10 Dekabr 2019 00:45
2 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Türkiyəyə yönəlik torpaq iddiaları yeni deyil. Şərqi Anadolu bölgələrindən Kilikiyaya qədər böyük ərazidə Ermənistan dövləti qurmaq xəyalı erməni ideologiyasında əsas yer tutur. Bu siyasəti Ermənistan dövləti də, ideoloji siyasətini müəyyən edən qruplar da davam etdirməkdədirlər. 1920-ci ildə Sevr anlaşması ilə Qərbi Ermənistan deyə ərazilər var, o zaman Türkiyənin 6 vilayətini əhatə edirdi, indi 20-yə yaxın vilayətdir, bu ərazilərin içərisində İğdır da var.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Ermənişünas alim, Ərciyəz Universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlı erməni telekanalı Western Armenia TV-nin havanın çirklənməsi mövzusunda reportajında Türkiyənin İğdır şəhərini “Qərbi Ermənistan” kimi təqdim olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin müqavilə imzalanarkən İğdır Qars vilayətinin bir rayonu idi, ermənilər ərazi iddialar irəli sürürdülər: “Ermənilər orada böyük qətliamlar da törədiblər, İğdırın ayrı-ayrı kəndlərində türklərə aid toplu məzarlar var. Onların bir neçəsinin açılışında beynəlxalq heyətin tərkibində mən də iştirak etmişəm.

Sürməli qəzasına ermənilərin iddiaları olub və indi də davam edir. Sevr müqaviləsində nəzərdə tutulan ərazilərə ermənilər Qərbi Ermənistan deyirlər, hazırki Adana, Çuxurova bölgəsinə Kilikiya Ermənistanı, indiki Ermənistan ərazilərinə Qafqaz Ermənistanı deyirlər. Qafqaz Ermənistanının tərkibinə Naxçıvan və Dağlıq Qarabağı da daxil edirlər. Kilikiya Ermənistanı, Şərqi Anadoluda olan Qərbi Ermənistan dedikləri yer və Qafqaz Ermənistanını birləşdirərək böyük Ermənistan dövləti xəyalının arxasındadırlar. Bunu beynəlxalq səviyyədə zaman-zaman dilə gətiriblər”.

Qafar Çaxmaqlı qeyd edib ki, 1991-ci ildə Ermənistan öz müstəqilliyini elan edərkən Konstitusiya aktında rəsmi şəkildə Türkiyənin 6 vilayətinə iddialar ortaya qoyulub: “Hələ də bu iddialardan əl çəkməyiblər, 6 vilayət isə Türkiyənin hazırda 20 vilayəti deməkdir. Dünyanın müxtəlif yerlərində, ayrı-ayrı ölkələrdə bu ideologiyanı davam etdirirlər. 1919-cu ildə Qərbi Ermənistanı mühacir hökumətinin ilk qurultayı oldu, 1970-ci illərdən başlayaraq ard-arda bir neçə qurultay, konqres keçirdilər, qərara alındı ki, bu vilayətlər ermənilərə aiddir və Türkiyənin əlindən almaq üçün fəaliyyətə başlayacaqlar. Sonda 2014-cü ildə Fransanın Sevr şəhərində qurultay keçirdilər və orada Qərbi Ermənistan hökuməti və onun Məclisi yaradıldı. Bu hökumətin “baş naziri”, Məclisin “sədri”, “deputatları” var, fəaliyyətini “sürgündə” davam etdirir və ərazi iddialarını davam etdirir”.

Ermənişünas alim hesab edir ki, Türkiyənin Ermənistanla apardığı siyasətdə bu faktor önəmlidir: “Türkiyə siyasətini müəyyən edərkən Ermənistanın o zamanki 6 vilayətinə ərazi iddiasını nəzərə alır və 1993-cü ildə Ermənistanla Türkiyə arasında sərhədlər bağlanarkən əsas amillərdən biri də bu olub. Düzdür, Kəlbəcər ermənilər tərəfindən işğal olunmuşdu, bunu nəzərə alıb Türkiyə sərhədlərini bağlasa da, amma əsas faktor Kəlbəcərin işğalı, ermənilərin Türkiyəyə qarşı ərazi iddiası irəli sürməsi və “erməni soyqırımı” ideologiyasından vaz keçməməsidir. Türkiyənin Ermənistanla diplomatik əlaqə qurmamasının kökündə bunlar dayanır. Siyasi əlaqələrdə müəyyən güzəştlər olmalıdır, Ermənistan heç bir güzəştə getmədiyinə görə Türkiyə ilə diplomatik əlaqə mümkün deyil. Ermənistan Qərbi Ermənistan dediyi ərazilərdə fərqli-fərqli layihələr həyata keçirir, bu ərazilərə geri qayıtmaq üçün müəyyən üsullardan istifadə edir, sənədlər hazırlayır, kilsə, məbədlərdə restavrasiya işləri aparılır, ermənilərin nə zamansa dönməsi üçün fəaliyyət göstərir. Ermənilər düşünür ki, Türkiyə hər zaman güclü olmayacaq, zəif zamanında biz bu əraziləri Türkiyənin əlindən alacağıq”.

Qafar Çaxmaqlının fikrincə, ermənilərin iddialarının qarşısını almaq üçün alternativ addımlar atılmalıdır: “Türkiyə Qafqazda qurulan Ermənistan dövlətinin ərazisinin kimlərə aid olduğunu ortaya çıxarmalıdır. Biz də Azərbaycana aid olan ərazilərin - İrəvan, Göyçə, Zəngəzurun, Dərələyəzin və digər yerlərin bizlərə aid olduğunu sübuta yetirib, Qərbi Azərbaycan mühacir hökumətini tez zaman qurmalı, Məclisini formalaşdırmalı, iddialarımızı irəli sürməliyik. Bu ərazilər Azərbaycana aiddir, bu məsələləri ortaya qoysaq, ermənilərin bu təxribatının qarşısını müəyyən mənada ala bilərik”.


Müəllif: Nərgiz