Özbəkistanda Müstəqil Dövlətlər Birliyinə üzvü ölkələrin qazandığı uğurlardan bəhs edən silsilə sənədli filmlər çəkiləcək.
Teleqraf.com xəbər verir ki, bu haqda “Özbəkkino”nun baş direktoru Firdavs Abduxalikov mətbuata açıqlamasında bildirib.
O deyib ki, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevlə Daşkənddə keçirilən görüşündə bu məsələlər geniş müzakirə olunub. F.Abduxalikov vurğulayıb ki, filmlərdə 2020-ci ildə Özbəkistanla MDB dövlətləri arasında əməkdaşlıqdan da bəhs olunacaq və bu ekran əsərləri Birlik ölkələrinin dövlət kanallarında nümayiş etdiriləcək.
O deyib ki, MDB Dövlət başçılarının Daşkənddə keçiriləcək Sammitində nümayiş etdiriləcək on dəqiqəlik sənədli film də çəkiləcək.