13 Dekabr 2019 17:16
437

Hər dəfə Azərbaycanın taleyi üçün önəmli qərarlar veriləndə, xüsusilə seçkilər ərəfəsində xaricdə, ələxsus da Rusiyada yaşayan, siyasətə heç bir aidiyyəti olmayan şəxs və ya şəxslərin hansısa formada ölkəmizin daxili işlərinə “müdaxilə” cəhdlərini müşahidə edirik.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun gələn il Azərbaycanda keçiriləcək növbədənkənar seçkilərlə bağlı səsləndirdiyi iddialarla bağlı danışarkən deyib. O, budəfəki “müdaxilə” cəhdinin daha absurd və gülməli simadan gəldiyini bildirib:

“Çünki Fərhad Əhmədovun, ümumiyyətlə, Azərbaycan siyasəti və ictimai həyatı ilə yaxından-uzaqdan heç bir bağlılığı yoxdur. Hətta biz Rusiyadakı diasporumuzda belə Fərhad Əhmədovun iştirakını müşahidə etməmişik. Onu yalnız şəxsi zəmində qalmaqalları ilə gündəmə gələn bir milyarder kimi tanıyırıq.

Xaricdə yaşayan xeyli sayda azərbaycanlı milyarderlər var və onlar Azərbaycanın ictimai həyatında bu və ya digər formada rol oynayırlar. Onlar öz nüfuzlarından, imkanlarından bəzi hallarda vətəndaşlarımız üçün istifadə edirlər, diaspor fəaliyyəti göstərirlər, ölkəmizə əllərindən gələn yardımı etməyə çalışırlar, onlara bu və ya digər formada müraciət edən xaricdəki soydaşlarımıza qayğıları ilə xoş təəssürat oyadırlar. Fərhad Əhmədovun isə bunların heç birinə aidiyyəti yoxdur. Ümumiyyətlə, onun sosial-ictimai işlərdə varlığı ilə yoxluğu bilinmir, nəinki siyasətdə. Heç Rusiya siyasi həyatında da Fərhad Əhmədov adlı şəxs yoxdur. Məhz belə bir şəxsin indi birdən-birə, gözlənilmədən Azərbaycanda keçiriləcək seçki ilə bağlı bir məqalə yazması çox qəribə və təəccüblüdür. Daha qəribəsi isə odur ki, o, qələmə aldığı və ya aldırdığı bir neçə cümləlik “məqaləsi”ndə səsləndirdiyi fikirləri “yol xəritəsi” olaraq təqdim etməyə cəhd göstərir. Görəsən, o özü ümumiyyətlə, “yol xəritəsi”nin nə demək olduğunu anlayırmı?”

A.Camalqızının sözlərinə görə, F.Əhmədov səviyyəsi ən yaxşı halda Azərbaycanda hansısa bir tenderdə iştirak edib, biznes-plan təqdim etmək səviyyəsində ola bilər:

“Yəni onun təfəkkürü yalnız bura qədərdir. F.Əhmədovun Azərbaycanda hər hansı siyasi proseslərlə bağlı bu qədər primitiv formada “yol xəritəsi” təqdim etməyə cəhd göstərməsi bunu deməyə əsas verir ki, o, buna məcbur edilib. Mənim üçün maraqlı olan əsas məqam da onu bu işlərə - guya “yol xəritəsi”ni yazmağa məcbur edən səbəb və yaxud da şəxslərdir. Bu, bir daha Azərbaycanda struktur və kadr islahatları, böyük siyasi dəyişiklik gedən ərəfədə, məxsusən seçkilər zamanı “kənar müdaxilə cəhdləri”nin aktuallığını gündəmə gətirir. Çox təəssüf ki, bunlar hələ görünən işartılardır. Bunun digər işartısı Milli Şura və onların boykot cəhdidir. Biz hələ bilmirik ki, Fərhad Əhmədovun bu cür gözlənilmədən, özünə aid olmayan, qeyri-peşəkar və primitiv “məqalə”yə məcbur edənlərin əsl niyyəti nədir və onlara ölkə daxilindən kimlər dəstək verir”.

Politoloq bütün bunlarla bağlı Azərbaycan hakimiyyətinin qabaqlayıcı tədbirlər görəcəyinə şübhə etmədiyini söyləyib:

“Hesab edirəm ki, bunu Azərbaycan hakimiyyəti nəzərə alır, bunlarla bağlı qabaqlayıcı tədbirlər və ölçülər götürüləcək və yaxud əslində ölçülər götürülüb. Məncə, parlament seçkilərinin vaxtının qabağa çəkilməsi və müzakirələrin dərhal ardından seçkilərə start verilməsinin bir səbəbi də bu cür “müdaxilə planlarını” hazırlıqsız yaxalamaq idi. Diqqət edirsinizsə, F.Əhmədovun yazısı da tez-tələsik, başdansovdu hazırlanmış cızma-qaradan o tərəfə keçmir. Görünür, F.Əhmədovun timsalında özlərini kölgədə saxlayan şəxslər 2020-ci ilin payızına hazırlaşırmışlar. Amma niyyətləri gözlərində qalıb”.

Politoloq qeyd edib ki, Azərbaycanda seçkilərə bu cür müdaxilə cəhdləri nə ilk, nə də sonuncudur:

“Yaxın tariximiz göstərir ki, Azərbaycan hakimiyyəti bu müdaxilə cəhdlərinin reallaşmasına heç bir şans tanımayıb”.


Müəllif: Teleqraf.com