12 Dekabr 2019 18:58
1 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Böyük Britaniya parlamentinin aşağı palatası olan İcmalar Palatasına bu gün keçirilən növbədənkənar seçkilərlə bağlı Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik:

– Zərdüşt bəy, Böyük Britaniya parlamentinin aşağı palatası olan İcmalar Palatasına bu gün keçirilən seçkilərdən hansı nəticələri gözləyirsiniz?

– Seçki nəticəsində Baş nazir Boris Consonun liderlik etdiyi Mühafizəkarlar Partiyasının nümayəndələrinin əksəriyyət təşkil edəcəyi yeni parlament formalaşacaq. Avropa İttifaqı ilə bundan əvvəl əldə edilmiş razılıq təsdiq ediləcək və İngiltərə “Breksit” arzusunu həyata keçirərək, ittifaqdan çıxacaq. Bundan sonra Avropa İttifaqı ilə münasibətləri yeni qaydalar əsasında quracaq. Avropa İttifaqı da ən böyük və ən sanballı üzvlərindən birini itirəcək. Məsələnin mahiyyətində bu dayanır. Boris Consonun mövqeyi güclənəcək, Leyboristlər Partiyasının mövqeyi zəifləyəcək. Hər halda mən deməzdim ki, ingilis xalqı bununla xoşbəxt olacaq. Sadəcə, suveren ölkədir, bu da onun qəbul etdiyi qərardır.

Qloballaşma prosesində Avropa İttifaqının üzvü olmaq istəmir. İstəyirlər ki, Avropa İttifaqından kənarda olsunlar. Bu onların demokratik qaydada səs verib qəbul etdiyi qərardır. İndi bu qərarı həyata keçirmək üçün parlamenti dəyişirlər. Avropa İttifaqı, NATO, Qərb-kapitalizm dünyası böhran içindədir. Bu o demək deyil ki, kapitalizm və dəbdəbələrdən kənarda olan dövlətlər xoşbəxtdirlər. Amma dünənədək bütün dünya üçün öz dəyərləri ilə birlikdə misilsiz, müsbət nümunə kimi təqdim edilən Avropa, ağıllı və qüdrətli hərbi birlik kimi təqdim edilən NATO, azad dünyanın lideri ABŞ və sair bu kimi bütün nağıllar geridə qalır. Onların puçluğu sübuta yetir. Yeni bir dünya formalaşır və bu dünyada hər bir dövlətin öz rolu olacaq. Bu rollar dəyişir, fərqlənir. Bəşəriyyət axtarışdadır. Vəssəlam.

– Yəni, hesab edirsiniz ki, indiki iqtidar qalib gələcək?
– Bəli, mən gözləyirəm ki, Boris Consonun başçılıq etdiyi Mühafizəkarlar Partiyası qalib gələcək.

– Bu seçkinin nəticələri Böyük Britaniyanın Avropa İttifaqından çıxması yolunda sonuncu əngəli də aradan qaldıracaqmı?
– Bundan əvvəl Avropa İttifaqı ölkələri Böyük Britaniya ilə Londonun qurumdan hansı şərtlərlə çıxacağına dair razılaşma əldə etmişdilər. Mövcud parlament həmin şərtləri qəbul etmədi, ona səs vermədi. Təzə parlamentdə mühafizəkarlar əksəriyyətdə olacaqlar və həmin razılaşmanı təsdiq edəcəklər. Beləliklə, yanvarın sonunadək Britaniya Avropa İttifaqından çıxacaq.

– Yəni, növbədənkənar seçkinin keçirilməsi “Breksit”lə birbaşa bağlıdır, düzdür?
– Bəli. Yalnız “Breksit”lə bağlıdır. Baş nazir Boris Consunun Avropa ölkələrinin rəhbərləri ilə birlikdə əldə etdiyi “Breksit” sövdələşməsi keçmiş parlament tərəfindən dəstəklənmirdi. Ona görə də məcbur qalıb növbədənkənar seçkilərə getdi. İndi bu növbədənkənar seçkilər nəticəsində belə güman edilir ki, Conson və onun partiyası yerlərin əksəriyyətini qazanacaq və sakitcə bu sövdələşməni təsdiq edib Britaniyanı Avropa İttifaqından çıxaracaq.

– “Breksit”in özünün baş tutması ingilislərin mühafizəkar bir xalq olmasından irəli gəlir, yoxsa başqa səbəblər var?
– Yox, bu, onların praqmatik xalq olmasından irəli gəlir. Onlar hesabladılar və gördülər ki, məsələn, Avropa dəyərləri kimi qəbul və təsdiq edilən, həyata keçirilən dəyərlər ingilis xalqına o qədər də əl vermir. Yəni, Avropanın açıqlığı, xüsusilə də miqrantların qəbulu üçün Avropaтжт qapılarını açması, insan haqlarını önə çəkməsi, ittifaqa xeyli sayda yeni dövlətlərin qəbul edilməsi, onlara əvəzsiz maddi yardım göstərilməsi və bu maddi yardımın bir hissəsinin hakim zümrələr tərəfindən əvəzsiz olaraq oğurlanması Britaniyanı sevindirmirdi. Britaniya yaxşı anladı ki, Avropa İttifaqı ilə onu bağlayan tellər o qədər də möhkəm və əhəmiyyətli deyil. Ona görə də qərara aldı ki, çıxsın.

Britaniya tarix boyu, yəni yüz illərlə Avropa ilə müəyyən ehtiram məsafəsi saxlayan dövlət olub. Bəzən Avropa ölkələri ilə müharibələr edib. Hər halda heç vaxt Avropanın bir hissəsi sayılmayıb. Britaniya öz-özlüyündə bir siyasi oyunçu kimi əsrlərlə müstəqil olub. Böyük imperiyası dağılandan sonra əvvəlki əzəməti, həşəməti itdi. Gəlib Avropa İttifaqına qoşuldu. Sonra başa düşdü ki, yox, Avropa İttifaqı da ona yaramır və çıxdı. Burda böyük bir faciə yoxdur. Bu xalq öz tarixi rolunu axtarır.

– Zərdüşt bəy, “ehtiram məsafəsi” ifadəsi özündə nələri ehtiva edir?
– Bir insanla həddən artıq yaxın olsan da, onun hörmətini saxlayırsan ki, o sənin işlərinə qarışmasın, sən də onun işlərinə qarışmayasan. Bu, ehtiram məsafəsi adlanır. Dövlətlərarsı münasibətlərdə də bu qayda mövcuddur. Britaniya Avropa ilə həmişə bu ehtiram məsafəsini saxlayırdı, indi isə qərara aldı ki, bu ehtiram məsafəsini yenə saxlamaq lazımdır.

Britaniya və Avropa yaxın müttəfiq, ticari tərəfdaşlar olaraq qalacaqlar. Bir-birləri üçün iqtisadi, mədəni və hərbi sahələrdə böyük əhəmiyyət kəsb edirlər. Amma Avropa İttifaqındakı əvvəlki inteqrasiya Britaniyanı qane etmirdi.


Müəllif: Səxavət Həmid