6 Dekabr 2019 23:28
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) parlament seçkilərində iştirak edəcək. Mənim namizədliyimin irəli sürülüb-sürülməyəcəyini isə partiyanın Mərkəzi Komitəsi müəyyən edəcək.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə deyib.

Onun sözlərinə görə, Mərkəzi Komitəsinin qərarından asılı olaraq addım atılacaq.

Özünün növbəti dəfə seçilmək şansının olub-olmadığına gəlincə, Araz Əlizadə qeyd edib ki, şansını seçicilər dəyərləndirməlidir: “Onu deyə bilərəm ki, seçicilərimin müraciətlərinin demək olar hamısını yerinə yetirmişəm”.

Araz Əlizadə seçkilərin boykot edilməsi çağırışına qarşı olduğunu söyləyib: “Siyasətçi hakimiyyət yaxud hakimiyyətə təsir uğrunda mübarizə aparmalıdır. Onun bir yolu var, bu da seçkilərdə iştirak etmək, azad fikir demək və xalqın iradəsinə tabe olmaqdır. Şəxsən özüm də parlamentin buraxılması barədə qərar layihəsinin lehinə səs vermişəm, çünki mənim üçün seçkidə 7-8 ay gec və ya tez iştirak etməyin əhəmiyyəti yoxdur. Burada prinsipial heç bir məsələ yoxdur ki, onun əleyhinə gedək”.

Onun fikrincə, seçkilərdə iştirak etməyənlər siyasətdən getməlidirlər: “Bir sıra ölkələrdə partiya iki dəfə dalbadal seçkilərdə iştirak etmirsə, həmin partiyanın qeydiyyatı ləğv edilir. Nə üçün bizdə bu qanunu qəbul eləmirlər, başım çıxmır”.


Müəllif: Nərgiz