5 Dekabr 2019 16:52
225

Biz partiya olaraq seçkilərdə iştirakın tərəfdarıyıq. Milli Məclisin buraxılması proseduru başlandıqdan sonra partiya daxilində müzakirələrə başlamışıq. İlkin rəy belədir ki, seçkilərdə partiya kimi iştirak edilıməlidir.

Bu fikirləri Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli növbədənkənar seçkilərdə iştirak edib-etməyəcəkləri haqda suala cavabında deyib.

Partiya sədri əlavə edib ki, onların seçkidə iştirak etməməsi yalnız maliyyə problemləri ilə bağlı ola bilər:

“Hər halda bunu arzulamasaq da, belə ehtimalları da istisna etməzdim. Yəni bu halda səbəb siyasi deyil, maddi amillər olacaq. Amma bütün hallarda çalışacağıq ki, partiya şəklində seçkilərə qatılaq”.

Q. Əlibəyli xatırladıb ki, namizədlərin müəyyən olunması, irəli sürülməsi, kampaniyanın aparılması elə də sadə məsələ deyil: “Düzdür, bizim partiyanın strukturları var, amma çoxlu sayda namizədlərlə də seçkidə iştirak böyük enerji tələb edir. Biz böyük ehtimalla hansı dairələrdən namizədlərimizin qələbə qazanmaq şansı çoxdursa, həmin seçki dairələrində mübarizə aparmaq taktikasına üstünlük verəcəyik. Yəni az, amma güclü namizədlər formulu. Hazırda düşüncə budur. Amma maliyyə tərəfi də əhəmiyyətlidir”.


Müəllif: Cavad