13 Dekabr 2019 14:50
2 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qondarma erməni soyqırımı məsələsi uzun illərdir ABŞ Senatında müzakirə olunurdu. Sadəcə olaraq, ABŞ-Türkiyə münasibətlərini risk qarşısında qoymamaq üçün erməni lobbisinin cəhdlərinin qarşısı alınırdı”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Ekspertin fikrincə, ABŞ bura qədər siyasi-iqtisadi maraqları digər məsələlərdən daha üstün tuturdu:

“Əlbəttə, ABŞ Senatının indiki məqamda bu layihəni qəbul etməsinin bir sıra səbəbləri var. Bunlardan biri də Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alması ilə bağlıdır. Vaxtilə Barak Obama administrasiyası Türkiyəyə “Patriot” sistemləri satmaqdan imtina etdi, Konqresin də Obamanın bu qərarına dəstəyi vardı. Nəticədə Türkiyə öz təhlükəsizliyini təmin etmək məqsədilə Rusiyadan “S-400” sistemləri almağa məcbur oldu. Üstəgəl, bu fonda baş verən Türkiyə-Rusiya yaxınlaşması ABŞ-da etiraz yaratdı. Bu baxımdan da qondarma soyqırımı layihəsinin qəbul ediləcəyi gözlənilən idi.

Məlumdur ki, erməni lobbisi ABŞ siyasətinə böyük təsir rıçaqlarına malikdir, bundan da çox məharətlə istifadə edir. Amma Tramp administrasiyası bundan əvvəl Konqresin Nümayəndələr Palatasının belə bir qərarına etiraz etmişdi, buna baxmayaraq, Senat sözügedən layihəni təsdiqlədi. Çünki Türkiyə Rusiyadan hava hücumundan müdafiə sistemləri almağa davam edəcəyini növbəti dəfə təkrarladı”.

Ramiyə Məmmədova xarici təzyiqlərə baxmayaraq, Rusiya-Türkiyə münasibətlərində yaxınlaşma prosesinin davam etdiyini bildirib:

“Bu yaxınlaşma, hərbi-texniki sahə ilə yanaşı, özünü Suriya məsələsində də göstərir. Bu məsələ yaxın günlərdə baş tutan növbəti Ərdoğan-Putin telefon görüşündə də müzakirə olundu. Bundan sonra Senat qərara gəldi ki, bu məsələni tezləşdirsinlər, nəticədə qondarma soyqırımı tanındı.

ABŞ getdikcə Türkiyəni itirir. Əlbəttə, Amerika bunu başa düşür. Rusiya isə yararlanmış fürsətdən istifadə edərək, Türkiyəni NATO-dan uzaqlaşdırmağa çalışır. Amerika da bunu bildiyi üçün Türkiyəyə təzyiqlər etməyə başlayıb. Qondarma soyqırımının tanınması da, Türkiyəni cəzalandırma tədbirlərindən biridir. Bundan sonra tərəflər arasındakı gərginliyin davam edəcəyi gözləniləndir.

Artıq Türkiyə də ABŞ-ın addımlarına cavab verməyə başlayıb. Əlbəttə, bunda Türkiyənin də günahı var. Çünki Türkiyənin Amerikadakı lobbi fəaliyyəti olduqca zəifdir, demək olar diaspor fəaliyyəti də yoxdur. Bu da onun nəticəsidir ki, Senat qondarma soyqırımını tanıdı”.

Ekspert qeyd edib ki, qondarma soyqırımının qəbul edilməsi təkcə ABŞ-Türkiyə münasibətlərinə yox, Azərbaycan-ABŞ münasibətlərinə də mənfi təsir göstərə bilər:

“Çünki Senatın haqlarını müdafiə etdiyi ermənilər Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib və ərazilərimizi işğal edib. Bu baxımdan, Senatın bu qərarı həm də Azərbaycana qarşı olan münasibətdir. Buna görə də Azərbaycan və Türkiyə lobbi və diaspor fəaliyyətində daha aktiv olmalıdır ki, gələcəkdə bu kimi hallar yaşanmasın”.


Müəllif: Mənsur Rəğbətoğlu