12 Dekabr 2019 17:50
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əhməd Davudoğlunun partiyası parlamentdə qurula bilsə, səslərin bölünməsi ilə AKP yerlərin əksəriyyətini itirə bilər. Bu halda Türkiyənin yenidən parlamentar sistemə qayıtması mümkündür. Həmin qüvvələr bu barədə niyyətlərini artıq bəyan edib”.

Politoloq Fərhad Mehdiyev belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Türkiyə və ABŞ prezidentlərinin görüşündən sonra ikitərəfli münasibətlər yumşalmış kimi görünürdü. Amma Konqresdə Türkiyəyə sanksiya layihəsi müzakirəyə çıxarılıb. Bu sanksiyanın tətbiq edilməsi və ya ABŞ-ın bu addımı qarşısında Türkiyənin Rusiyadan aldığı “S-400” sistemlərindən imtina ehtimalı nə qədər yüksəkdir?

- Sanksiyaların tətbiq olunması və Türkiyənin “S-400”-lərdən imtina etməməsi ehtimalı yüksəkdir. Bu sistemlərdən imtina yalnız dövlət başçısının dəyişməsindən sonra mümkün ola bilər, yaxın perspektivdə isə belə bir dəyişikliyin baş verməsi çox çətindir. Amma Davudoğlunun quracağı partiyaya parlamentdəki AKP üzvləri qoşulsa və bu da bölünməyə səbəb olsa, yəni AKP-nin səsləri bölünsə, yaxud Davudoğlunun partiyası səs çoxluğu toplasa, o zaman Türkiyədə erkən seçkilər gündəmə gələ bilər. Bu seçkilər “S-400” prosesinə əngəl yarada bilər, amma Türkiyə böyük ehtimalla bundan imtina etməyəcək, hətta raket kompleksinin müəyyən hissələri artıq Türkiyəyə gətirilib. Bunun qarşılığında da ABŞ Türkiyəyə sanksiya mexanizmini işə salacaq.

Amerikanın sanksiyaları təkcə “S-400”-lərlə bağlı deyil. Bu, eyni zamanda Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatlarla da bağlıdır. Amma Konqreslə müqayisədə Trampın xarici siyasətdə fərqli və müəyyən baxışları var. Bununla belə, Amerikanın xarici siyasətini təkcə prezidentlər təyin etmir, Konqresdəki lobbilər xarici siyasətə təsir imkanlarına malikdir. Uzun illərdir Amerikanın xarici siyasətində əsasən, qanunverici orqanın sözü keçir. Bu orqandakı lobbilərin – istər erməni, istər yəhudi, istərsə də digər lobbilərin hamısı anti-türk mövqeyindədir. Əvvəllər erməni lobbisi bir qayda olaraq, həmişə Türkiyəyə qarşı davranış sərgilədiyi halda, İsrail lobbisi bir qədər dəyişkən ola bilirdi. Amma Suriya əməliyyatlarından sonra İsrail lobbisi də Türkiyəyə dəstəyini dayandırıb. Digər yandan, Türkiyə ABŞ-ın hərbi sənayesinin istehsalı olan təyyarələri ala bilirdi, bu gün isə bundan imtina ediblər. Buna görə də Türkiyənin Amerikanın sanksiyaları ilə üzləşəcəyi bir həqiqətdir.

Heç kəsə sirr deyil ki, Amerika dövləti Ərdoğan hökuməti ilə elə də yaxşı yola getmir. ABŞ əslində Ərdoğan hökumətinin dəyişməsini istəyir. Çünki Ərdoğan hökuməti bəzi hallarda bölgədə Rusiyanın əlinə oynamışdı digər məsələlər də var. Əlbəttə, bu da Amerikada xoş qarşılanmır. Bu səbəbdən də, başa düşürlər ki, ölkədə iqtisadi vəziyyət pisləşdikcə, xalqın Ərdoğana olan rəğbəti azalacaq. Bu da Türkiyəyə sanksiya ehtimalını artıran amillərdən biridir.

- Bəs Rusiya ilə münasibətlər?

- Türkiyənin bu münasibətləri zəiflədəcəyini düşünmürəm. Yəni, Türkiyənin Rusiyadan aldığı hava hücumundan müdafiə sistemlərindən imtina edəcəyi ehtimalı çox azdır. Çünki Türkiyənin Suriyanın şimalında keçirdiyi hərbi əməliyyatlara Rusiyanın dəstəyinə ehtiyacı var. Proses bir müddət bu şəkildə davam edəcək. Ayrıca, ABŞ-ın dəstəyini itirən Türkiyənin başqa bir supergücün dəstəyinə ehtiyacı var və bu güc də Türkiyədir.

- Sanksiyalar tətbiq olunsa, bu, Türkiyəyə hansı təsirləri göstərəcək, daxildə gərginliyə yol aça bilərmi?

- Əlbəttə, bu sanksiyalar iqtisadi təsirlər göstərə bilər. Bu da müxalifətin Ərdoğan hökumətinə qarşı istifadə etməsi üçün əlavə bir vasitədir. Digər yandan, Türkiyədə hələ də proatlantik bloku güclüdür, siyasətin özündə də. Davudoğlu onların təmsilçilərindən biridir. Düzdür, Türkiyədə özünü anti-imperialist kimi qələmə verən bir blok da mövcuddur. Məsələn, CHP-nin özü proatlantik blok deyil. CHP bir sol cinah partiyasıdır, Amerikanı da həmişə dəstəkləmir, bununla belə hesab edir ki, Türkiyə Qərb dünyasının yanında qalmalıdır.

Bir də sosialistlər bloku var, HDP və Əmək Partiyasınl bu bloka aid etmək olar. Amma aralarında yaxınlıq və ya koalisiya yoxdur. Onlar da antiimperialist mövqedədir, bu da siyasətdə antiamerikanizm kimi başa düşülür. Yəni Amerikanın siyasəti Türkiyə müxalifəti tərəfindən həmişə o qədər də dəstək görmür. Amma dediyim kimi, Davudoğlu Qərbə yaxınlaşmağın tərəfdarıdır.

Hesab edirəm ki, Davudoğlu istədiyini planlaşdırsa, erkən seçki məsələsi gündəmə gələ bilər. Bundan sonra başqa bir partiya parlamentdə çoxluq əldə etsə, Türkiyənin xarici siyasətini dəyişdirə bilər.

- Xarici təzyiqlər, üstəgəl keçmiş nazirlər Əhməd Davudoğlu və Əli Babacanın siyasi partiya yaratmaq cəhdləri Prezident Ərdoğana nə vəd edir? Bu prosesin Ərdoğana müqavimət göstərə biləcək yeni siyasi fiqurun meydana çıxmasına şərait yarada bilərmi?

- Qeyd etmək lazımdır ki, indi ortaya çıxan siyasi fiqurlar Ərdoğan qədər xarizmatik deyil - nə Davudoğlunun, nə də başqa birinin. Amma bu, yenə də Ərdoğanın gücünü zəiflədəcək. AKP-dən Davudoğlunun partiyasına keçənlərin sayının ciddi sayda olacağı ehtimalı yüksəkdir, digər yandan AKP-yə səs verən seçicilərin bölünməsi baş verəcək.
Türkiyədə sol cinahın seçicisinin sağçıya səs verməsi çətin deyil, digər tərəfdən də sağ partiyaların seçicilərinin sola səs verməsi çətindir, yəni onlar qarşı cinahda olan partiyaya səs vermir. Digər yandan, sağçı mövqedə olanlar var. Məsələn, Təməl Karamollaoğlunun Səadət Partiyasının seçicisinin CHP-yə səs verməsi ehtimalı çox aşağıdır. Çünki onlar dindardır, onlara sağ cinahda bir partiya lazımdır ki, ona səs versinlər. Buna görə də Səadət Partiyasının seçiciləri ümumiyyətlə kimsəyə səs verməyə bilər.

Məsələn, Səadət Partiyası İstanbulda keçirilən son seçkilərdə öz namizədini irəli sürməsəydi, onun seçiciləri AKP-yə səs verəcəkdi. Bu baxımdan, onların CHP-nin namizədi İmamoğluna səs vermək ehtimalı az idi. Səadət Partiyası rəhbərliyi öz seçicisinin AKP-yə səs verməməsi üçün seçkiyə öz namizədi ilə çıxdı. Başqa sözlə, bir sağ partiyasının meydana çıxması, sağ cinahın seçicilərinin arasında səslərin bölünməsi demək olacaq.

Yəni, Davudoğlunun partiyası parlamentdə fraksiya bilsə, səslərin bölünməsi ilə AKP yerlərin əksəriyyətini itirə bilər. Bu halda Türkiyənin yenidən parlamentar sistemə qayıtması mümkündür. Həmin qüvvələr bu barədə niyyətlərini artıq bəyan edib.


Müəllif: Mənsur Rəğbətoğlu