5 Dekabr 2019 15:54
223

Jurnalist Əli Zülfüqaroğlu “AZE Nakhchivan SK” (Köln) Furbol Klubunun Azərbaycan üzrə koordinatoru seçilib.

Klubdan Teleqraf.com-a verilən məlumata görə, İdarə Heyəti bununla bağlı yekdil qərar qəbul edib.

Ə.Zülfüqaroğlu bildirib ki, Almaniya bundesliqası reytinqinə görə, ilk 3-lükdə yer alır: “Almaniya futbolunun dünyada xüsusi yeri var. Almaniyada dünyaca məşhur klublar, futbol akademiyaları fəaliyyət göstərir. Bir sözlə, alman məktəbi dünya üzrə örnək alınacaq sıralarda dayanır”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, futbol klubunu yaratmaq, inkişaf etdirmək çox ciddi və məsuliyyətli işdir: “Bunu anlayırıq, amma eyni zamanda bu addımın Azərbaycan üçün nə qədər önəm daşıdığının da fərqindəyik. Hesab edirəm ki, klubun Almaniyada fəaliyyəti öncə ölkəmizin təbiğatı baxımından mühüm əhəmiyyət daşıyır. Bundan başqa, düşünürəm ki, ilk mərhələdə klubun akademiya kimi fəaliyyət göstərərək futbolçu yetişdirməsi və hələlik aşağı yaş qruplarında çıxış etməsi daha uyğundur. Eyni zamanda klubun biznes strukturu kimi formlaşması vacib şərtdir”.

Əli Zülfüqaroğlu onu da əlavə edib ki, “AZE Nakhchivan SK” (Köln) Furbol Klubu inkişaf edərsə və Almaniyada öz yerini tutarsa, bu, Azərbaycan futboluna ciddi töhfələr verə bilər: “Çünki gələcək perspektiv üçün azərbaycanlı istedadlı uşaqların Almaniyada yetişdirilməsi və alman klublarında, eləcə də Avropanın digər klublarında oynaması qarşıya qoyulan əsas vəzifələrdəndir. Biz bunu həyata keçirə bilsək, bir müddət sonra güclü Azərbaycan yığmasının formalaşmasında rol oynaya bilərik”.

Xatırladaq ki, Dünya Azərbaycanlıları Assambleyasının təşəbüsü ilə yaradılan "AZE Nakhchivan SK" (Köln) futbol klubu Almaniya Məhkəmə orqanı tərəfindən rəsmi qeydiyyata alınıb.

Futbol mütəxxəsisi Aydın Karaca “AZE Nakhchivan” SK futbol klubunun rəhbəri, Serdar Demir klubun icraçı direktoru, Nana İzak (Qanalı futbol mütəxxəsisi) klubun rəhbərinin müavini, Erkan Çelik isə maliyyə məsələlərindən məsul şəxs seçilib.

Klubun artıq 1 yaşıl , 4 mini meydançası, futbolçuların asudə vaxtlarını keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe-bar, 4 soyunma otağı fəaliyyət göstərir.

Qeyd edək ki, "AZE Nakhchivan SK" klubu 2017-ci il sentyabrın 12-də Almaniyanın Köln şəhərində təsis edilib.


Müəllif: Teleqraf.com