4 Dekabr 2019 20:26
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş katib Yens Stoltenberq sammit ərəfəsində bəyanat verərək bildirib ki, NATO və bütün dünya üçün ən böyük təhlükə Rusiyadır. Rusiya hərbi strukturların yenilənməsi və hərbi vəsaitlərin artırılması istiqamətində çox ciddi addımlar atır. Üstəlik, Avropanın bir sıra ölkələrinə, xüsusilə Baltikyanı ölkələrə və Polşaya təhdidlər yağdırmaqda davam edir. Bununla yanaşı, Çin təhlükəsi və Pekinin sürətlə militaristləşmə xətti götürməsi də NATO-nun liderlərinin sammitində müzakirə edilən məsələlərdən biridir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə etiraf etmək lazımdır ki, Rusiyanın militaristləşməsi sürətlənsə də elmi-texniki, texnoloji yeniliklər Çində Rusiyaya nisbətən daha sürətli gedir:

“Çinin bu sahəyə ayırmaları da daha çoxdur. Çin hərbi xərclərə görə ABŞ-dan sonra ikinci yerə çıxır. Üstəlik texnoloji üstünlüklərdən yararlanaraq yeni daha qorxulu silahlar yaratmaqda davam edir. Məsələn, kosmik tədqiqatlar sahəsində Çinin uğurları, xüsusilə kosmosdan hərbi məqsədlər üçün istifadə edilməsi sahəsində Çinin son dövrlərdə atdığı addımlar, qazandığı bəzi nailiyyətlər ürküdücüdür. Birmənalı olaraq demək mümkündür ki, proses bu sürətlə davam edərsə hətta Amerikanın özü “ulduz müharibəsi”ndə Çinlə üz-üzə gəlməkdən çəkinəcək. Doğrudur, bəzi iqtisadçı ekspertlər Çinin indiki inkişafının daimi olmayacağını, Pekinin təxminən 4-5 ildən sonra iqtisadi depressiyaya düşəcəyini, bu zəmində ölkədə iqtisadi artımın sıfıra yaxınlaşacağına dair proqnozlar verirlər. Amma bütün bunlara baxmayaraq hazırda Çində iqtisadi atım əvvəlki kimi olmasa da ildə 5-7% artmaqda davam edir. Gələn gəlirlərin böyük hissəsi əhalinin rifahından çox hərbi xərclərə yönəldilir”.

Politioloq bildirib ki, Çin əvvəllər iqtisadi ekspansiya yolu ilə dünyanı fəth etmək istəyirdisə indi paralel olaraq hərbi ekspansiya vasitəsilə də dünyaya iradəsini diqtə etmək fikrinə düşüb:

“Bu səbəbdən də sürətlə silahlanmaya start verib. Görünür, NATO ölkələrinin gizli kəşfiyyatı Çində aparılan hərbi tədqiqatları və sürətlə silahlanmaya ayrılan xərcləri, yeni yaradılan silah növlərini yaxşı öyrəniblər və bunlar kifayət qədər qorxunc silahlardır. Bu gün əgər ABŞ və NATO-nun ona cavab vermək üçün gücü varsa elə bir an gəlib çata bilər ki, Çin alyans ölkələrini qabaqlaya bilər. Bunu nəzərə alaraq NATO sammiti Çinlə həm ticarətdə müəyyən məhdudiyyətlərin tətbiq edilməsini, Çinin iqtisadi şpionaj, iqtisadi casusluqla bağlı məsələlərdə önünün kəsilməsini, habelə Çinlə ticarətdə müəyyən məhdudiyyətlərin gündəmə gətirilməsini müzakirə edəcək”.

Politoloqun sözlərinə görə, Çin təhlükəsi bir də özünü onda göstərir ki, onlar bir sıra məqamlarda Rusiya ilə ittifaqa gedirlər:

“Hətta, kosmosun mənimsənilməsində birgə çıxış edəcəkləri barədə dəfələrlə müzakirələr aparıb müəyyən müqavilələr imzalayıblar. Ona görə də NATO hesab edir ki, Rusiya təhlükəsi ilə yanaşı Çin təhlükəsi də ciddi xarakter daşıyır. Bu iki qüvvə gələcəkdə eyni vəhdət halında çıxış edərlərsə dünya üçün daha ciddi təhlükəyə çevrilər və dünya proseslərinin idarə edilməsi xeyli çətinləşər”.

Qabil Hüseynli hesab edir ki, NATO ölkələri bu məsələdə yekdil rəyə gələ biləcəklər:

“Bu yekdil rəyin digər mühüm tərəfi isə hərbi xərclərin artırılmasından ibarətdir. Xüsusilə Avropa ölkələrinin hərbi büdcələri o qədər də böyük deyil və onun ciddi surətdə artırılması nəzərdə tutulur. Bu proses baş tutarsa, – yəqin ki, baş tutacaq, – dünyada yeni çağırışlar meydana çıxacaq. Sürətlə silahlanma, soyuq müharibə dövründəki vəziyyətə bənzər bir dövr, yeni təhlükəli kütləvi qırğın silahlarının yaradılması baş verə bilər. Bir sözlə insanların qlobal istiləşmə, ekoloji problemlərlə mübarizə apardığı bir vaxtda yenidən sürətlə silahlanma yoluna qədəm qoyan dövlətlər dünya üçün ikinci bir təhlükə yaratmış olacaqlar ki, bu da dünyada insanların rifahının yüksəldilməsi istiqamətində aparılan və nəzərdə tutulan bir sıra tədbirlərin təxirə salınmasına gətirib çıxaracaq”.

Dekabrın 3-4-də Londonda NATO ölkələri liderlərinin sammiti keçirilir. Sammitdə digər məsələlərlə yanaşı ilk dəfə olaraq Çinin hərbi gücünü artırması məsələsi də müzakirə edilir.


Müəllif: Səxavət Həmid