2 Dekabr 2019 16:41
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclis ölkə başçısı cənab İlham Əliyevə Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı müraciət ünvanladı. Bu müraciət tarixi bir sənəddir. Belə ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq deputatlar tərəfindən Milli Məclisin buraxılması ilə bağlı müraciət ünvanlanır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Onun sözlərinə görə, müraciətin ünvanlanması onu deməyə əsas verir ki, Milli Məclis üzvləri dövlətin maraqlarını öz şəxsi maraqlarından üstün tutaraq, ölkəmizdə aparılan geniş islahatlar dalğasına yeni bir ruh vermək niyyətindədirlər:

“Yəni, artıq müraciət ölkə başçısı tərəfindən qəbul olunaraq, parlament buraxılarsa və növbədənkənar seçkilər keçirilərsə, təbii ki, yeni parlament seçiləcək. Yeni seçiləcək parlament ölkəmizdə aparılan islahatlara yeni bir ahəngdar dalğa gətirəcək, islahatların daha da sürətlənməsinə gətirib çıxaracaq. Çünki ölkədə aparılan islahatlar iqtisadiyyatda, sosial sahədə, icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində geniş şəkildə öz əksini tapıb. Bu məqamda ölkənin parlamenti islahatlardan kənarda qala bilməzdi”.

A.Badamov hesab edir ki, növbədənkənar seçkilər təyin olunacaq:

“Ölkəmizin, ictimaiyyətin istəklərinə uyğun yeni parlament seçiləcək. Seçiləcək parlamentdə təbii ki, yeni təfəkkürlə işə başlanılacaq və yeni parlament ölkəmizin bugünkü inkişafının daha da sürətlənməsinə öz töhfəsini verəcəkdir. Yəni, islahatlara uyğun, adekvat cavab verə biləcək qanunverici orqan formalaşacaq. Çox müsbət qarşılayıram və düşünürəm ki, xalqın etimad göstərəcəyi yeni millət vəkilləri ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə və müasir qanunvericilik bazanın formalaşmasına öz töhfələrini verəcəkdir”.


Müəllif: Səxavət Həmid