6 Dekabr 2019 17:42
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bələdiyyə və parlament seçkilərinin bir-birinin ardınca keçirilməsi Mərkəzi Seçki Komissiyasının işini çətinləşdirə bilməz.

Bunu Teleqraf.com-a MSK üzvü Mikayıl Rəhimli deyib.

MSK üzvü əlavə edib ki, bələdiyyə seçkiləri ilə bağlı prosesin əhəmiyyətli hissəsi artıq geridə qalıb: “Hazırda namizədlərin təşviqat kampaniyası gedir. Onlar seçki gününə qədər kampaniyanı aparacaq. Biz seçki komissiyası olaraq, üzərimizə düşən işlərin çoxunu yerinə yetirmişik. Demək olar ki, bülletenlərin çapı yekunlaşmaq üzrədir. Təbliğat-təşviqat mərhələsi üçün nəzərdə tutulan yerlər namizədlərin ixtiyarına verilib. Proseslər rəvan davam edir və hər hansı bir problem ola bilməz. 23 dekabr seçki günündə seçicilərimizin səs verməsi və fəal olması üçün hər cür şərait yaradılıb. Bu mənada hesab edirəm ki, növbəti mərhələ üçün, yəni parlament seçkilərinin keçirilməsi üçün hər hansı problemlə qarşılaşmayacağıq. Ona görə ki, biz qısa müddətdə 42 min bələdiyyə namizədini qeydə almışıq. Həmin dairə seçki komissiyaları parlamentə namizədliyini irəli sürən şəxsləri qeydə alacaq. Bunların da sayı bələdiyyə namizədlərinin sayı qədər deyil. Adətən, hər dairədən 15-20 şəxs deputatlığa namizədliyini irəli sürür. Onların qeydə alınması və müvafiq şəraitin yaradılmasında da problem olmayacaq. Biz paralel olaraq, hər iki prosesi aparmaq imkanındayıq. Bildiyiniz kimi, Azərbaycanda həm Mərkəzi Seçki Komissiyası, həm də Dairə Seçki Komissiyası daimi fəaliyyət göstərən orqandır. Seçki Məcəlləsi bizə imkan verir ki, prosesi paralel aparmağı təmin edək. Seçki komissiyaları da proseslərə tam hazırdır”.


Müəllif: Cavad