13 Dekabr 2019 21:06
412

ABŞ Senatının qondarma “erməni qoyqırımı” qətnamə layihəsi qərəzli və məqsədli şəkildə qəbul olunub. Bu qərar Türkiyənin ABŞ-ın diktəsi ilə yaşaması, idarə olunması üçün təzyiq göstərmək məqsədi daşıyır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında deputat Elman Məmmədov ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsini qəbul etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Türkiyə böyük, güclü və qürurlu dövlətdir, bu qərar belə onun idarəçiliyinə təsir etməyəcək, Vaşinqtona boyun əyməyəcək: “Türkiyə fəxrlə deyiləcək dövlətçilik ənənələrinə sadiq dövlətdir, heç kimin iradəsi ilə oturub-durmayacaq”.

Elman Məmmədov qeyd edib ki, tarixdə ilk dəfə hələ XX əsrin əvvəllərində ABŞ erməni məsələsini gündəmə gətirib: “Bu, məlum həqiqətdir. Erməni pulu ilə danışan, erməni yalına hürən senator Menendezin danışığına baxırdım, aparıcı deyirdi ki, hətta bu senator göz yaşlarını saxlaya bilmədi.

Yalançı göz yaşı idi, göz yaşı tökənsənsə, tarixi yada sal, ulu babalarınız 250-300 il qabaq Avropadan gedib Amerikanın yerli əhalisinə qarşı kütləvi qırğınlar, qətliamlar, soyqırımılar törədib orada yerləşiblər. Bu gün siz Amerikanın rəhbərlərisiniz, tarixin ilk soyqırımlarını sizin babalarınız törədiblər, məhv elədiyiniz yerli amerikan əhaliyə göz yaşı axıdın. XX əsrin ortalarında kütləvi şəkildə qırdığınız vyetnamlıları, xaraba qoyduğunuz Əfqanıstanı, İraqı, yadınıza salın.

XX əsrin sonunda mənim kimi şahidləri hələ sağ olan Xocalı soyqırımını xatırlayın, göz yaşı axıdın. Xocalı soyqırımının bütün çəkilişləri, şahidləri sağdır. Bunu niyə qəbul etmirsiniz, nəzər salmırsınız? Bu gün Şərq dünyasında törətdiyiniz qırğınları, axıdılan qanları xatırlayın. Demokratiya, insan hüquq və haqlarından tamamilə uzaq qərardır. Həqiqi soyqırımı ermənilər özləri türklərə qarşı törədiblər. Qardaş Türkiyə həm türk xalqı, həm də bu dövlətin rəhbərləri keçən əsrdə Türkiyədə yaşayan ermənilərin əl altından xarici qüvvələrlə əlaqəyə girib erməni dövləti yaratmaq üçün Türkiyə dövlətinin başına gətirilənləri yada salsınlar.

Bu gün Türkiyədə yaşayan ermənilərin gizli şəkildə hansı fəaliyyətlə məşğul olduğu məlumdur, fürsət düşən kimi XX əsrin əvvəllərindəkitək həmin hərəkətləri edəcəklər. Qardaş Türkiyədə orada ermənilər haqda ciddi düşünməlidirlər”.


Müəllif: Nərgiz