12 Dekabr 2019 13:00
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyası (AVP) sədrinin siyasi məsələlər üzrə müavini Arzuman Abdulkərimov Teleqraf.com saytının qonağı olub.

O, əvvəlcə bir neçə ay öncə AVP sədrinin müavini təyin olunmasının necə baş verməsi barədə danışıb. Bundan sonra da partiyada bir sıra təyinatların gerçəkləşdiyini qeyd edib.

Ölkədə həyata keçirilən islahatlar barədə fikirlərini bölüşən A.Abdulkərimov deyib ki, ilin əvvəlindən etibarən Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə “ağ inqilab” baş verir.

Gələn il fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər barədə danışan müsahibimiz AVP-nin bu prosesdən kənarda qalmadığını, böyük ehtimalla bu həftə ərzində namizədlərini elan edəcəyini vurğulayıb.

Arzuman Abdulkərimov deyib ki, seçkiyə hazır olmadıqlarını deyənlər gülüş obyektinə çevriliblər.

“Onlar xalqdan səs almayacaqlarını bildikləri üçün bəhanələr gətirirlər”, – deyən AVP sədrinin müavini əlavə edib ki, seçkidən fürsət kimi istifadə etməmək onların günahıdır.

Milli Məclisə seçkilərin vaxtından əvvəl keçirilməsinin səbəblərinə toxunan həmsöhbətimizin fikrincə, parlament prezidentin apardığı islahatlara adekvat olmalıdır:

“Parlament prezidentin apardığı islahatlarla ayaqlaşmalıdır”.

Bununla belə Arzuman Abdulkərimov hesab edir ki, buraxılan parlamentin üstünə çox getmək, bundan sui-istifadə etmək olmaz:

“Lakin bunu da demək lazımdır ki, buraxılan parlament üzvlərinin əksəriyyəti öz siyasi yüklərini daşıya bilməyib, öz siyasi öhdəliklərini yerinə yetirməyiblər. Xüsusilə xaricdəki “söyüş qrupu” fəallaşan zaman bəzi millət vəkilləri bu proseslərdən gizlənirdilər, halbuki öz rəhbərini müdafiə etmək onların siyasi öhdəliyidir”.

Yeni parlamentlə bağlı gözləntilərini bölüşən Arzuman Abdulkərimov sonda qeyd edib parlamentin dizaynı Azərbaycan seçicisinin düşüncəsinə uyğun tərtib olunacaq.


Müəllif: Səxavət Həmid