2 Dekabr 19:43

Milli Məclisin parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciəti son dövrlərdə Azərbaycanda həyata keçirilən nəhəng islahatların davamı kimi qəbul edilməlidir. Bu, parlamentarizmdə siyasi mədəniyyət nümayişi kimi qiymətləndirilməlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, parlament ölkə rəhbərinə müraciəti ilə ölkədə gedən islahatlardan kənarda qalmadığını, Azərbaycanın daha da inkişafı, güclü mövqeyə çatması yolunda hər zaman olduğu kimi bundan sonra fəal iştirak etmək arzusunda olduğunu ortaya qoydu

“Bu müraciətə Milli Məclisin üzvlərinin, parlamentdə böyük qüvvə olan iqtidardakı Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların doğru qərarı kimi yanaşmaq lazımdır. Bu gün ölkənin bütün sahələrində böyük islahatlar həyata keçirilir, kadr dəyişikliyi baş verir, istər Nazirlər Kabineti, istərsə də Prezident Administrasiyasınnda, bir sözlə, hakimiyyətin bütün qollarında inqilabi addımlar atılır. Əlbəttə, parlament də qanunverici orqan olaraq böyük dəyişikliklərə cavab verməli, öz fəaliyyətini ona adekvat qurmalı idi. Yeni söz, simalar, düşüncə tərzi formalaşır. Azərbaycan parlamenti özünü bu günə qədər olduğundan yüksək səviyyədə təmsil etmək, cənab Prezidentin daha yaxın silahdaşı ola bilməsi üçün bu addımı atdı”.

Jalə Əliyeva qeyd edib ki, ölkədə gəncləşmə prosesinin getdiyi göz önündədir: “İstər icra hakimiyyətlərində, istərsə də ayrı-ayrı nazirliklər və qurumlarda son təyinatlar dediyimizi bir daha isbat edir. Yaxşı ənənə başladılıb, yeni təyin olunanların bir çoxu artıq 1 ildən çox müddətdir fəaliyyət göstərir, gördüyü işlər onu deməyə əsas verir ki, onlar proses və məsələlərə yeni və fərqi mövqe ortaya qoyublar. Bütün bunlar cənab Prezidentin diqqətindədir, dövlət qurumlarının rəhbərlərinin təyin olunması, onlara etimad göstərilməsi onun səlahiyyətindədir, müstəsna hüququdur. Əlbəttə, bir ölkənin rəhbəri öz ölkəsi üçün ən yaxşı nə varsa, onu istəyir və bu addımları da biz belə dəyərləndiririk”.


Müəllif: Nərgiz