13 Dekabr 2019 19:57
884

Saxta erməni soyqırımı haqda qərar layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasından keçdikdən sonra Senat tərəfindən də qəbul edilib. Bu o deməkdir ki, Konqres saxta erməni soyqırımını hüquqi olmasa da, siyasi anlamda qəbul edir.

Senatın bu addımının az qala 100 illik formalaşan Türkiyə-ABŞ müttəfiqlik münasibətlərinə hansı təsirlərinin olacağını politoloq Toğrul İsmayılla müzakirə etdik.

Teleqraf.com müsahibəni təqdim edir:

- Toğrul bəy, saxta erməni soyqırımı haqda qərar layihəsinin ABŞ Senatından da keçməsini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, son illər Türkiyə-ABŞ və Türkiyə-İsrail münasibətlərinin gərginliyi göstərirdi ki, son anda belə bir qərar qəbul oluna bilər. Əslində indiyə qədər ABŞ Konqresində belə bir qərarın qəbul edilməsinin qarşısında duran əsas məneə yəhudi lobbisi idi. Lakin son illər İsraillə yaşayan problemlər ABŞ-dakı yəhudi lobbisinə müəyyən mənada təsir göstərib. Bu səbəbdən də Konqresin aşağı və yuxarı palatasında “erməni soyqırımı” layihəsi keçdi.

- Konqresin saxta soyqırımı haqda qərar layihəsini qəbul etməsinin hansı təsirləri olacaq?

- Əslində belə qərarlar Türkiyə Cümhuriyyətini harasa bağlamır, öhdəlik yaratmır. Bu kimi qərarlar ölkə daxilində, parlamentdə qəbul olunarsa, bu halda onun konkret nəticələri ola bilər.

ABŞ isə super dövlətdir və onun atdığı addımlar sadəcə olaraq, sonrakı hərəkətlərə təkan verə bilər. Amma bu qərarın arxasında hüquqi deyil, siyasi motivlər dayanır. Uzun illər soyqırımı kimi məsələlərin hüquqi tərəflərini incələmədən, beynəlxalq normaları gözləmədən belə qərarlar verirlər. Bu da doğru deyil. Çünki belə hallarda ciddi məsələlər siyasətin aləti olar. Sizə bildirim ki, vaxtilə Miloşeviçi dəstəkləyən avstryalı yazıçıya Nobel mükafatı verilib. Yəni serblərin soyqırımını inkar edən yazara Nobel mükafatı veriblər. Bu şəkildə dünyanın hara getdiyi açıq görünür. Bir sözlə, Konqresin verdiyi qərar siyasi qərardır və belə qərarlar daha çox xarici təzyiq mexanizmini özündə əks etdirir, onun hüquqla yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu cür qərarlar Türkiyə dövlətini harasa bağlamaz.

- Bu qərardan sonra erməni tərəfi Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edə bilərmi?

- Xeyr! Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək üçün ABŞ Konqresinin bu tipli qərarlarına ehtiyac yoxdur. Əgər qarşı tərəf iddiasında ciddidirsə, bunu sübut edəcək fakt və dəlillərə malikdirsə, istənilən halda məhkəməyə müraciət edə bilər. Amma Konqresin məlum qərarı siyasi yanaşmadır. Əgər bunun təsiri və təzyiqi altında hansısa hüquqi qərar qəbul edilərsə, bu, açıq şəkildə beynəlxalq hüquqa müdaxilə olar. Bir daha vurğulayıram ki, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək üçün məxsusi olaraq Konqresin qərarına və bu qərarı gözləməyə əsla zərurət yoxdur.

İkincisi, Türkiyə Respublikası Lozanna razılaşması nəticəsində yaranıb və qəbul edilib. Həmin razılaşma və konfransda saxta soyqırımı ilə bağlı hər hansı bir qərar olmayıb.

Üçüncüsü, soyqırımını önləmək haqda anlaşma 1948-ci ildə BMT-də qəbul edilib. Bu faşist Almaniyasının yəhudilərə soyqırımı həyata keçirməsi ilə bağlı Nürnberq məhkəməsindən sonra baş vermişdi. Bu mənada Nürnberq məhkəmə prosesini unutmamaq lazımdır. Ən vacibi soyqırımının qarşısını almaq razılaşmasında dövlətlərin günahlandırılması məsələsi yoxdur. Burada yalnız dövlət rəhbərliyində, vəzifələrdə oturan şəxslərin məhkəməyə cəlb olunaraq cəzalandırılması tələbi mövcuddur. Əfsuslar olsun ki, indi biz müzakirə etdiyimiz mövzuda sistematik olaraq türklər və türk dövləti günahlandırılır. Bu da beynəlxalq hüquqa və insan haqlarına zidd davranışdır. Bu mənada Konqresin bu addımı yalnız Türkiyəyə qarşı siyasi təzyiq vasitəsidir.

- Əgər söhbət siyasi təzyiq vasitəsindən gedirsə, bu qərar artıq qəbul edildi, yəni məntiqi sonluğuna çatdı. Bundan sonra nə olacaq?

- Bu hadisə ABŞ-ın Türkiyə dövləti üzərində təzyiqinin göstəricisidir. Bundan sonra onsuz da gərgin olan Amerika-Türkiyə münasibətləri elə gərginliyə çıxan yolla da davam edəcək. Buna qədər də münasibətlərdə ziddiyyət, qarşılıqlı ittihamlar müşayiət olunurdu. Amma bu qərardan sonra ABŞ ilə Türkiyə arasında strateji iş birliyindən danışmaq nağıldır. Və bunu Amerika özü istəyərək, ortaya qoyub.

- Konqresin Nümayəndələr Palatasından və Senatdan keçən saxta erməni soyqırımı haqda qərar layihəsini Prezident Donald Tramp təsdiq etməli və imzalamalıdır?

- Prosedur qaydalara görə, prezident bunu təsdiq etməlidir.

- Təsdiq etməsə, necə olacaq?

- Bizim üçün məsələnin bu tərəfi əhəmiyyətli deyil. Təsdiq etsə nə olacaq, etməsə nə olacaq? Vacib olanı işin icrasının gerçəkləşməsidir. Türkiyə Prezidenti Ərdoğanla ABŞ Prezidenti Tramp görüşdü, bundan sonra saxta soyqırımı məsələsinin Senatda gündəliyə gətirilməsinin qarşısı alındı. Və bu bazarlıq mərhələsi idi. Bazarlıqda heç nə alınmadığı üçün təkrar bu amildən təzyiq vasitəsi kimi istifadə etməyə başlanıldı. İndi Türkiyə daha açıq və net şəkildə öz siyasətini qurmalı, anlamalıdır ki, gerçəklik budur və bunların üzərindən hərəkət olunmalıdır.

- Siz hesab edirsiniz ki, artıq ABŞ və Türkiyənin starteji müttəfiqlik münasibətləri sona çatıb?

- Əməkdaşlıq, iş birliyi davam edər, amma “strateji müttəfiqlik” kimi ifadə artıq xəyaldır, boş söhbətdir. Sözsüz ki, bu iki ölkə arasında əməkdaşlıq, iş birliyi davam edəcək. Vaxtilə Rusiya da saxta soyqırımı tanıyıb, özü də 23 dəfə tanıyıb. Əlaqəsi olmayan Polşa saxta soyqırımı tanıdı. Ancaq Türkiyənin Rusiya və Polşa ilə münasibətləri davam edir. Eləcə də Avropa Birliyində təmsil olunan bir çox ölkələr də bunu tanıyıb və hansı mövqe sərgilədiklərini də görürsüz. Amma buna rəğmən, həmin ölkələrlə iş birliyi davam edir. Anlamaq lazımdır ki, günümüzdə dövlətlər bu amildən təzyiq mexanizmi kimi istifadə edir. Daha bunun tarixi gerçəkliyi, insan haqları, həqiqətlər və zülmə qarşı dirənişlə heç bir əlaqəsi yoxdur. Bu açıq formada siyasi təzyiq vasitəsidir ki, ortaya qoyulub.

- Bundan sonra Türkiyə hansı addımlar atacaq və ya atmalıdır?

- Sözsüz ki, Türkiyə adekvat addımlar atacaq. Amma mən düşünmürəm ki, çox dərin addımlar olacaq. Çünki artıq Türkiyə belə şeylərə alışıb. Yəni Türkiyədən əvvəlki kimi reaksiyalar da yoxdur. Siyasətçilər, rəsmilər danışırlar, bəyanatlar verirlər. Amma insanlar anlayır ki, nə deməyin, həqiqəti anlatmağın xeyri yoxdur. Qərb dövlətlərinin qarşısına qoyduğu bir məqsəd var və bu məqsədi həyata keçirmək istəyi var. Bu da Türkiyənin haqlarını bütün formalarda pozmaq, onu zəiflətmək. Bu qədər sadədir.

Qənaətimcə, Türkiyə bir sıra alternativ addımlar ata bilər. Məsələn, İncirlik və ya Kürəcik mərkəzlərini ABŞ-ın üzünə bağlaya bilər. Yeri gəldikdə digər qrup addımları atmaq olar. Amma münasibətlərin tamamilə kəsilməsi müzakirə mövzusu ola bilməz. Eyni zamanda “strateji müttəfiqlik” ifadəsini bundan sonra istifadə etməyə ehtiyac yoxdur. Çünki strateji müttəfiqlər belə qalmaqallı qərarlar qəbul etmir.


Müəllif: Cavad