10 Dekabr 2019 13:27
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gözlənildiyi kimi, Donbas böhranının həlli ilə məşğul olan “Normand formatı” çərçivəsində – Fransa, Almaniya, Ukrayna və Rusiya liderlərinin Parisdəki görüşündə ciddi nəticə əldə olunmadı. Tərəflər münaqişənin hansı şəkildə həll olunması ətrafında razılaşmadılar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Donbasa xüsusi statusun verilməsi məsələsində ümumi razılığın olduğunu bildirən ekspert qeyd edib ki, Ukrayna bu statusu bir, Rusiya isə tamamilə fərqli şəkildə görür:

“ Məsələn görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin dedi ki, Donbassın xüsusi statusu Ukrayna Konstitusuyasında təsbit olunmalıdır. Ukrayna Prezidenti Vladimir Zelenski isə bildirdi ki, Konstitusiyanın dəyişdirilməsinə və Ukraynanın federallaşmasına yol verilməyəcək.

Zelenski haqlıdır. Donbassın xüsusi statusu Konstitusiyada təsbit olunsa, Ukraynanın başqa bölgələri də eyni yola baş vuracaqlar. Məsələn, Ukraynada yaşayan macarlar və rumınlar da xüsusi status tələb edə bilərlər. Onsuz da Rusiyada bəlli siyasi mərkəzlər Ukraynada yaşayan digər azsaylı xalqları da separatçılığa başlamağa qızışdırırlar”.

Elxan Şahinoğlunun sözlərinə görə, Paris görüşündə yeganə irəriləyiş kimi atəşkəsin qorunması vacibliyi göstərildi:

“Ancaq tərəflər təmas xəttinin sadəcə 3 məntəqəsindən geri çəkilmə məsələsini razılaşdırıblar. Bu məntəqələr barədə konkret məlumat yoxdur. Digər tərəfdən silahlı qüvvələrin bütün təmas xəttindən geri çəkilməsi məsələsi razılaşdırılmayıb. Kiyev əvvəlkitək haqlı olaraq tələb edir ki, Donbas üzərindən Ukrayna-Rusiya sərhəddinə nəzarət etmək istəyir. Rusiya buna qarşıdır və bu məsələni münaqişənin həllinin sonrakı mərhələsində mümkün sayır. Donbasda yerli seçkilərin nə vaxt keçiriləcəyi də Parisdə müəyyənləşmədi. Zelenski yerli seçkilərin mütləq Ukrayna qanunları əsasında keçirilməsini tələb edir. Separatçılar bunun əleyhinədir. Buna baxmayaraq, o da aydındır ki, Ukraynanın prezidenti müharibə istəmir. Kiyevlə Moskvanın bir başqa razılaşması girovların dəyişdirilməsinin davam etidirlməsiylə bağlıdır”.

Ekspert hesab edir ki, Parisdə münaqişənin həllinin konseptual məsələləri deyil, bəzi detalları razılaşdırıldı:

“Fransa və Almaniya vasitəçidir. Paris və Berlin anlayır ki, münaqişəni yaxın illərdə həll etmək çətin olacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi böyük dövlətləri münaqişənin həlli yox, atəşkəsin qorunması və müharibə ehtimalının azaldılması maraqlandırır. Və yenə də Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi, Ukraynada da bu cür vəziyyət separatçıların maraqlarına uyğundur. Rəsmi Kiyev isə Ukraynanın ərazi bütövlüyünü təmin etmək istəyir. Beləcə Donbas problemi Dağlıq Qarabağ probleminə oxşamaq başlayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu