Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfərə başlamadan bir gün əvvəl Suriyaya gedərək bu öllkənin prezidenti Bəşər Əsədlə görüşdü. Ayrıca prezidentlər hər iki ölkənin hərbi qüvvələrinin birgə iclasında da iştirak ediblər. Putin özünü qalib hiss edir. Həqiqətən Putin bir neçə il Əsədə hərbi dəsətk verməsəydi, bu gün Bəşər Əsəd və onun ailə hakimiyyətindən əsər-əlamət qalmayacaqdı. Bəs Putinin Türkiyədən bir gün əvvəl Suriyaya səfər etməsinin mənası nədir?
Siyasi ekspert Elxan Şahinoğlunun sözlərinə görə, bununla Putin Ankaraya iki mesaj göndərmiş oldu: "Putin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla yanvarın 8-də “Türk axını” layihəsinin açılışında iştirak edəcək. Bu layihə Rusiya üçün vacibdir. Ancaq Putin Ərdoğandan bir gün əvvəl Türkiyə Cumhurbaşqanının düşməni ilə görüşməklə həmkarına demək istəyir ki, Suriyada Bəşər Əsəd reallığı var və bu amillə hesablaşmaq lazımdır. Məsələ burasındadır ki, Ərdoğan Əsədi dəftərdən silib, Putin isə türkiyəli həmkarına demək istəyir ki, Suriya prezidentinin ismini yenidən dəftərə yazmaq lazımdır. Putinin Ərdoğandan bir gün əvvəl Əsədlə görüşünün bir başqa mənası da var. Putin Ərdoğana demək istəyir ki, Rusiya ilə Suriyanın hərbi qüvvələrini İdlib şəhərini ələ keçirmək planından vaz keçməyəcəklər".
Ekspert hesab edir ki, Ərdoğan həm Əsəd hakimiyyətinin möhkəmlənməsi, həm də İdlibin təmizlənməsi amili ilə üz-üzədir:
"Türkiyə ilə Rusiya arasındakı münasibətlərdə başqa problem də üzə çıxıb: Liviya. Türkiyə Liviyanın Tirpolidəki mərkəzi hökumətinə, Putin isə müxalif general Xaftara dəstək verir. Ərdoğan və Putin bu mövzunu da müzakirə edəcəklər. Putin Suriyada olsduğu kimi Liviyada da qələbə qazanmaq istəyir. Türkiyə Tripoliyə hərbçilərini göndərməyə hazırlaşarkən, general Xaftar Liviyada daha bir strateji şəhəri ələ keçirib. Başqa sözlə Putin Ərdoğanla görüşə əli güclü şəkildə gedir".