7 Dekabr 2019 20:25
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az -a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Əli Kərimli və onun orbitində fırlanan bəzi partiyalar seşkilərin gözlənilmədən elan olunduğunu bəyan edib onu boykot edirlər.Onların bu qərarına münasibətiniz necədir?

- Artıq əminliklə demək olar ki, ətrafı bilməsə də, Əli Kərimli 19 oktyabra hökumətlə razılaşdırılmamış aksiya təyin edəndə çox şeydən məlumatlıymış. 2003-cü il prezident seçkilərində Etibar Məmmədovu müdafiə etməyi tapşırmış qüvvələr bu göstərişi ona veriblər. O zaman tərəfdarları niyə ondan soruşmadı ki, əgər sən hakimiyyətin dəyişməsini istəyirdinsə, niyə seçkidən sonra "qələbə" münasibətilə təbrik etdiyin İsa Qəmbəri yox, Etibar Məmmədovu müdafiə etdin? Deməli, ya sən heç nəyi görməyən və buna görə də siyasətdən getməli olan diletantsan, ya da şəxsi marağını hər şeydən üstün tutan və buna görə həmişə uduzan, psixoloji problemli, hətta pul müqabilində döyülməyə də hazır olan birisən.

Mən növbəti dəfə ona inanan insanlara üzümü tutub deyirəm ki, bu adam ola bilsin ki, həm də seçkilərin boykot olunmasına dair öhdəlik götürüb. Elementar düşüncəsi olan siyasətçi növbəti seçkilərin elan olunmasına 9 ay qalmış heç vaxt tərəfdarlarını hökumətlə qeyri -bərabər qarşıdurmaya aparıb, əzdirib onlar arasında ruh düşkünlüyü yaratmaz. Çalışar ki, belə toqquşmalardan yayınsın və narazılığın pik nöqtəsi seçki dövrünə düşsün. Ona görə onun ətrafındakı insanlar hər dəfə məyus olmaq, xarici ermənipərəst və daxili mafioz qüvvələrin əlində alətə çevrilmək istəmirlərsə, ya Əli Kərimlini oradan uzaqlaşdırmalı, ya da özləri aralanmalıdırlar.

- Qüdrət bəy, Prezidentin Şamaxıya son səfəri zamanı bəlli oldu ki, şəhərin yeni baş planı hazırlanıb və Şamaxıda böyük işlərə başlanılıb. Paytaxtın gələcəkdə Şamaxıya köçürülməsi nə qədər real görsənir?

- Bakının küçələri dar və həddindən artıq yükləndiyindən paytaxtın gələcəkdə köçürülməsi qaçılmazdır. Şamaxı Prezidentin də qeyd etdiyi kimi, Şirvanşahların paytaxtı olub. Seysmik zona olduğu üşün orada 5 mərtəbəli 9 bal gücündə zəlzələyə davamlı evlər və inzibati binalar tikmək, Prezident Administrasiyasını, Nazirlər Kabinetini, Konstitusiya Məhkəməsini, Ali Məhkəməni ora, Milli Məclisi isə Gəncəyə köçürmək daha məqsədəuyğun olardı. Bu həm Bakını ekoloji fəlakətdən qurtarar, həm də regionların iqtisadi inkişafına böyük töhfə verərdi.


Müəllif: Teleqraf.com