Yanvarın 11-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, müşavirədə Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini, bütün sahələr üzrə mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb.
Əli Əhmədov bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə müasir dövrün çağırışları ilə səsləşən islahatlar həyata keçirilir və xalqımız, cəmiyyətimiz bu islahatları dəstəkləyir.
Hazırda ölkəmizin mühüm siyasi hadisə ərəfəsində olduğunu deyən YAP Sədrinin müavini fevralın 9-da Azərbaycanda parlament seçkilərinin keçiriləcəyini qeyd edib. Onun sözlərinə görə, böyük seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyası bu seçkilərə ciddi şəkildə hazırlaşıb.
Müşavirədə parlament seçkiləri kampaniyası ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.