Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. İl ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər edib. Bizim ikitərəfli əlaqələrimiz böyük dərəcədə genişlənib, çoxtərəfli formatda uğurla əməkdaşlıq edirik, ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev ölkəmizdə keçirilən beynəlxalq tədbirlər arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünü qeyd edib. Dövlətimizin başçısı bildirib ki, bu Zirvə görüşü nəticəsində Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməyə başlayıb.
“Qoşulmama Hərəkatının Zirvə görüşü Azərbaycanda keçirilmişdir və 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bu böyük təsisata 3 il ərzində sədrlik edəcəkdir. Bu, bizə göstərilən böyük etimaddır. Bu, onu göstərir ki, dünya birliyinin böyük əksəriyyəti Azərbaycanı dəstəkləyir və bizə böyük hörmətlə yanaşır”, - deyə Prezident İlham Əliyev bildirib.
Prezident vurğulayıb ki, bu il Bakıda keçirilmiş Dünya Dini Liderlərinin Zirvə görüşündə 70 ölkədən gəlmiş dini liderlər Azərbaycanda gedən proseslərə çox müsbət qiymət veriblər. Azərbaycan multikultural, öz ənənələrinə, milli, dini dəyərlərinə sadiq ölkə kimi özünü bu Zirvə görüşündə təqdim edib.