6 Dekabr 2019 17:24
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin dekabrın 5-də Şamaxı rayonuna səfəri və orada sadə insanlarla, gənclərlə etdiyi açıq söhbətlər bir neçə kontekstdən maraq doğurur və təbii ki, cəmiyyətimizə, beynəlxalq miqyasda müəyyən qüvvələrə bəlli mesajların verilməsi nöqteyi-nəzərindən dəyərlidir.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi ekspert Aydın Quliyev deyib.

O qeyd edib ki, ilk növbədə zəlzələdən sonra tamamilə dağılmış bölgənin vəziyyətinin ən müasir, modern görkəmə gətirilməsi Azərbaycan dövlətinin hansı iqtisadi gücə malik olmasının nümayişi baxımından çox əhəmiyyətlidir:

“Bölgələrdə insanlar gördülər ki, başqa ölkələrdə təbii fəlakətlərin nəticələrinin hansı ağır fəsadlar törətdiyi bəlli olsa da, Azərbaycanda çox qısa müddətdə həm dövlətin iqtisadi imkanları, potensialı hesabına, həm də şəxsən dövlət başçısının yaxın diqqət və qayğısı sayəsində çox qısa müddətdə həll oluna bildi. Eyni zamanda biz təbii fəlakətlərlə üzləşən başqa dövlətlərdə hakimiyyət orqanlarının davranışı ilə Azərbaycan hakimiyyətinin və şəxsən prezidentin fəaliyyət üsulları arasında fərqin nümayişini bir daha gördük. Digər tərəfdən, səfər zamanı gənclərlə prezidentin görüşündə də əhəmiyyətli mesajların verildiyini qeyd etməliyəm. Gənclərin bu gün Azərbaycan dövlətinin qarşısında dayanan problemlərin həll olunmasında nə qədər böyük gücə malik olması, gənclərə prezidentin nə qədər inam və etimad göstərməsinin nümayişi baxımından da bu görüşlər, müzakirələr çox əhəmiyyətli idi. Xüsusilə onu demək istəyirəm ki, prezident gənclərlə görüşdə korrupsiyaya qarşı mübarizədə demək olar ki, tamamilə yeni tezis, yeni ideya ortaya qoydu. Bu da korrupsiyaya qarşı mübarizənin daha səmərəli aparılması nöqteyi-nəzərindən nəsillərin dəyişməsinin nə qədər vacib olduğunu aktuallaşdırmaqdır. Prezident qeyd etdi ki, korrupsiyaya qarşı inzibati üsullarla mübarizə aparmaqla yanaşı böyük tarixi köklərə malik olduğuna görə bu bəla ilə mübarizənin həm də ən səmərəli üsulu nəsillərin dəyişməsidir. Bu o deməkdir ki, prezident xüsusilə də korrupsiyanın kökünün kəsilməsi və onun bir sosial təzahür kimi Azərbaycan cəmiyyətindən yığışdırılması üçün gənclərin, gənc kadrların nə qədər böyük məsuliyyət altında olduqlarını onlara bir daha nümayiş etdirdi”.

A.Quliyev qeyd edib ki, ümumiyyətlə, Prezident İlham Əliyevin Şamaxıda keçirdiyi görüşlər, apardığı söhbətlər əhaliyə çox maraqlı mesajlar vermək nöqteyi-nəzərindən qiymətlidir:

“Xüsusilə bir daha nümayiş olundu ki, Azərbaycan dövlətinin gələcəyi gənclərin, həmçinin, gənclərlə yaşlı kadrların həmrəyliyi və Azərbaycan dövlətinə və şəxsən prezidentin hakimiyyətinə ictimaiyyətin böyük dəstəyi üzərində qurulub”.


Müəllif: Səxavət Həmid