“İranlı general Qasım Süleymaninin öldürülməsi İran və ABŞ arasındakı gərginliyi pik həddə qaldırıb”.
Bunu Teleqraf.com-a politoloq Ramiyə Məmmədova deyib.
Ekspert iranlı hərbçinin həlak olması ilə yadda qalan olaydan sonra bölgədə baş verən proseslərə diqqət çəkib:
“Artıq İraq parlamenti ABŞ hərbi qüvvələrinin ölkə ərazilərindən çıxarılmasına qərar verib. Bağdad İraqın xarici qüvvələrin poliqonuna çevrilməsini istəmir, onsuz da çətin olan vəziyyətdən az zərərlə çıxmaq niyyətindədir. Qasım Süleymaninin öldürülməsi isə İraqla yanaşı, Yaxın Şərqdəki qarışıq situasiyanı bir qədər də qarışdırdı. Bölgə dövlətlərinin hansı gözlənilməz situasiya ilə üz-üzə qalacağı naməlumdur.
ABŞ və İran bir-birini açıq formada hədələyir. İranda Prezident Donald Trampın başına 80 milyon dollar mükafatın qoyulması münasibətləri tamamilə fərqli məcraya yönəltdi. Bura Qasım Süleymaninin öldürülməsi də daxildir. ABŞ həmin generalı bölgədə terrorizmə dəstək verməkdə ittiham edirdi. Başqa sözlə, baş verənlər ABŞ və İran münasibətlərini demək olar ki qırdı”.
Ramiyə Məmmədova Qasım Süleymani sui-qəsdi ilə bağlı İranın İsrailə qarşı irəli sürdüyü ittihamlara da diqqət çəkib:
“İran Süleymaninin İsrailin sifarişi ilə qətlə yetirildiyinə inanır. Belə ki, Yaxın Şərqin kabusuna çevrilən bu adam ABŞ və İsrailin bir sıra planlarını pozmağı bacarmışdı. Bu baxımdan, onun ölümü bölgədən çıxmasının vacib olduğu yöndə İrana verilən mesaj idi. Lakin bundan istifadə edən İran öz nüvə proqramını bir qədər də genişləndirməyə cəhd edəcək.
Hesab edirəm ki, hazırkı situasiyada bölgədə müharibə ab-havası yaransa da, bu qaşıdurma İran ərazilərində baş verməyəcək. Bu, başqa bir dövlətin ərazisində gedə bilər. Əlbəttə, belə bir vəziyyət bölgə dövlətləri və İranın qonşuları üçün böyük risk deməkdir”.