4 Dekabr 2019 16:33
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərindən öncə Milli Şura seçkiləri boykot edə biləcəyi ilə bağlı mesajlar verir. Adətən boykot siyasi deqradasiyanın göstəricisi olur. Azərbaycanda seçkini boykot etmək üçün heç bir səbəb yoxdur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov deyib.

Onun sözlərinə görə, boykot sözü özlüyündə etiraz kultunu ifadə edir, anlayışın semantikası və fəlsəfəsi də fərdi etiraz hüququnun və toplum haqlarının razılaşmamaq meyarlarını özündə ehtiva edir: “Siyasi partiyaların birinci funksiyası seçkilərdə iştirak etməkdir. Xüsusən, müxalif partiya iqtidara gəlmək, yaxud qanunverici orqanda təmsil olunmaq üçün bütün seçkilərdə aktiv iştirak etməlidir. Siyasi fəaliyyətin ana qayəsi, təməl bazası budur. Buna baxmayaraq, dünya tarixində qalmaqallı siyasi boykotlar olub. Hazırda Əlcəzairdə prezident seçkiləri öncəsi boykot çağırışları səslənir. 2018-ci ildə Venesuelada müxalifətin seçkiləri boykot etməsi beynəlxalq imperiya maraqları tərəfindən məqsədli sıxışdırılan ölkəni daha da xaosa bürüdü. Yaxud Güney Afrikada və Nigerdə daha öncə seçkilərlə bağlı boykot qərarları siyasi təlatümlərə rəvac vermişdi”.

Şərhçi qeyd edib ki, Azərbaycanda daha öncəki seçkiləri boykot edən radikal müxalifətin ənənəvi addımının bir neçə səbəbləri var: “Birincisi, ictimai rəy sorğuları göstərir ki, Azərbaycanda iqtidar partiyası bütün seçkilərdə yenə qalib olacaq. Eləcə də prezidentin sosial və kadr islahatları ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin ölkəboyu sorğusu və oktyabrda həyata keçirdiyi “İnam İneksi” sorğuları da göstərdi ki, Azərbaycan əhalisi ölkədəki islahatları dəstəkləyir, Prezident İlham Əliyevin nüfuzu yüksəkdir”.

Tural İsmayılov vurğulayıb ki, müxalifətin sosial dayaqları həddən artıq zəifdir, seçkilərdə uğur üçün yetərsay nisbəti kifayət deyil: “Əli Kərimli və ətrafının uzun illərdir dəyişməyən ritorikası seçkilərə qatılmaq üçün heç bir perspektiv vəd etmir”.

Ekspert bildirib ki, radikallar bu dəfə də seçkiləri boykot etsə böyük dilemma ilə qarşı-qarşıya qalacaq: “Az sayda olan tərəfdarları da siyasi sükutdan qopacaq və sıraları laxlayacaq. Eləcə də radikal müxalifətin sadəcə qanunsuz aksiyalar və meydan aurasından başqa heç nəyə yaramadığı fikri ictimaiyyətdə daha da möhkəmlənəcək”.


Müəllif: Teleqraf.com