4 Dekabr 2019 16:30
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar cənub qonşumuzda iqtisadi problemlər yaradıb. İranda benzinin qiymətləri qalxdı və əhalinin müəyyən hissəsi buna etiraz etdi. Küçə və meydanlarla polislə toqquşmalar, toqquşmalar zamanı ölən və yaralananlar oldu.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, İran hakimiyyəti ölkədəki vəziyyəti sabitləşdirməyə çalışır:

“Etirazlar azalıb. Bu arada İran üçün müsbət xəbər Avropadan gəldi. Məlumdur ki, Amerika İranla müxtəlif ölkələrin ticarət əməkdaşlığını əngəlləmək üçün pul köçürmələrinə qadağa qoymuşdu. Avropanın aparıcı ölkələri bu əngəli aşmaq üçün İranla alternativ pul köçürməsi mexanizmini tətbiq etməyə başlayıblar.

Azərbaycan da İranla iqtisadi və ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır. Prezident İlham Əliyev bir neçə gün əvvəl Bakıda İranın rabitə naziri ilə görüşdü. İlham Əliyev bu görüşdən sonra baş nazirin müavini Şahin Mustafayevi İrana göndərdi.

Şahin Mustafayev iqtisadiyyat naziri olanda İranla əməkdaşlığa cavabdeh idi. O hər il İrana səfər edir və ikitərəli əməkdaşlığın genişləndirilməsi mövzularını müzakirə edirdi. Şahin Mustafayev budəfəki səfərində də İran Prezidenti Həsən Ruhani ilə görüşdü. Şahin Mustafayev İlham Əliyevin məktubunu Həsən Ruhaniyə təqdim edib.

Həsən Ruhani görüşdə bildirib ki, sərhəddəki Xudafərin bəndi və elektrik stansiyasının tikintisi kimi müştərək layihələrin icrasını sürətləndirmək lazımdır. Bundan başqa Həsən Ruhani Rəşt-Astara dəmir yolunun tikintisi üçün də əldə olunan razılığın tez bir zamanda icra olunmasını istəyib. Tehran Azərbaycanla İranın Xəzər dənizində birgə neft kəşfiyyatı aparılmasına da hazırdır. Həsən Ruhani eyni zamanda üçtərəfli əməkdaşlıqdan da danışıb: “Tehran, Bakı və Moskva arasında əlaqələrin daha çox inkişaf etdirilməsi həm iki ölkə və həm də üç ölkə arasında tranzit, enerji və elektrik sahəsində əlaqələri daha da artıra bilər””.

Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan geosiyasi çətinliklərə baxmayaraq, İranla iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək istəyir:

“Bu Azərbaycana həm də ona görə vacibdir ki, İran Ermənistanla deyil, Azərbaycanla ortaq layihələrin reallaşdırılmasına üstünlük versin. Azərbaycanla İran arasında mövcud olan ticarət dövriyyəsi 2014-cü illə müqayisədə 3 dəfə, İranın Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin sayı ötən bir il ərzində 50 faiz artıb. Rəşt-Astara dəmiryolunun çəkilməsində müəyyən problemlər mövcuddur. Ancaq hər iki tərəf həmin yolun qısa zamanda çəkilməsinə çalışır. İlham Əliyevin Şahin Mustafayevi İrana göndərməkdə də məqsədi bu olub ki, iki ölkə arasında ortaq iqtisadi layihələrin reallaşmasına mane olan səbəblər aydınlaşdırılsın və yeni imkanlar öyrənilsin. Əgər Avropa dövlətləri Amerikanın Tehrana qarşı sanksiyalarına rəğmən, İran bazarından imtina etmirsə, biz qonşu olaraq bu bazardan niyə imtina etməliyik?”


Müəllif: Səxavət