2 Dekabr 2019 16:33
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donbasdakı son müsbət hadisələrə baxmayaraq, Avropa İttifaqı ölkələrinin Ukrayna ilə münaqişəyə görə Rusiya Federasiyasına tətbiq etdiyi sanksiyaların ləğv edilməsi vaxtından əvvəl atılmış addım olardı.

Teleqraf.com xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak “RİA Novosti”yə müsahibəsində bildirib.

ATƏT Xarici İşlər Nazirləri Şurasının bu həftə Bratislavada başlayan iclası ərəfəsində agentliyə danışan sədr deyib:

“Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyalar qəbul edərkən, onu yekdilliklə Minsk razılaşmalarının tam icra olunmaması və Ukraynanın şərqindəki qeyri-sabitliklə əlaqələndiriblər. Bu, həmin ölkələrin prinsipial mövqeyidir. Biz Donbasdakı son müsbət hadisələri alqışlayırıq. Bunlar uzun durğunluqdan sonra vəziyyətin doğru istiqamətdə inkişaf edə biləcəyinə ümidin təzahürüdür. Lakin yuxarıda göstərilən irəliləyişlərə baxmayaraq, mövcud vəziyyət sanksiyalara yenidən baxılması və ya onların qaldırılması üçün hələlik ciddi əsas kimi görünmür”.

Eyni zamanda, diplomatın fikrincə, sanksiyalar yeganə alət deyil. Bunlardan əlavə də Ukraynadakı vəziyyət və digər mövzularda Rusiya ilə konstruktiv dialoq olduqca vacibdir.

“Biz Normand formatının Ukrayna və onun ətrafındakı münaqişənin həllinə müsbət təsirini qəbul edirik. Mən bu prosesin davam edəcəyinə çox ümid edirəm və “Normand dördlüyü”nün zirvə görüşünün son məqsədə – Ukrayna xalqının layiq olduğu sülh, sabitlik və rifaha nail olmaq yolunda ciddi mərhələ olacağını gözləyirəm”, – deyə Layçak qeyd edib.

Dekabrın 9-da Parisdə “Normand dördlüyü” – Rusiya, Ukrayna, Fransa və Almaniya liderlərinin sammiti keçiriləcək.


Müəllif: Səxavət