.Novruzov xatırladıb ki, YAP Siyasi Şurasında aparılan müzakirələrdə Milli Məclisin sədri Oqtay Əsədov da iştirak edib.

Hakim partiyanın deputatı həmkarlarını məsələyə çıxarılan məsələyə səs verməyə çağırıb.


Müəllif: Cavad